Logo

BP ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında memorandum imzalanıb

14.05.2025 09:56 100 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

TƏHSİL.BİZ xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Konfederasiyanın sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan şəraitdən söz açıb, ölkə başçısı Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. “Kurort” Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicəsi və istirahətinin səmərəli təşkili istiqamətində kompleks tədbirlər görülür.

Vurğulanıb ki, AHİK tərəfindən özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsinə dəstək göstərilir.

AHİK sədri Sahib Məmmədov  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı görülən işlər barədə də məlumat verib, Akademiyada yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin artıq müxtəlif sahələr üzrə təlimlər, seminarlar və təcrübə mübadilələri üçün əlverişli platformaya çevrildiyini bildirib.

Tədbirdə həmçinin BP şirkəti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb, sənədin qarşılıqlı əlaqələrin güclənməsinə, əməkdaşlığa, faydalı təcrübə mübadiləsinə geniş imkanlar yaradacağı qeyd edilib.

Sonra AHİK-in fəaliyyəti, “Layiqli əmək səfirləri”, “Həmkardan həmkara qayğı ilə” və "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar  nümayiş olunub.

Çıxış üçün söz alan BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərindən, xüsusilə təhsil və peşə hazırlığı sahəsinə dəstəyindən danışıb, Konfederasiyanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum təhsil və təcrübə proqramlarının təşkili, birgə layihələrin həyata keçirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi kimi sahələrdə konkret nəticələrə əsaslanmaqla hər iki tərəf üçün faydalı olacaqdır.

 

 

 

 


 

Xəbər lenti