Logo

Emin Əmrullayev: Elm əsasında verilən qərar hər zaman daha düzgün və dayanıqlı olur

14.04.2025 10:12 85 baxış
IMG


 Son illər ölkəmizdə elmin geniş təbliği istiqamətində atılan addımlar bu sahədə fundamental dəyişikliklər və yeniliklərlə müşayiət olunur. Bu, özünü respublikamızın elm və təhsil müəssisələrində elm günləri, müxtəlif festival, müsabiqələrin təşkilində də göstərir. Yaxşı haldır ki, bu tədbirlər artıq ənənə halını almaqdadır. Bu cür tədbirlər elm ictimaiyyəti, görkəmli alimlərimizin iştirakı ilə keçirilir ki, bu da gənc nəsil üçün tükənməz elmi maarifləndirmə mənbəyi rolunu oynayır. 

Aprelin 8-də  elm və təhsil sahəsində yeni innovasiyaların ünvanı olan  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalının keçirilməsi də bu baxımdan olduqca maraqlı idi və mühüm çağırışlarla yadda qaldı. 

Elmə həsr olunmuş tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru Ədalət Muradov, dövlət və özəl qurumların rəhbərləri, eləcə də digər qonaqlar iştirak ediblər. 

Giriş nitqi ilə çıxış edən rektor Ədalət Muradov tədbirin ölkə başçısının müvafiq sərəncamı ilə hər il keçirilən Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-in start verdiyi iki mühüm təşəbbüsdən - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması”ndan bəhs edərək bu çərçivədə ölkənin aparıcı məktəbləri, eləcə də regionlardakı universitetlərdə şagirdlərin, həmçinin gənclərin elmə marağının artırılması məqsədilə ölkənin tanınmış alimlərinin iştirakı ilə görüşlərin keçirildiyini deyib. “Birici təşəbbüsdə əsas mesajımız elmin cəlbediciliyi ilə bağlı söhbətlər aparmaq və şagirdlərin elmə diqqətini artırmaq idi.  İkinci təşəbbüs isə elmin populyarlaşdırılması, elm sahəsinə yeni potensialların cəlb edilməsi ilə bağlı idi”. 

Əlverişli modelin bəhrələri

Ə.Muradov qeyd edib ki, son illərdə əldə olunmuş uğurlar göstərir ki, 10 il əvvəl UNEC alimlərinin potensiallarının reallaşdırılması üçün əlverişli model seçilib. Rektor bu sahədə işləri nəticələrini əks etdirən rəqəmləri açıqlayıb. “Web of Science”da son 10 ildə universitet alimlərinin məqalələrinin sayı 201 dəfə artıb. Bu göstəriciyə görə UNEC dünyada liderdir. 

“Web of Science”da çap olunmuş məqalələrin 72 faizi Q1 və Q2 kvartillərin payına düşür. UNEC-də fəaliyyət göstərən 17 kafedranın 13-nün “Web of Science”da məqaləsi çıxır, ən çox məqalə çap etdirən kafedralar mühəndislik və tətbiqi elmlər kafedrasıdır. “Scopus”da 2015-ci illə müqayisədə 2024-cü ildə universitet alimlərinin çap olunmuş məqalələrinin sayı 277 dəfə artıb. Burada da UNEC dünyada liderdir. Eləcə də  “Scopus”da son 10 ildə istinad sayı 227 dəfə artıb. Bütün məqalələrin 98 faizi, istinadların 98.5 faizi son 10 ilin payına düşür. Ən çox məqalə “Scopus”da çap olunmuş mühəndislik və tətbiqi elmlər kafedrasının, hən çox istinadlar isə maliyyə kafedrasının payına düşür.  Rektor qeyd edib ki, UNEC-in təşviq sistemində edilən dəyişiklikdən sonra yalnız 2024-cü ildə 2023-cü illə müqayisədə  “Scopus”da məqalələrin sayı 2 dəfə,  “Web of Science”da 3.5 dəfə artıb.  2024-cü ildə ölkə üzrə “Scopus”da çap olunmuş məqalələrin 33 faizi, “Web of Science”da çap olunmuş məqalələrin 23 faizi, eləcə də son 5 ildə isə “Scopus”da çap olunmuş məqalələrin 20 faizi, “Web of Science”da çap olunmuş məqalələrin 19 faizi UNEC-in payına düşür.  İstinad sayı 2024-cü ildə 2023-cü illə müqayisədə “Scopus”da 38 faiz, “Web of Science”da 22 faiz artıb. 2024-cü ildə ölkədə Scopus-da bütün istinadların 44 faizi, “Web of Science”da istinsadların 48 faizi UNEC-in payına düşür. 

