21-30 yanvar 2025-ci il tarixlərində inklüziv təhsil istiqamətində peşə təhsilində fəaliyyət göstərən 42 təhsilverən üçün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlimlər təşkil olunub.
Bu barədə TƏHSİL.BİZ -ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təlimlər “Birgə və Sağlam” İctimai Birliyinin ekspertləri tərəfindən aparılıb. Təlimçilər – Təhsil proqramları direktoru Nərmin Rəhimli və Davamlı inkişaf şöbəsinin mütəxəssisi Milana Həsənova iştirakçılara inklüziv peşə təhsilinin əhəmiyyəti, autizm spektr pozuntusu, xüsusi qayğıya ehtiyacı olan şəxslərdə yaranan problem davranışlar və nəticəyə əsaslanan davranış azaltma metodları haqqında ətraflı məlumat veriblər.
Təlim proqramında həmçinin tətbiqi davranış analizi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təlimində istifadə edilən motivasiya sistemləri, xüsusi öyrənmə çətinlikləri (disleksiya, disqrafiya, diskalkuliya, dispraksiya), diqqət əksikliyi və hiperaktivlik pozuntusu, eləcə də ailələrlə əməkdaşlıq mövzuları əhatə olunub.
Bu təlimlərin məqsədi peşə təhsilində çalışan təhsilverənlərin inklüziv təhsil metodlarına dair bilik və bacarıqlarını artırmaq, eləcə də xüsusi qayğıya ehtiyacı olan tələbələrin effektiv təlim prosesinə cəlb edilməsini təmin etməkdir.