Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova "Synergia Academy"nin rəhbəri Rəna Əfəndiyeva, şirkətin təlimlər üzrə məsləhətçiləri Əhəd Kazımov və Aytən Cəbrayılova ilə görüşüb.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, "Synergia Academy"nin təşəbbüsü ilə AzMİU-da keçirilən görüşdə tərəflər universitetin tələbələrinin və məzunlarının peşəkar inkişafını dəstəkləmək məqsədilə bir sıra önəmli məsələləri gündəmə gətiriblər. Xüsusilə, məzunların daha uğurlu karyera qurması üçün yumşaq bacarıqlar üzrə təlimlərin təşkili, habelə bəzi tələbələrə təqaüd verən sənaye müəssisələri ilə universitet arasında əlaqələrin yaradılması məsələləri geniş müzakirə olunub.
Təklif olunan əməkdaşlıq çərçivəsində tələbələrin iş dünyasına hazırlığını gücləndirəcək və onların peşəkar bacarıqlarını artıracaq birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin təlim proqramlarının hazırlanmasında və tələbələrin daha geniş imkanlarla təmin edilməsində qabaqcıl təcrübədən faydalanılması nəzərdə tutulur.
Görüşün sonunda AzMİU ilə "Synergia Academy" arasında əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlığın universitetin tədris və peşəkar inkişaf sahəsindəki fəaliyyətini daha da gücləndirəcəyi, tələbələr üçün yeni perspektivlər yaradacağı planlaşdırılır.
Qeyd edək ki, AzMİU təhsil və təlim sahəsindəki yenilikçi yanaşmaları genişləndirmək və tələbələrinə daha geniş peşəkar imkanlar təqdim etmək üçün dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edir.