Biz streotipləri sındıra bildik

UNEC rektoru qeyd edib ki, 2024-cü ildə biz təşviq sistemini ancaq beynəlxalq tədqiqatçılarla aparılmış tədqiqatların üzərində qurmuşuq. Beynəlxalq tədqiqatçılarla aparılmayan tədqiqatlara qonorar ödənilmir. Nəticədə 2024-cü ildə “Scopus”da çap olunmuş məqalələrin 81.2  faizi 123 ölkənin, “Web of Science”da isə 91 faizi 108 ölkənin alimləri ilə birgə aparılmış işlərdir. “Bu rəqəmlər çox yaxşıdır, bizim üçün ən vacib odur ki, biz UNEC alimlərində əvvəllər mövcud olmuş streotipləri sındıra bildik. Biz bu işə başlayanda birmənalı olaraq bu məsələyə optimist yanaşan çox az universitet həmkarlarımız var idi. Hamı düşünürdü ki, “Web of Scence”da, “Scopus”da məqalə çap etdirmək ictimai elmlərə uyğun deyil. Bu gün tam əminliklə deyə bilərik ki, artıq UNEC -də istisnasız olaraq bütün müəllimlər qəbul edir ki, “Scopus” və “Web of Science”da məqalə çap etdirmək bir o qədər də çətin iş deyil. Artıq bizim müəllimlərin hər birində özünəinam var. Özünə güvənin olması, mənə elə gəlir ki, bu sahədə bizim uğurumuzdur. 

Alimlik uzunmüddətli fədakarlıq tələb edir

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında elmin inkişafı məsələlərinə toxunub. Qeyd edib ki,  Azərbaycanda elmin inkişafı dövlətin müəyyən etdiyi əsas prioritet sahələrdən biridir. Elmin populyarlaşdırılması və cəmiyyət üçün anlaşıqlı dildə təqdim olunması bu sahədə əsas çağırışlardan biridir.

“Alimlik uzunmüddətli fədakarlıq tələb edir. Elmi izah edərkən biz tez-tez müxtəlif indekslərdən və adambaşına düşən statistik göstəricilərdən danışırıq. Lakin elmin təsvir dilini daha sadə və əlçatan etmək vacibdir. Elm əsasında verilən qərar hər zaman daha düzgün və dayanıqlı olur. Qərarvermə prosesində elmə və tədqiqata əsaslanmaq ən doğru yanaşmadır”, - deyə nazir bildirib. Nazir əlavə edib ki, qarşıda duran əsas vəzifələrdən biri də elm və təhsil arasında mövcud olan uçurumu aradan qaldırmaqdır. Uzun illər ərzində bu iki sahə ölkəmizdə bir-birindən ayrı inkişaf edib.

Hədəfimiz elmi fəaliyyətin optimallaşdırılması və nəticəyönümlü sistemin qurulmasıdır

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 150-dən çox elmi müəssisə və təşkilat fəaliyyət göstərir: “Bu sayla ölkədə istehsal olunan ümumi elmi məhsul arasında çox ciddi qeyri-mütənasiblik müşahidə olunur.  Burada təbii ki, ayrı-ayrı alimlərin, insanların əməyi xüsusi vurğulanmalıdır. Bu gün elmmetrik bazalar bizə imkan verir ki, həm şəxsləri, həm institutları, həm ayrı-ayrı qurumları ölçə bilək. 

Təbii ki, ayrı-ayrı insanların böyük əməyi var. Ayrı-ayrı ali təhsil müəssisələrinin xüsusilə son illərdə artan müsbət fəaliyyətini müşahidə edirik. Amma ümumilikdə gördüyümüz ondan ibarətdir ki, 140-a yaxın elmi təşkilatların böyük əksəriyyətində ümumiyyətlə, elmi məhsul istehsal olunmur. Bəzi qurumlarda maliyyələşmə mövcuddur, bəzilərində isə bu sahədə problemlər var. Hədəfimiz elmi fəaliyyətin optimallaşdırılması və nəticəyönümlü sistemin qurulmasıdır”. 

