Logo

AMEA-da aparılan multidisiplinar tədqiqatlar dünya alimlərinin diqqət mərkəzindədir

17.07.2025 14:50 58 baxış
IMG

Tanınmış amerikalı alim Azərbaycanda folklor sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib

ABŞ-ın məşhur folklorşünas alimi, professor Simon J. Bronner “Amerika Folklor Cəmiyyəti – Tarix və Folklor Bölməsi” adlı feysbuk səhifəsində AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev və AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru, dosent Səfa Qarayevin elmi fəaliyyəti ilə bağlı paylaşım edib.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, o, Azərbaycanın gənc alimlərinin yaradıcılığını yüksək qiymətləndirib, onlara dəstəyini nümayiş etdirib.

Son illərdə ölkəmizdə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və həyata keçirilən genişmiqyaslı tədbirlərə müvafiq olaraq, AMEA-da da bu qurumun prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə mühüm işlər görülür, humanitar və ictimai elmlərin prioritetlərinin dövlətin milli maraqlarına uyğunlaşdırılması məsələsinə xüsusi diqqət göstərilir. AMEA rəhbəri innovativ multidisiplinar tədqiqatların genişləndirilməsi, xüsusilə süni intellektin humanitar və ictimai elmlər sahəsində tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu islahatlar yüksəkixtisaslı kadrların, müasir texnoloji bacarıqlara malik tədqiqatçıların hazırlanmasında və yeni elmi istiqamətlərin formalaşdırılmasında böyük rol oynayır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Hikmət Quliyev folklorşünaslıq ixtisası üzrə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb, ona Azərbaycanda ilk dəfə olaraq internet folkloru mövzusu üzrə filologiya elmləri doktoru diplomu təqdim olunub. Dissertasiya Folklor İnstitutu ilə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitunun elmi əməkdaşlığı çərçivəsində hazırlanıb.

Həmçinin Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Səfa Qarayevə folklorşünaslıq ixtisası üzrə “Folklorda metaforik düşüncənin psixoanalitik semantikası” mövzusu üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilib. Bu dissertasiya təxminən 10 il ərzində aparılmış tədqiqatların nəticəsi kimi, ölkəmizdə psixoanalitik folklorşünaslıq sahəsində ilk iş hesab olunur.

Amerikalı professor Simon J. Bronner feysbuk sosial şəbəkəsində Hikmət Quliyevin elmi fəaliyyəti haqqında paylaşımında onun internet folkloru ilə bağlı apardığı tədqiqatların bir hissəsinin əks olunduğu “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı haqqında fikirlərini bölüşüb, burada yer alan tədqiqat nəticələrini yüksək dəyərləndirib. Qeyd edib ki, bu monoqrafiya internet mühitində mövcud olan folklor yaradıcılığı problemlərinin spesifikasına, informasiya və kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorun keçirdiyi dəyişikliklərə həsr olunub. O, əsərdə virtual mühitdə formalaşan yeni ənənənin xüsusiyyətləri və kommunikativ münasibətlərin analizinin də diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Eyni zamanda, Simon J. Bronner sosial şəbəkədə Səfa Qarayevi filologiya elmləri doktoru adını alması münasibətilə təbrik edib, onun folklorda metaforik düşüncənin psixoanalitik semantikası istiqamətində apardığı tədqiqatları, əldə etdiyi mühüm elmi nailiyyətləri yüksək qiymətləndirib: “Dissertasiyanın tədqiqat obyekti geniş və zəngin material bazasına malik olan Azərbaycan folklorudur. Dissertasiyada folklora sosial-mədəni kontekstdə yanaşma onun filoloji baxımdan görünməyən zənginliyini və funksional xarakterini üzə çıxarır. Tədqiqatın obyekti birbaşa müxtəlif sosial kommunikasiya formaları - nağıllar, dastanlar, lətifələr, atalar sözləri, bayatılar və s. kimi nəzərdən keçirilən Azərbaycan folklorunun zəngin mətn korpusudur”.

Hər iki alim – həm Hikmət Quliyev, həm də Səfa Qarayev professor Simon J. Bronner ilə sosial şəbəkə üzərindən mütəmadi olaraq Azərbaycan folkloru, mədəniyyəti, bu sahədə aparılan yeni tədqiqatlar və əldə olunan mühüm elmi nailiyyətlərə dair müzakirələr aparıb, onun elmi işlərinə istinad ediblər.

Gənc yaşda elmlər doktoru elmi dərəcəsinə layiq görülən azərbaycanlı alimlərin folklor sahəsində apardıqları multidisiplinar tədqiqatların dünya miqyasında maraqla qarşılanması, tanınmış alimlərin diqqətini cəlb etməsi AMEA-da müasir elmi çağırışlara cavab verən araşdırmaların aparıldığını bir daha təsdiqləyir.

 

Xəbər lenti