Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu keşməkeşli və şərəfli bir yol keçib. Tarixən bu yolu keşməkeşli edən institutun fəaliyyət göstərdiyi dövrlərin ictimai-siyasi, ideoloji mühiti olubsa, şərəfli edən isə vətənpərvər alimlərimiz olub. İnstitutun tarixi 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılmasından başlayıb. Sonrakı illərdə onun adının bir neçə dəfə dəyişməsi - Tarix, Dil və Ədəbiyyat İnstitutu, Tarix və Fəlsəfə İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu kimi fəaliyyət göstərməsi – bu elmi müəssisənin keçdiyi yoldan xəbər verir. Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev AZƏRTAC-a müsahibəsində institutun tarixinə və bugünkü fəaliyyətinə nəzər salıb.
Bu il institutun 90 illiyi tamam olur
“Tarix və Etnologiya İnstitutu AMEA-nın aparıcı institutlarından biridir. Azərbaycan və dünya tarixini öyrənən institutdur. Uzun illər ərzində instituta görkəmli alimlər rəhbərlik edib. Onların sırasında İvan Meşşaninov, İsmayıl Hüseynov, Əlövsət Quliyev, Əbdülkərim Əlizadə, Məmmədəli Şərifli, Zülfəli İbrahimov, Əlisöhbət Sumbatzadə, Cəmil Quliyev, İqrar Əliyev, Yaqub Mahmudov kimi alimlər olub. Şərqşünaslıq İnstitutu yaradılana qədər görkəmli alimimiz Ziya Bünyadov burada işləyib. 2021-ci ildən instituta görkəmli tarixçimiz, professor Kərim Şükürov rəhbərlik edir. 2023-cü ildən institutumuz A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılır. Bu il oktyabrın 25-də institutumuzun 90 illiyini qeyd edəcəyik”, - deyə direktor müavini bildirib.
On beş cildlik “Azərbaycan tarixi”nin yazılması planlaşdırılır
Tarix elmləri doktoru İlqar Niftəliyev “Azərbaycan tarixi”nin yazıldığı konsepsiyalara da diqqət çəkib. Alimin sözlərin görə, ilk dəfə 1958-1963-cü illərdə üçcildlik “Azərbaycan tarixi” yazılıb: “Onun maketi hələ Mircəfər Bağırovun dövründə hazırlanmağa başlanmışdı. Amma 1958-1963-cü illərdə nəşr edildi. Həmin üçcildlikdə əksini tapan konsepsiyaya sovet ideologiyasının güclü təsiri olmuşdu. Ondan sonra yazılan monoqrafiyalar da, - istər qədim dövr, istər orta əsrlər, istər yeni dövr olsun, - həmin konsepsiya əsasında hazırlanıb”.
Müsahibimiz bildirib ki, müstəqillik illərində Azərbaycan tarixi ilə bağlı ilk çoxcildlik 1998-2003-cü illərdə çıxıb: “Həmin çoxcildlik hətta keçən əsrin 70-ci illərindən hazırlanmağa başlanmışdı. Əvvəlcə 9 cild olması planlaşdırılırdı. Onun redaktoru akademik Cəmil Quliyev idi. O, 1972-1978-ci illərdə bu institutun direktoru olub. Lakin o vaxt iş tam başa çatmamışdı. 1988-ci il hadisələrindən sonra həmin 9 cildlik üçün qoyulan konsepsiya öz əhəmiyyətini itirmişdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu məsələyə yenidən diqqət artdı. Heydər Əliyevin 1997-ci ildə AMEA rəhbərliyi, eləcə də alimlər ilə görüşü bu yeddicildliyin nəşrinə bir yol açdı. 1998-2003-cü illərdə həmin yeddi cild nəşr olundu. Ondan sonra bu günədək çoxcildlik Azərbaycan tarixi yazılmayıb”.
İlqar Niftəliyev bildirib ki, bu gün institutun direktoru professor Kərim Şükürovun təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik Azərbaycan tarixi üzərində iş gedir: “Amma bundan əvvəl biz “Azərbaycan tarixi” adlı bircildlik kitab nəşr etməyi nəzərdə tuturuq. Bu kitabda Azərbaycan tarixi həm şimalı, həm də cənubu əhatə edəcək. Çünki XIX əsrin əvvəllərinə - çar Rusiyasının işğalına qədər Azərbaycana vahid siyasi məkan kimi baxılıb. Amma XIX əsrin əvvəlindən – parçalanandan sonra Cənubi Azərbaycan və Şimali Azərbaycan müxtəlif inkişaf yolu keçib. Buna baxmayaraq bu inkişaf kitabda öz əksini tapacaq. Niyə görə belə bir kitab buraxmaq istəyirik? Bu, bir növ konseptual kitab olacaq. Biz həm də ictimai rəyi öyrənmək istəyirik. İctimai rəyi öyrəndikdən sonra tariximizin konkret dövrlərini daha dərindən işləyəcəyik. Yəni bu iş bizdə paralel aparılır: həm çoxcildlik, həm də bircildlik üzərində iş aparılır”.