“Bir elmi məqalə təxminən 35 min manata başa gəlir”

Emin Əmrullayev diqqətə çatdırıb ki, çox vaxt elm haqqında danışanda qabardılan məsələlərdən biri elmin maliyyələşdirilməsidir. “Bizim gördüyümüz ondan ibarətdir ki, baxmayarq ki, maliyyələşmə bütün ölkə üzrə eynidir, bəzi qurumlarda biz müəyyən elmi nailiyyətlərin nəticələrini görürük. Ölkə üzrə bir məqalənin dövlət büdcəsindən ayrılan vəsaitə uyğun olaraq təxminən 35 min manata başa gəldiyini görürük. Bu, orta göstəricidir. Orta göstəriciyə baxıb bunun yaxşı və ya pis olduğunu demək çox çətindir. Bizim elə elmi-tədqiqat təşkilatlarımız var ki, həmin qurumun saxlanma xərci 1 milyon manat təşkil etsə də, il ərzində cəmi bir məqalə dərc edirlər.  Bu isə elmi fəaliyyətin maliyyələşdirilməsi və səmərəliliyi məsələlərinin yenidən dəyərləndirilməsini zəruri edir”.

Elmdə dürüstlük olduqca vacibdir

Nazir qeyd edib ki, elmdə keyfiyyət mədəniyyəti olduqca vacibdir. “Amma bu mədəniyyəti yaradan yenə də məmurlar deyil, alimlərdir. Bu sözü deyəndə mən qətiyyən alimləri günahlandırıb məmurları daha yaxşı müstəviyə daşımaq istəmirəm. Söhbət nədən gedir? Bu və ya digər elmi adın, elmi rəyin verilməsi, həqiqətən də alimin işidir. Burada əsas məsələ keyfiyyət mədəniyyətidir. Əgər bir şeyin keyfiyyəti yoxdursa, ona müsbət rəy verməyin nəticələri haqqında çox düşünməliyik, bu bizi elmdə dəyərlər və əxlaq müstəvisinə gətirir. Çünki elm özlüyündə əxlaqi davranış tələb edən bir sahədir. Burada dürüstlük olduqca vacibdir. Bu dürüstlüyün qısa olaraq 2 məqamını qeyd edə bilərəm: biri akademik oğurluqla bağlıdır, bunun adı plagiatdır. İkincisi akademik rəylə bağlıdır. Dürüst olmayan akademik rəy PhD, fəlsəfə doktoru, elmlər doktoru və s. elmi dərəcələrin verilməsi, digər akademik insanların rəyindən başqa bir şey olmalı deyil. Uzun müddətdə, onilliklər ərzində insanlar dürüst olmayan akademik rəylər əsasında bu adları başqa adamlara verirlərsə, onda elmin nüfuzu təbii ki, sarsılır və aşağı düşür”.

Elmi müəssisələrdə ixtisarlar olmayacaq

Nazir elmi müəssisələrin optimallaşdırılması ilə bağlı məsələyə də toxunub. Qeyd edib ki, ölkə başçısının ötən həftə imzaladığı sərəncamla Azərbaycanda elmi təşkilatların bir qisminin yenidən təşkili, optimallaşdırılması həyata keçirilir. 37 elmi müəssisə əvəzinə 15 təşkilat yaradılır. “Əlbəttə ki, məqsəd elmi təşkilatların sayını 15-ə endirmək və ya kiminsə həyatını pis etmək deyil. Cəmiyyəti, insanları maraqlandıran suallardan biri budur - ixtisarlar olacaqmı? Yox, ixtisarlar olmayacaq. Bizim məqsədimiz ixtisar etmək deyil. Məqsədimiz ixtisarların deyil, elmin olmasıdır. İnanırıq ki,  bu proses müəyyən mənada daha çox resursların sərbəstləşməsi və resursların hesabına diferensiallaşmış yanaşmanın tətbiqidir. Yəni sonda elmi nəticəsi olan insanların daha çox mükafatlandırılması və fərqləndirilməsidir. 

