Logo

Azərbaycan alimləri Avstriyada beynəlxalq konfransda çıxış ediblər

10.07.2025 15:36 81 baxış
IMG

Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Din və sosial-mədəni transformasiya: Avropa və xaricindəki perspektivlər” mövzusunda beynəlxalq konfransda Azərbaycan alimləri fəal iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

Konfrans çərçivəsində Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva və Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri dosent Anar Qafarov “Bölünmüş dünyada inanc ilə ağıl arasında körpü qurmaq: interdisiplinar perspektiv” mövzusunda keçirilən paneldə məruzələrlə çıxış ediblər.

Bu beynəlxalq tədbirdə ilk dəfə olaraq Azərbaycan alimi – professor Könül Bünyadzadənin təşəbbüsü və ideya müəllifliyi ilə elmi panel təşkil olunub.

Professor Könül Bünyadzadə “Sufi fenomenologiya: bölünmüş dünyanın çağırışlarına yeni yanaşma” mövzusunda məruzəsində sufizm və fenomenologiyanın sintezinin çağdaş dünyada müşahidə olunan mənəvi parçalanmaların aradan qaldırılmasında oynaya biləcəyi rolu elmi kontekstdə şərh edib.

Professor Roida Rzayeva isə “Postmodern diskursda dəyişən din anlayışı” mövzusunda çıxış edərək, dinin çağdaş cəmiyyətlərdə dəyişən siması və bu dəyişikliklərin sosial-mədəni təsirlərini təhlil edib.

Dosent Anar Qafarovun “Birgəyaşayışı təmin edən dəyərlərə dair şüurun formalaşmasında fəlsəfə və dinin əhəmiyyəti” adlı çıxışında isə ictimai həmrəyliyin təminində fəlsəfi və dini dəyərlərin vəhdəti məsələləri elmi əsaslarla şərh olunub.

Konfransda, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova dinləyici qismində panel müzakirələrinə qoşulub.

Tədbir çərçivəsində Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzində Azərbaycan alimlərinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı iştirakçılar arasında elmi əməkdaşlıq imkanları və perspektivlər müzakirə edilib, eyni zamanda, Azərbaycan elmi və mədəniyyətinin beynəlxalq müstəvidə təbliğinin əhəmiyyəti vurğulanıb.

Xəbər lenti