“Azərbaycan tarixi” ilə bağlı yeni konsepsiyanın bəzi məqamları
İnstitutda “Azərbaycan tarixi” ilə bağlı yeni konsepsiya hazırlandığını deyən direktor müavini onun bəzi məqamlarına diqqət çəkib: “Sovet dövründə, eləcə də müstəqillik illərində Azərbaycan tarixinin ibtidai icma quruluşu dövrü arxeoloji bölgü üzrə aparılırdı: Paleolit, Neoloit, Mezolit, Tunc dövrləri. Burada əsas meyar kimi əmək alətlərinin təkmilləşdirilməsi və bunun əsasında yeni təsərrüfat sahələrinin yaranması mərhələləri götürülürdü. Yeni konsepsiyada isə Azərbaycanın ibtidai icma quruluşu dövrü ilə bağlı mərkəzi yerdə insan cəmiyyətinin inkişafı, dövlətəqədərki Azərbaycanda qədim insanın çoxşaxəli həyatı olacaq. Bundan sonrakı dövrləşmənin əsasında Azərbaycanda dövlətçilik tarixi duracaq. Konsepsiyada qədim dövlətlərin yaranmasından ərəb xilafətinə qədər olan dövr ayrıca nəzərdə tutulur. Burada Manna, Midiya, Atropatena və Qafqaz Albaniyası dövlətləri olacaq və bu dövr xilafətə qədər olan tarixi əhatə edəcək. İslamın qəbulu ilə Azərbaycan tarixində yeni mərhələ başlanır. Xilafətdən monqol işğalına qədər olan dövr ayrı veriləcək. Həmçinin XIII əsr monqol işğalından XV əsrin əvvəllərinə qədər olan dövrün ayrı verilməsi nəzərdə tutulur. XV əsrdə yaranmış Qaraqoyunlu və Ağqoyunlu dövlətləri Səfəvilər dövlətinin bir növ təməlində durmuşdular. Səfəvilər, Əfşarlar, Qacarlar hakimiyyətləri ayrıca bir dövr kimi götürüləcək. Çünki bunlar bir-birinin varisi kimi gedir. Əfşarlar, əslində, səfəvilərin davamçısıdır, qacarlar da. İstər əfşarlar, istər qacarlar Səfəvilər dövlətinin yaranmasında iştirak edən tayfalar olublar. Sonra Azərbaycan xanlıqlarının tarixi, Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqlarının şimala və cənuba bölünməsi nəticəsində Şimali Azərbaycanın çar Rusiyası, Cümhuriyyət, sovet, müstəqillik dövrləri gəlir. Eynilə Cənubi Azərbaycanın Qacarlar, Pəhləvilər və İran İslam respublikası dövrü gəlir. Çoxcildliklə və bircildliklə bağlı fikirlərimiz təxminən budur”.
Tarix və Etnologiya İnstitutunda 18 elmi-tədqiqat şöbəsi, 170-dək elmi əməkdaş fəaliyyət göstərir
2021-ci ildən institutun həyatında bir çox dəyişikliklər olduğunu deyən həmsöhbətimiz yeni şöbələrin açıldığına diqqət çəkib: “2023-cü ildə institutumuzda Qərbi Azərbaycan tarixi şöbəsi, Qarabağ müharibəsi və Böyük Qayıdış hərəkatı şöbəsi yaradılıb. AMEA institutlarında aparılan struktur islahatları ilə bağlı olaraq 2023-cü ilin sonunda Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutundan bizə 3 şöbə keçirilib. Beləliklə, institutumuzda əlavə olaraq Türk xalqlarının tarixi və etnologiyası şöbəsi, Müasir dövr etnologiya şöbəsi və Tarixi etnologiya şöbəsi yaradıldı. Bu il institutumuzda Qafqaz tarixi şöbəsi də yaradılıb. Hazırda institutda 18 elmi-tədqiqat şöbəsi, 240-dək əməkdaş, o cümlədən 170-dək elmi əməkdaş fəaliyyət göstərir”.
