Aprelin 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və bp Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisasına münasibətdə nəzəri imtahan keçirilib.
Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, qeyd edilən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində keçirilən nəzəri imtahanda uğur qazanan namizədlər “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisasına münasibətdə müvafiq sənədlə təltif olunacaq.
Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Bildirilir ki, TKTA tərəfindən təqdim edilən adıkeçən sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.