Logo

ADPU-da “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimatı keçirilib

10.11.2024 16:17 116 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə COP29 münasibətilə “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid” kitabının təqdimatı keçirilib. Təqdimat çərçivəsində kitabın müəllifləri - Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov və AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva universitetin qonağı olublar.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları universitetdə yaradılmış infrastrukturla tanış edib, qonaqlar Kimya və biologiya fakültəsində yaradılmış Y.Məmmədəliyev adına auditoriyada olublar.

Təqdimat mərasimində çıxış edən rektor Cəfər Cəfərov bu il ölkəmizdə keçiriləcək COP29 konfransının əhəmiyyətindən, bu istiqamətdə aparılan işlərdən, həmçinin ekoloji maarifləndirmə tədbirlərinin vacibliyindən söz açıb. Rektor təqdim olunan kitabın əhatə etdiyi mövzu və istiqamətlərin günün qlobal ekoloji problemlərinin araşdırılması və həlli kontekstində vacibliyini vurğulayıb, tədris prosesində də bu kitabdan dərs vəsaiti kimi istifadə olunmasının zəruriliyini qeyd edib.

Kitabın müəlliflərindən Nizami Məmmədov əsərin əhatə etdiyi məsələlər haqqında geniş məlumat verib, bəşəriyyətin ekoloji təhlükəsiz inkişafa keçid yolunda olduğunu və energetika sahəsində yaşıl inqilabın reallaşdırılmasının ekoloji sivilizasiyanın formalaşmasında mühüm nəticələr verəcəyini qeyd edib.

ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva COP29 tədbirlərinin əhəmiyyətini vurğulayaraq, qlobal ekoloji problemlərin həllində bərpaolunan və yaşıl enerji layihələrinin Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı olduğunu bildirib.

Qeyd edək ki, “Ekoloji sivilizasiyanın astanasında: Yaşıl enerjiyə keçid” əsəri Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.

Xəbər lenti