Müsahibimiz qeyd edib ki, institutun nəşri olan “Azərbaycan tarixşünaslığı” jurnalının redaksiya heyətinə xarici alimlər də daxildir. Bu yaxınlarda ilk dəfə “Etnologiya” jurnalı buraxılacaq. Həm ölkəmizin, həm də xaricin tanınmış alimləri jurnalın redaksiya heyətinə daxil olacaqlar. Həmin jurnalların elektron bazalarının yaradılması nəzərdə tutulur. Bu gün institutun yeni layihələri sırasına “Elektron kitabxana”nı da aid etmək olar. İnstitutun Elmi informasiya və nəşriyyat işləri şöbəsi vasitəsilə alimlərimizin yeni kitabları çap olunmazdan əvvəl eyni formatda institutun elektron portalında yerləşdirilir. Bu isə kitabların daha əlçatan və oxucu kütləsinin geniş olmasına şərait yaradır. İnstitutun feysbuk səhifəsi aktiv fəaliyyət göstərir. Bunun vasitəsilə institutun həyatında baş verən yeniliklərlə ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Tariximizin müxtəlif səhifələrinin, aktual problemlərinin ictimaiyyətə çatdırılmasında institutun yutub kanalı mühüm rol oynayır. Burada alimlərimizin müxtəlif tarixi mövzular üzrə çıxışları yerləşdirilir. Bu gün hər bir alimin elm aləmində statusunu təkcə onun elmi dərəcəsi, elmi adı, yazdığı kitablarının, məqalələrinin sayı deyil, eyni zamanda, beynəlxalq elmmetrik bazalarda həmin alimin əsərlərinə olan istinadların sayı müəyyən edir. Bunun üçün alimlərimizin xüsusilə “Web of Science”, “Scopus” elmi bazalarına daxil olan jurnallarda məqalələrinin çapına, onların monoqrafiyalarının müxtəlif elmi sosial şəbəkələr, elektron kitabxanalar vasitəsilə populyarlaşdırılmasına önəm verilir.
“İnstitutun nəzdində 8 ixtisas üzrə dörd Dissertasiya şurası fəaliyyət göstərir. 2022-ci ildən bu günə qədər 80-ə yaxın iddiaçı dissertasiya müdafiə edib və artıq 31 nəfər fəlsəfə doktoru, 11 nəfər elmlər doktoru elmi adına layiq görülüb”, - deyə İlqar Niftəliyev bildirib.
İnstitutun bəzi şöbələrində gənc kadrlara böyük ehtiyac var
Tarix və Etnologiya İnstitutunun direktor müavini ilə müsahibəmizdə gənclərin bu sahəyə maraq göstərib-göstərməməsi məsələsinə də nəzər salmağa çalışdıq. “İnstitutumuzda elə şöbələr var ki, orada gənc kadrların çalışmasına böyük ehtiyac var. Məsələn, Azərbaycanın qədim dövr tarixi şöbəsinə, Albaniya və Atropatena şöbəsinə gənc kadrların cəlb edilməsinə çalışırıq. Biz doktoranturaya, dissertanturaya qəbul aparanda iddiaçıların dil biliklərinə böyük əhəmiyyət veririk. Hətta bir dəfə iddiaçıların ərəb, rus, ingilis dili biliklərini yoxlamaq üçün kiçik bir imtahan təşkil etdik. Təəssüf ki, ərizə verənlərin heç də hamısının dil biliyinin lazımi səviyyədə olmadığı müəyyən edildi. Qədim dövr tarixi bizdə ən axsayan sahədir. Vaxtilə bu dövrü araşdıran tanınmış alimlərimiz olub, dünyalarını dəyişiblər. Hazırda həmin dövr üzrə mütəxəssislərə böyük ehtiyac var. Lakin bunları yetişdirmək üçün vaxt və böyük zəhmət tələb olunur. Burada gənc tədqiqatçıların maddi cəhətdən motivasiyası da mühüm rol oynayır. Hətta keçən il institut rəhbərliyinin dəstəyi ilə həmin şöbələrin əməkdaşlarına 4-5 ay alban dili üzrə onlayn kurs təşkil edildi. Ümumiyyətlə, institutumuzda gənc kadrların inkişafı üçün daim iş aparılır”, - deyə İlqar Niftəliyev fikrini yekunlaşdırıb.