AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Pərvanə Bəkirqızının vəfatından sonra Ankarada “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitabı nəşr olunub.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, əsərdə ədəbiyyat və mifologiyanın dərin əlaqələri araşdırılıb. Kitabın birinci bölümündə mifin ədəbi və poetik təhlilinə dair nəzəri yanaşmalar və müasir araşdırmalar təqdim olunur. İkinci bölümdə mifin ədəbiyyatda yeni bir formaya çevrilməsi və mədəniyyətə necə təsir etdiyi göstərilir. Üçüncü bölümdə arxetiplərin və neomifologiyanın ədəbiyyatdakı yeri və təsiri təhlil olunur. Dördüncü bölümdə XX əsrdən günümüzə qədər ədəbiyyatda mifologiyanın izləri araşdırılır. Beşinci bölümdə isə mifologiya və arxetiplərin ədəbiyyatda yaratdığı güc və təsir qiymətləndirilir.
Yekunda mifologiyanın müasir ədəbiyyata verdiyi töhfələr və gələcəkdəki əhəmiyyəti haqqında ümumi nəticələr təqdim olunur.
Pərvanə Bəkirqızının bu əsəri mifologiyanın ədəbiyyat və mədəniyyətə olan təsirini dərindən anlamağa çalışan hər kəs üçün vacib bir qaynaqdır. Kitab mifin yalnız keçmişin əks-sədası deyil, həm də gələcəyin işığını yandıran bir güc olduğunu göstərir. Bu nəşr müasir ədəbiyyatda mifologiyanın dərin izləri və gücünü araşdırmaq istəyənlər üçün nəzərdə tutulub.