Logo

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin yekun tədbiri keçirilib

07.11.2024 11:28 197 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında cari ildə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin təntənəli yekun tədbiri baş tutub.

Nazirlikdən Tehsil.biz-ə bildirilib ki, tədbirin sərgi hissəsində müsabiqə iştirakçılarının hazırladıqları rəsm və əl işləri ilə tanışlıq olub.

Bədii hissədə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi, ümumilikdə 300-dən çox məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

Festival-müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində qazanılan Zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.

Layihədə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və uşaq incəsənət məktəbləri istisna olmaqla) istedadlı şagirdləri üç yaş qrupunda (6-10 yaş, 11-14 yaş və 15-17 yaş) iştirak ediblər. Dörd istiqamət üzrə keçirilən festival-müsabiqə çərçivəsində incəsənətin və yaradıcılığın müxtəlif janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə məşğul olan istedadlı uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.

Festival-müsabiqə 3 mərhələdə (rayon (şəhər), zona, final) keçirilib.

Zona mərhələsində I yeri tutan iştirakçılar oktyabrın 15-də Bakıda keçirilmiş final mərhələsinə qatılıblar. Münsiflər heyəti finalçılar arasından 116 nəfəri I yerə, 94 nəfəri II yerə, 84 nəfəri isə 3-cü yerə layiq görüblər.

Xəbər lenti