Logo

Gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” respublika elmi konfransı keçirilib

14.05.2025 11:16 52 baxış
IMG

AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib. Tədbirdə Dilçilik İnstitutunun, elmi müəssisə və təşkilatlarının, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının, respublikanın ali təhsil müəssisələrinin nümayəndələri, gənc alimlər, doktorant və dissertantlar iştirak ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında konfransın əsas məqsədinin ölkəmizin görkəmli dilçilərini yeni nəslə tanıtmaq, gənc dilçiləri bir araya gətirmək, onları sələflərinin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, eyni zamanda, gənclərə həmyaşıdları ilə ünsiyyət yaratmaq, təcrübə mübadiləsi aparmaq, araşdırmalarını təqdim etmək fürsəti vermək olduğunu deyib.

Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-da gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi və təşviqi istiqamətində mühüm addımlar atılır, Akademiyada “Gənclər mükafatı” və “İlin gənc alimi” diplomu təsis olunub, Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalının sayı ildə 4 dəfəyə çatdırılıb, bir nömrəsi ingilis dilində çap edilir. Həmçinin gənclər üçün elmi konfranslar və yay məktəbləri təşkil olunur.

AMEA prezidenti həyata keçirilən tədbirlərə baxmayaraq, gənc yaşda müdafiə edənlərin sayının az olduğunu, bu istiqamətdə elmi rəhbərlərin və institut direktorlarının üzərinə böyük məsuliyyət düşdüyünü deyib, doktorant və dissertantlara göstərilən qayğı və tələbkarlığın balansının bu məsələdə xüsusi rol oynadığını söyləyib.

AMEA-nın 80 illiyi ərəfəsində Dilçilik İnstitutunun təşkilatçılığı ilə gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının keçirilməsinin təqdirəlayiq olduğunu deyən akademik İsa Həbibbəyli bu addımın digər institutlar üçün də nümunə olacağını, gələcəkdə gənc ədəbiyyatçıların, tarixçilərin, filosofların və s. konfransının da keçirilə biləcəyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, bugünkü tədbir 80 yaşlı Akademiyanın gələcəyinə hesablanıb və elmi məktəblər yaratmış alimlərimizin ənənələri və nəsillər arasındakı estafet davam etdirilməlidir.

Azərbaycan dilinin saflığının qorunması və zənginləşdirilməsi istiqamətində dilçi alimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən AMEA rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan dili Azərbaycan SSR-in Konstitusiyasına dövlət dili kimi daxil edilmiş, sonralar müstəqil Azərbaycanın ilk Konstitutusiyası qəbul edilərkən yenə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan dili rəsmi dövlət dili statusu almışdır.

Natiq görkəmli dövlət xadiminin ana dilimizə göstərdiyi qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və indiki qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunması istiqamətində mühüm addımlar atıldığını söyləyib. Bildirib ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Türk dünyasını bizim ailəmiz adlandırıb və qarşımıza bu istiqamətdə vəzifələr qoyub.

“Azərbaycan daim türkologiya baxımından öndə olub və dünyada türkologiyanın mərkəzlərindən biri kimi tanınıb. SSRİ-nin nüfuzlu “Sovetskaya tyurkologiya” jurnalı məhz uzun illər Bakıda işıq üzü görüb. Türkologiya dilçiliyin önəmli istiqamətlərindən biridir. Son dövrlərdə Akademiyada dövlət başçısının Türk dünyası ilə bağlı tapşırığından irəli gələrək Dilçilik, Ədəbiyyat, Şərqşünaslıq, Tarix, Fəlsəfə və Sosiologiya, Memarlıq və İncəsənət institutlarında daxili imkanlar hesabına yeni şöbələr yaradılıb və geniş tədqiqatlar aparılır. 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsini planlaşdırırıq. Həmçinin ötən il Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən edilmiş tərcüməsi 86 il sonra tapılaraq yenidən nəşr edilib və UNESCO səviyyəsində təqdimatı keçirilib. Bu Akademiyamızın, Azərbaycan elminin böyük nailiyyətidir və bunları davam etdirməli, türkologiya istiqamətində fəaliyyətimizi daha da genişləndirməliyik”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

O vurğulayıb ki, bu gün ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası fəaliyyət göstərir və komissiyanın sədrinin Prezident İlham Əliyev olması dövlət başçısının Azərbaycan dilinə qarşı göstərdiyi diqqətin bariz nümunəsidir.

Sonra çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində rəhbərlik etdiyi elmi müəssisənin qarşısına qoyulan vəzifələrdən və bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, institutun fəaliyyətinin, beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, ölkəmizin dilçiləri ilə elmi əlaqələrin yaradılması baxımından bu tədbir böyük əhəmiyyətə malikdir.

Konfransda filologiya elmləri doktoru Qətibə Mahmudova, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkədə gənclərin sosial inteqrasiyası, təhsili və ictimai fəallığı sahəsində mühüm nailiyyətlər əldə olunub.

Konfransda doktorantlar Ülkər Xəlilli “Azərbaycan dilinin “insanın emosional vəziyyəti” frazeosemantik sahəsində “təəccüb”, Saffet Alp Yılmaz “Qərbi Azərbaycanda zootoponimlərin mənzərəsi”, Tünzalə İsmayılova “XIV-XV əsr qıpçaq lüğətlərində toxuculuq leksikası” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir öz işini bölmə iclasları ilə davam etdirib.

Xəbər lenti