Biz bunu ümumi təhsildə edirik. Bilirsiniz ki, uzun müddətdir müəllimlərin əməkhaqları ilə bağlı mərhələli şəkildə islahatlar həyata keçirilir. Oxşar məntiq və yanaşma ilə elm və ali təhsildə də müvafiq dəyişikliklərin edilməsini düşünürük”.

Tədqiqat aparmayan elmi müəssisələrə bu proqram verilməyəcək

E.Əmrullayev ali təhsil sahəsində qarşıda duran əsas vəzifələrdən danışanda fəlsəfə doktoru proqramlarının hazırlanması ilə bağlı hədəfləri açıqlayıb: “Bizim ən böyük istəyimiz, gələcəkdə arzu etdiyimiz, ona nail ola biləcəyimizə inanıram, strukturlaşdırılmış yeni nəsil fəlsəfə doktoru proqramlarının hazırlanmasıdır. Bu il fəlsəfə doktoru proqramlarının qəbul planları hazırlanır, bu hələlik rəsmi şəkildə dərc edilməyib, ancaq fəlsəfəmiz budur ki, hansı elmi müəssisədə tədqiqat yoxdursa, oraya ümumiyyətlə, fəlsəfə doktoru proqramı verməyək. Çünki tədqiqat olmayan yerdə elmlər doktoru  və yaxud fəlsəfə  doktoru hazırlamaq bir o qədər məntiqli deyil. Bu nöqteyi-nəzərdən bu ildən başlayaraq məhz bu əlaqənin qurulması və ixtisaslaşmanın aparılması bizim nazirliyin əsas prioritetləri olacaq”.

Elmin inkişafına yönəldilmiş strategiya

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında ölkə rəhbərliyi tərəfindən elmin inkişafına, alimlərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Akademik ölkəmizdə elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından elmi müəssisələrin rolundan söz açıb.  Qeyd edib ki, ölkənin, cəmiyyətin inkişafı yalnız elmin inkişafı ilə bağlıdır. İ.Həbibbəyli cəmiyyətin inkişafında elm faktoru ilə yanaşı, təhsil faktorunun xüsusi önəmini qeyd edib. 

Elmin rolu olmadan heç bir ölkənin,heç bir millətin gələcəyi yoxdur

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev elmin bəşəriyyətin inkişafındakı rolundan söz açıb, fikirlərini Cənubi Koreya nümunəsində əsaslandırıb. Qeyd edib ki, Cənubi Koreya məhz elmin inkişafı sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. 50 il bundan əvvəl Koreyanın ümumi daxili məhsulun həcmi təxminən sıfıra yaxın idi və hətta adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünyanın ən aşağıda olan ölkələrindən biri idi. “Bu gün Cənubi Koreyanın elmə ayırdığı maliyyə bir çox dünya ölkələrinin ayırdığı maliyyənin cəmindən daha çoxdur.  Bu baxımdan elmin rolu olmadan heç bir ölkənin, heç bir millətin gələcəyi yoxdur. Elmin tarazlı inkişaf modelinin seçilməsi aktualdır. Əsrimiz süni intellekt əsridir. Elmin hansı sahəsindən asılı olmayaraq onun bütün sahələrində süni intellektdən istifadə olunur. Yeni sivilizasiyaya keçidin mühərriki süni intellektdir. Mən çox məmnunam ki, ölkəmizdə süni intellektin inkişafı ilə bağlı strategiya qəbul olundu”. 

Daha sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yüce “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimat edib.  O, təqdimatında süni intellekt dövründə universitetlərin yenidən inşası, ali təhsil müəssisələrinin fəaliyyətinin yenidən beynəlxalq standartlara uyğun təşkilinin zəruriliyindən danışıb. 

Sonra iştirakçılar UNEC tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərindən ibarət olan “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. Həmçinin UNEC Dizayn məktəbinin tələbələrinin əl işlərinə baxış keçiriblər. 

Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və “Bazarın hüdudları” kitabının təqdimatları keçirilib.

Elm Festivalı aprelin 10-da başa çatıb. 

 

 

 

 

Xəbər lenti