Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Çin mədəniyyətinə həsr olunan “Dəniz günü” bayramı qeyd edilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir çərçivəsində institutun direktoru professor Rafiq Abbasov “Azərbaycan və Dəniz İpək Yolu” mövzusunda onlayn yay mühazirəsi ilə çıxış edib. Mühazirə Çin tarixinin görkəmli şəxsiyyətlərindən biri - dənizçi və diplomat Zheng Henin fəaliyyətinə həsr olunub. R. Abbasov 1421-ci ildə müsəlman admiral Zheng Henin taxta yelkənli gəmilərlə Ərəbistan sahillərinə etdiyi ekspedisiya zamanı çinli dənizçilərin Ədən limanına çatmaları və Məkkəyə ziyarət səfərlərindən bəhs edib.
Professor bildirib ki, 1405–1433-cü illərdə Zheng Henin yeddi hərbi-ticarət ekspedisiyası Asiya və Afrika ölkələri ilə yeni dəniz yollarının açılmasına, gəmiqayırma və naviqasiyanın inkişafına səbəb olub. Bu səfərlər xalqlar arasında ticarət və mədəni mübadilələrin genişlənməsinə də töhfə verib.
R.Abbasov, həmçinin vurğulayıb ki, əsası Tsin və Han sülalələri dövründə qoyulmuş, Suy və Tan sülalələri dövründə isə inkişaf edən Dəniz İpək Yolu Çin ilə dünya arasında iqtisadi və mədəni əlaqələrin əsas marşrutuna çevrilib. Həmin dövrdə gəmiqayırma texnologiyaları sürətlə inkişaf edib, kompasdan geniş istifadə olunmağa başlanıb.
Konfutsi İnstitutunun direktoru Çinin sahil şəhərlərinin – Quançjou, Tsüançjou və Fuçjounun inkişaf etmiş limanlara çevrilərək Avropa, Hindistan, Cənub-Şərqi Asiya, İran və Ərəbistan yarımadasına Çin ipəyi, çay, çini və nefrit kimi məhsulların daşındığı əsas dəniz yollarına qoşulduğunu bildirib.
Mühazirədə Çinin XXI əsr Dəniz İpək Yolu təşəbbüsünün məqsəd və vəzifələrinə də toxunulub. R.Abbasov qeyd edib ki, bu təşəbbüs Cənubi Çin dənizi, Sakit və Hind okeanları ətrafında strateji əməkdaşlıq, liman tikintisi, texnoparkların yaradılması, balıqçılıq, turizm, dəniz biofarmasevtikləri, suyun duzsuzlaşdırılması və ixtisas təhsili sahələrində əməkdaşlıqları əhatə edir. Təşəbbüs, həmçinin Asiya ilə Yaxın Şərq, Avropa, Şərqi Afrika və Latın Amerikası arasında yeni dayanıqlı logistika marşrutlarının yaradılmasını nəzərdə tutur.
Professor, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətindən, bu limanın beynəlxalq yükdaşımalarda Azərbaycanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsindən danışıb. O bildirib ki, Bakı limanı ilə Çinin aparıcı nəqliyyat-logistika şirkətləri arasında əməkdaşlıq inkişaf edir, liman idarəçiliyi, gəmiqayırma və intermodal terminalların yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir.
Eyni zamanda, Bakı limanının Ümumdünya Limanlar Konfransında və Beynəlxalq Limanlar Assosiasiyasının fəaliyyətində iştirakından, Çinlə əməkdaşlıq çərçivəsində Tsindao limanı ilə imzalanan anlaşma memorandumundan və ilk Çin–Avropa Trans-Xəzər konteyner qatarının Bakıya çatmasından söz açılıb.