Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazananlar arasında Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 1119 şagirdi də var. Onlardan 3-ü 100 bal toplayaraq maksimum nəticə əldə edib.
“Azərbaycan müəllimi” yüksək nəticələri ilə seçilən şagirdlərlə həmsöhbət olub.
Jalə Bayramova Qazax rayonu Daş Salahlı kənd Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Olimpiadada tarix fənni üzrə iştirak edib. Jalə birinci mərhələdə maksimum nəticə göstərəcəyinə inanmasa da, növbəti mərhələyə adlaya bilib:
“Olimpiadaya hazırlığa getmədən hazırlaşırdım. Bunun üçün hər gün kitab oxuyub testlər edirdim. Tarixlə yanaşı, Azərbaycan dili və ədəbiyyat fənninə də xüsusi önəm verirəm”.
Gədəbəy rayonu Çanaqçı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Orxan Bağırlı isə fizika fənni üzrə uğur qazanıb. Orxan olimpiadada ikinci dəfə iştirak etdiyini, 2023-2024-cü tədris ilində final mərhələyə qədər irəlilədiyini deyir: “Olimpiadaya hazırlaşarkən müxtəlif mövzuları dərindən öyrənirdim. Eyni zamanda əvvəlki illərin suallarını nəzərdən keçirir və əlavə mənbələrdən istifadə edərək özümü yoxlayır, zəif tərəflərimi inkişaf etdirməyə çalışırdım. Özümü qalib kimi görürəm, amma bunun üçün daha çox çalışmalıyam”.
O, uğur qazanmaq istəyənlərə ardıcıl və məqsədyönlü şəkildə çalışmağı, özlərinə inanmağı və səhvlərindən dərs çıxarmağı tövsiyə edir. Orxan əldə etdiyi uğurlara görə Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadəyə, məktəb direktoru Kamil Hümbətova və fizika müəllimi Bəylər Rəhimova təşəkkürünü bildirir.
Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin 9-cu sinif şagirdi İmaməli Alıyev isə tarix fənni üzrə maksimum nəticə göstərərək seçilənlər sırasına daxil olub. İmaməli öz hazırlıq prosesindən danışır:
“Hər zaman çox, ən vacibi, sistemli şəkildə çalışıram. Heç vaxt xüsusi hazırlığa getməmişəm, lakin müxtəlif resurslardan, o cümlədən dərsliklərdən və test vəsaitlərindən istifadə edirəm. Məktəb müəllimim mənə dəstək olur. Artıq bütün olimpiada proqramını yüksək səviyyədə öyrənmişəm, buna görə ilk turda 100% nəticə əldə edəcəyimi gözləyirdim və belə də oldu”.
İmaməli əvvəlki uğurlarını da qeyd edir: “2023-2024-cü tədris ilində - 8-ci sinifdə oxuyanda Respublika fənn olimpiadasında bürünc medal qazanmışdım. Bu dəfə isə qızıl medal qazanacağıma inanıram. Mənim üçün bu uğur yalnız çox çalışmaqla deyil, düzgün sistemli yanaşma ilə mümkündür”.
O, həmçinin gələcək planlarından bəhs edir: “Xarici dilləri, xüsusən ingilis və ispan dillərini öyrənməyə maraq göstərirəm. Gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün məqsədyönlü şəkildə çalışacağam”. İmaməli olimpiada iştirakçılarına tövsiyə verməyi də unutmur: “Dərsliklərə xüsusi önəm verin, özünüzə inanın və müxtəlif layihələr üzərində işləməyə üstünlük verin!”.