Logo

Tələbələrin uğuru: AzMİU komandası beynəlxalq müsabiqədə ilk beşlikdə

14.05.2025 10:18 52 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində bu həftə Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elmdə addımlar: TEC günləri” kimi qeyd olunub və bir sıra elmi tədbirlər keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında universitetin elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova bildirib.

“Bu həftə Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirildi. İlk növbədə, təlimlərlə başlandı, sonra Ulu Öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş iki günlük konfrans keçirildi. İki gün sonra isə tədbirimiz olimpiada ilə davam etdi. Hazırda isə tələbələrin və bir sıra şirkətlərin iştirakı ilə belə bir müsabiqə təşkil olunub. Bu müsabiqə bizim ikili diplom proqramımızın olduğu İstanbul Texniki Universitetində hər il keçirilir və üç dəfə bizim tələbələr – həm Tələbə Elmi Cəmiyyətinin üzvləri, həm də müəllimlərimiz orada iştirak ediblər. Bu təcrübənin nəticəsi olaraq, tədbiri universitetimizə də gətirmək qərarına gəldik.

Bilirsiniz ki, İstanbul Texniki Universitetinin əsas istiqamətlərindən biri inşaat mühəndisliyi sahəsidir və bu sahədə bizim çox yaxşı əməkdaşlığımız var. İkili diplom proqramımız da bu sahəyə aiddir. Bu təcrübəyə biz də başladıq, inşallah ki, uğurla gələcəkdə də davam etdirərik.

Bu sahədə bir uğurumuzu da qeyd etmək istəyirəm. Bu il müsabiqədə iştirak edən tələbələrimiz 5 ölkədən 25 komanda arasında 5-ci yeri qazandılar. Hesab edirəm ki, bu çox böyük uğurdur. Tələbələrin şəxsi təşəbbüsünü də xüsusi vurğulamaq lazımdır. Onların bu tədbirdə iştirak etmələri tamamilə öz təşəbbüsləri ilə baş tutub. Düşünürük ki, gələcəkdə bu tədbiri universitetlərarası bir yarışmaya çevirmək və bəlkə də türk universitetləri ilə birgə keçirmək mümkündür", - deyə prorektor bildirib.

Gələcək planlarla bağlı suala cavab verən Nigar Aslanova əlavə edib: “Tədbiri ilk dəfə planlayarkən daha geniş miqyasda başlamağı düşünürdük. Lakin qərara gəldik ki, əvvəlcə müəyyən təcrübə toplayaq və ilk addımın necə alınacağını görək. Uğuruna isə tam əminik. Siz də özünüz şahid olursunuz tələbələr böyük sevinc və həvəs içində iştirak edirlər, forma geyiniblər, şəkillər çəkdirirlər və s. Gələcəkdə bu tədbirin universitetlərarası səviyyədə keçirilməsi planlaşdırılır. Düşünürəm ki, bu, tamamilə real və mümkün bir məqsəddir".

Qeyd edək ki, mayın 13-də AzMİU-da “Elmdə addımlar: TEC günləri” çərçivəsində tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Gələcəyin qurucuları” adlı yeni layihənin icrasına başlanılıb. Tədbir mayın 15-dək davam edəcək.

Xəbər lenti