Logo

“Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda dəyirmi masa keçirilib

17.03.2025 16:17 57 baxış
IMG

Siyasət, Tarix və Etnoqrafiya Mərkəzi (STEM) ilə Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan – transkontinental meqamarşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda dəyirmi masa keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, müstəqil ekspertlər iştirak ediblər.

Dövlət Himni səsləndikdən sonra universitetin rektoru Səyavuş Qasımov çıxış edərək nəzərə çatdırıb ki, artıq Azərbaycan özünün növbəti inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan Avrasiya universiteti tələbələrə təhsil verməklə yanaşı, elmi, siyasi və sosial tədqiqatlar da keçirərək gənc nəslin daha bilikli və geniş dünya görüşünə malik olan vətənpərvər kimi yetişməsinə töhfə verməyə başlayıb. Qeyd olunub ki, STEM ilə Avrasiya Universiteti arasında əməkdaşlıq təhsil sahəsində dövlətimizə və xalqımıza faydalı olacaq. Müxtəlif kafedralarla əməkdaşlıq birgə dərslərin təşkili və elmi tədqiqatların nəşri cəmiyyət üçün mühüm əhəmiyyət daşıyacaq.

STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev nəzərə çatdırıb ki, Azərbaycan coğrafi baxımdan Qərb ilə Şərqin arasında yerləşdiyi üçün tranzit nəqliyyat dəhlizləri ölkəmizin üzərindən keçir ki, bu da dövlətimiz üçün siyasi və iqtisadi baxımdan geniş üstünlüklər verir. Ötən əsrdə dünyada enerji daşıyıcıları uğrunda mübarizə aparılırdısa, müasir dövrdə geosiyasi mübarizənin əsasında nəqliyyat və tranzit yollara nəzarət etmək uğrunda mübarizə aparılır. Hazırda Yaxın Şərqdə baş verən hadisələr, Qırmızı dənizdə ticarət gəmilərinə edilən silahlı hücumlar, Rusiya ilə Ukrayna arasındakı müharibə Şərqdə və Qərbdə yerləşən dövlətlərin alternativ yollar axtarmasına səbəb olub.

Çindən Avropaya və əks istiqamətə uzanan ticarət yollarının Azərbaycandan keçməsi Orta Dəhlizin yaranmasına səbəb olub. Bu dəhliz yüklərin mənzil başına tez çatdırılması ilə yanaşı, siyasi əhəmiyyətə də malikdir. Dəhlizin keçdiyi ərazilər beynəlxalq aləmdə zəmanətlə təmin olunacaq. İstər dövlətlər, istərsə də transmilli şirkətlər dəhlizin keçdiyi dövlətlərin suverenliyinin qarantı kimi çıxış edəcəklər. Orta Dəhliz Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına böyük təkan verən beynəlxalq mahiyyətə malik olan bir layihədir. İqtisadi inkişafla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzu da artar, sosial məsələlər daha əhatəli formada öz həllini tapar.

Natiq qeyd edib ki, Orta Dəhlizin fəaliyyətinin təmin edilməsi istiqamətində Azərbaycan dövləti geniş infrastruktur layihələr həyata keçirilib. Buna misal olaraq, Ələt Azad İqtisadi Zonasını göstərmək olar. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında qurulan bu zona xarici ticarətin inkişafına və yükdaşımaların artmasına səbəb olub ki, bunlar da öz növbəsində ümumi iqtisadi tərəqqiyə təkan verib.

Çıxışlardan sonra dəyirmi masa iştirakçıları müzakirə aparıblar. Müzakirələrdə qeyd olunub ki, Azərbaycan dövləti Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə Türkiyə və Avropa arasında körpü rolunu oynayır. Türkdilli dövlətlərin siyasi və iqtisadi inteqrasiyasında Azərbaycan aparıcı rola malikdir və dövlətimiz üzərinə düşən missiyanı layiqincə yerinə yetirir.

Xəbər lenti