Naxçıvanda direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Naxçıvan MR Təhsil Nazirliyi məlumat yayıb.
Fevralın 6-da ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub.
STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini seçən 5 namizəd iştirak edib.
Müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunmuş komissiyanın üzvləri və müstəqil ekspert qismində Naxçıvan Dövlət Universitetinin, həmçinin onlayn qaydada Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları namizədlərin vəzifə üzrə bilikləri, idarəetmə bacarıqları, şəxsi keyfiyyətlərini 5 ballıq şkala ilə qiymətləndiriblər.
Məlumat üçün bildirək ki, hər meyar üzrə 3 bal toplamış namizəd bu mərhələni keçmiş sayılıb.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin sosial media hesablarında paylaşılacaq.
Qeyd edək ki, müsabiqənin test və esse mərhələsi ölkə üzrə mərkəzləşmiş qaydada Elm və Təhsil Nazirliyinin, həmçinin Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilib.