Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının əməkdaşları – professor Məhəbbət Məmmədov, Ələsgər Əliyev, Fidan Məmmədova və Şəhla Əlizadə “İdarəetmənin əsasları” (“Yönetim biliminin əsasları”) adlı dərslik hazırlayıblar. Türkiyənin Egey Universitetinin əməkdaşı Təkməz Kulun redaktoru olduğu dərslik İzmirdəki “Eğitim” nəşr evində çapdan çıxıb.
AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, dərslik nəzəri biliklərlə yanaşı, idarəetmə sahəsində müasir yanaşma və praktik nümunələri də əhatə edir. Nəşrdə xüsusilə idarəetmədə qərar qəbulu, strateji planlaşdırma, liderlik və təşkilat davranışları kimi mövzular geniş işıqlandırılıb. Kitabın sadə və anlaşılan dildə yazılması tələbələrin bu mürəkkəb sahəni rahatlıqla mənimsəməsini təmin edir.
Azərbaycanla Türkiyə arasında elmi əməkdaşlığın uğurlu nümunəsi olan yeni nəşr iki ölkənin akademik əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək. Dərslik təkcə tələbələr üçün deyil, həm də idarəetmə sahəsində çalışan mütəxəssislər üçün dəyərli mənbədir.