Logo

Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

14.04.2025 10:15 118 baxış
IMG


 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə 12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü münasibətilə Sumqayıt Dövlət Universitetində “Aviasiya və Kosmonavtika: Keçmiş, Bu Gün və Gələcək” adlı elmi-maarifləndirici tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, təşəbbüsün əsas məqsədi kosmik tədqiqatların və aviasiya sahəsində əldə olunan nailiyyətlərin gənc nəslə çatdırılması, bu sahəyə marağın artırılması və elmin populyarlaşdırılmasıdır. Eyni zamanda, tələbələr və tədqiqatçılar üçün yeni elmi perspektivlər açmaq, onların bu istiqamətdəki fəaliyyətinə dəstək olmaq da tədbirin əsas hədəflərindəndir.

Açılış nitqi ilə çıxış edən Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov, insanlığın kosmik fəthlərə doğru atdığı ilk addımların təkcə texnoloji deyil, həm də mənəvi və elmi tərəqqinin simvolu olduğunu bildirib. O qeyd edib ki, bu gün elm və təhsilin inteqrasiyası cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biridir və bu kimi tədbirlər tələbələrdə elmə marağın formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Rəşad Səlimov, eyni zamanda, Azərbaycan elminin xüsusilə də astronomiya sahəsində qədim və zəngin ənənələrə malik olduğunu vurğulayıb və bu irsin müasir tədqiqatlarda davam etdirilməsinin vacibliyini qeyd edib.

Növbəti çıxışçı Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin Fizika kafedrasının müdiri, dosent Gülnarə Quliyeva qeyd edib ki, kosmos və onun fəthi yalnız alimlərin deyil, bütün bəşəriyyətin maraq dairəsindədir. O, bu sahədəki nailiyyətlərin təhsildə və elmi tədqiqatlarda tətbiqinin vacibliyini vurğulayıb.

ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli də öz növbəsində çıxış edərək Aviasiya və Kosmonavtika Gününün əhəmiyyətindən, bu sahənin inkişaf perspektivlərindən və ŞAR-ın gənc alimlərinin bu istiqamətdə gördüyü işlərdən bəhs edib. O bildirib ki, bu kimi tədbirlər elmi maarifləndirmə baxımından olduqca əhəmiyyətlidir və tələbələrə ilham verir.

Açılış hissəssindən sonra “12 Aprel: İnsanlığın Kosmosa İlk Addımı” adlı video-çarxın nümayiş edilməsinin ardınca tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi ssesiyada Rəsədxananın aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Həmayil Adıgözəlzadə, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Aytac İskəndərova və  məsul katibi Lalə Səlimzadə müvafiq olaraq “Kosmonavtikanın tarixi, kosmik uçuşlar və kosmik teleskoplar”, “Azərbaycanda Astronomiya tarixi” və “Müasir astronomiyanın tədqiqat istiqamətləri” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb. İnteraktiv hissədə iştirakçılarla elmi müzakirələr aparılıb, könüllü çıxışlar səsləndirilib.

 

 

 

 


 

Xəbər lenti