13 dekabr tarixində STEAM İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyi ilə İsrailin “ORT İsrail” məktəblər şəbəkəsinin əməkdaşlığı əsasında Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən həyata keçirilən “İnnovativ Məktəb” layihəsinin ”Ekoloji Sahibkarlıq” mövzusunda Hakatonu başlayıb.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən Hakatonda Bakı, Gəncə, Quba, Xaçmaz, Şəki, Yevlax, Neftçala, Tərtər və Lerik olmaqla 12 innovativ məktəbin 50-ə yaxın şagirdi iştirak edir.
İki gün davam edəcək Hakaton zamanı şagirdlər komandalar halında onlara verilmiş ekoloji problemlərə innovativ həllər tapmağa çalışacaq və onları layihələşdirəcək. Şagirdlər cari tədris ilindən etibarən onlara təşəbbüskarlıq, yaradıcılıq, ideyalaşdırma, komanda işi kimi bacarıqları aşılamağı nəzərdə tutan “Sahibkarlıq” fənnini öyrənirlər. Hakaton isə şagirdlərə öyrəndikləri bacarıqların real həyatda tətbiq imkanlarını görməyə şərait yaradacaqdır.
Şagirdlərin hazırladıqları layihələr əvvəlcədən müəyyən edilmiş və onlara elan edilmiş kriteriyalar əsasında hakimlər heyəti tərəfindən qiymətləndiriləcək və ən yüksək xal toplayan ilk 3 yerin sahibi mükafatlandırılacaq.
Qeyd edək ki, artıq üç ildir davam edən “İnnovativ məktəb” layihəsinin əsas məqsədi şagirdləri gələcək həyatlarında qarşılaşacaqları çətinlikləri həll etmək üçün lazım olan 21-ci əsr bacarıqları ilə təmin etməkdir. Layihə hal-hazırda ölkə üzrə 12 məktəbdə həyata keçirilir. Layihə çərçivəsində yüzdən çox təhsil işçisi təhsildə liderlik və sahibkarlıq bacarıqları mövzusunda təlimlərə cəlb edilib.