İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) həyata keçirilən “ConstructionTech Incubation” layihəsinin ikinci mərhələsi olan hakaton mayın 13-də start götürüb və iki gün davam edəcək.
TƏHSİL. BİZ xəbər verir ki, inşaat və memarlıq sahəsində innovativ həllərin axtarıldığı bu mərhələdə 21 komanda 6 əsas istiqamət üzrə müəyyən olunmuş problemlər üzərində 48 saat ərzində intensiv işləyir. Tələbələrdən ibarət komandalar real problemlərə kreativ yanaşmalar tətbiq edərək prototiplər hazırlayır, bu prototipləri məhsul formatında təqdim etmək üçün ideyalarını texniki baxımdan reallaşdırmağa çalışırlar.
Hakatonun əsas məqsədi tələbələri real iş mühiti və rəqabət şəraiti ilə tanış etmək, komanda şəklində işləmə və sürətli qərarvermə bacarıqlarını inkişaf etdirməkdir. Bu mərhələdə komandalar arasında həm rəqabət, həm də əməkdaşlıq ruhu hökm sürür. Tədbir müddətində iştirakçılara mentorlar və sahə üzrə ekspertlər də dəstək göstərir.
Qiymətləndirmə meyarlarına əsasən hakatonun sonunda təqdim edilən layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və yarışın qalibləri mükafatlandırılacaq. Bu mükafatlar tələbələrin gələcək startap fəaliyyətlərinə təkan vermək və onları daha da motivasiya etmək məqsədi daşıyır.
Layihənin birinci mərhələsi olan SSJ (Student Startup Journey) tələbə düşərgəsi artıq uğurla başa çatıb. Düşərgəyə ümumilikdə 199 nəfər AzMİU tələbəsi müraciət edib, onlardan 101-i seçim mərhələsini keçərək təlimlərdə iştirak hüququ qazanıb. İki ay ərzində 10 təlimçi ilə 20 təlim, 3 ekspertlə ustad dərsləri təşkil olunub. Təlim müddətində iştirakçıların fəaliyyətləri müəyyən meyarlarla qiymətləndirilib və təlimləri 31 tələbə uğurla tamamlayıb, 8 nəfər isə yalnız iştirakçı statusu ilə bitirib. Sonda seçilən 3 tələbə 1000 AZN məbləğində mükafatlandırılıb.
Hakaton başa çatdıqdan sonra layihənin üçüncü mərhələsi – inkubasiya proqramı başlayacaq. Bu mərhələdə 10 təlimçi ilə 20 ixtisaslaşdırılmış təlim, 5 ekspertlə ustad dərsləri, eləcə də mentor dəstəyi həyata keçiriləcək.
İnkubasiya mərhələsində seçilmiş komandalar öz ideyalarını daha da təkmilləşdirmək, onları real məhsula çevirmək və startap bazarına çıxmaq üçün dəstək alacaqlar.
“ConstructionTech Incubation” layihəsi 2025-ci ilin iyul ayında yekunlaşacaq. Layihənin sonunda ölkənin innovasiya ekosistemində yeni nəsil ixtisaslaşmış kadrlar formalaşacaq, gənclərin ideyaları reallaşaraq startaplara çevriləcək və universitetin elmi potensialının kommersiyalaşdırılması üçün möhkəm zəmin yaranacaq.