Logo

AzMİU-da 880 imtahan işinə apellyasiya qaydasında yenidən baxılıb

09.07.2025 09:49 52 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ilinin yaz semestri üzrə imtahan sessiyası çərçivəsində tələbələrin nəticələrlə bağlı narazılıqlarının araşdırılması məqsədilə yaradılmış Apellyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb.

AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, universitetdə apellyasiya prosesi müntəzəm və sistemli şəkildə təşkil olunub. Xüsusilə yazılı imtahanların nəticələrinə dair apellyasiya iclasları hər iki həftədən bir şənbə günləri keçirilib. Tələbələr qiymətlərlə bağlı narazılıqlarını onlayn formada Apellyasiya Komissiyasına təqdim edib və müraciətlər daxil olduqdan sonra bir həftə ərzində tələbələr universitetə dəvət olunub.

Apellyasiya iclasları zamanı tələbələr imtahan işini yoxlayan müəllimlə birbaşa diskussiya aparmaq imkanı əldə ediblər. Müəllim verdiyi qiyməti əsaslandırıb, tələbə isə cavablarını izah edərək daha yüksək bal almağa çalışıb. Arqumentləri əsaslı hesab olunan tələbələrin  yazılı işləri yenidən qiymətləndirilib və balları artırılıb.

Apellyasiya prosesində tədris işləri üzrə prorektor, Apellyasiya Komissiyasının sədri, Tədris şöbəsinin müdiri, Şifrə komissiyasının üzvləri və müvafiq fakültələrin dekan müavinləri iştirak edib. Komissiyanın fəaliyyəti şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanıb.

Cari semestrdə yazılı imtahanlarla bağlı ümumilikdə 500-ə yaxın, test imtahanları üzrə isə 380 apellyasiya müraciətinə baxılıb. Bu göstəricilər AzMİU-da apellyasiya mexanizminin səmərəli fəaliyyət göstərdiyini və tələbə məmnuniyyətinin təmin olunmasına önəm verildiyini sübut edib.

Xəbər lenti