Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə Daşkənd Memarlıq və İnşaat Universiteti və İslam Kərimov adına Daşkənd Texniki Universitetinin müvafiq kafedraları arasında birgə beynəlxalq elmi seminar keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan məlumat verilib.
Seminar hər iki ölkənin ali təhsil sistemləri arasında dərinləşən əməkdaşlığın, elmi-tədqiqat sahəsində yeni üfüqlərin başlanğıcı kimi dəyərləndirilib.
Onlayn seminarda AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan əvəzi dosent Elgiz Həsənov, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov, kafedranın əməkdaşları, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və müdir müavini Könül Şirinova iştirak ediblər.
Özbəkistan universitetlərindən isə seminara Daşkənd Memarlıq və İnşaat Universitetinin akademik fəaliyyət üzrə prorektoru professor Rüstəmxan Xadjayev, elm və innovasiya üzrə prorektoru dosent Dildora Mircəlilova, Beynəlxalq şöbənin müdiri Aida Tolipova, Mühəndislik fakültəsinin dekanı Dilşaod Xolikov və hər iki universitetin aidiyyəti kafedralarından tanınmış alimlər qatılıblar. Tədbirdə, eyni zamanda, Daşkənd Elmi-tədqiqat İrriqasiya və Su Problemləri İnstitutundan nümayəndələr, gənc tədqiqatçılar da iştirak edərək elmi müzakirələrdə iştirak ediblər.
AzMİU ilə Özbəkistan universitetləri arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və professor-müəllim heyətinin təcrübə mübadiləsinin artırılması barədə konkret qərarlar qəbul edilib. Tərəflər bu əməkdaşlığın regionun mühəndislik və elmi inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.
Seminar zamanı Daşkənd Memarlıq və İnşaat Universiteti ilə AzMİU arasında imzalanan müqavilə əsasında uyğun kafedralarda aparılan elmi-tədqiqat işləri, eyni zamanda, gələcəkdə birgə yerinə yetirilməsi mümkün olan elmi işlər haqqında birgə müzakirələr aparılıb. Kafedralar gələcək elmi-pedaqoji əlaqələrin daha intensiv şəkildə aparılmasını qərara alıblar.