Logo

BDU-nun rektoru Elçin Babayev: Elmin və təhsilin hamisi

09.05.2021 12:09 557 baxış
IMG

Dünya siyasət tarixinin fenomenal şəxsiyyətlərindən biri, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı ulu öndərimiz Heydər Əliyevin anadan olmasından 98 il ötür. Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan ümummilli liderimizin heç vaxt bitməyəcək, əsrlərlə yaşayacaq mənəvi ömrünün 98-ci zirvəsindən ötən illərə baxdıqca, bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır. Bu şərəfli ömür yolunun hər bir səhifəsi onun bütünlüklə xalqımızın tərəqqisinə, Azərbaycan dövlətinin inkişafına və dünyada layiqincə tanıdılmasına həsr olunub.

 

Həyatının məqsədi, başlıca amalı doğma xalqının xoşbəxtliyi olan ulu öndər Heydər Əliyev millətimizin taleyinə həlledici təsir göstərən, bu taleyi yönləndirən, istiqamətləndirən dahi şəxsiyyətdir. Dünya tarixində xalq­ların, dövlətlərin taleyinə həlledici təsir göstərən şəxsiyyətlər çox azdır. Həmin şəxsiyyətləri siyasi ədəbiyyatda lider adlandırırlar. Amma dahi Heydər Əliyevin fəth etdiyi zirvə liderlik zirvəsindən də ucadır. Ona görə də xalqımız haqlı olaraq bu böyük şəxsiyyəti ümum­milli lider adlandırır.

 

Ümummilli liderlərə isə dünya siyasətində nadir hallarda rast gəlmək olur: Mustafa Kamal Ata­türk, Corc Vaşinqton, Mahatama Qandi kimi... Dünya siyasətinin fenomeni Heydər Əliyev kimi... Bu mənada ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət deyil, eyni zamanda tarixi yaradan şəxsiyyətdir.

 

XX əsrin əvvəllərində dövlət müstəqilliyini itirmiş, ümidsizlik girdabında boğulan Azərbaycan xalqının suverenlik arzuları əsrin 70-ci illərində yenidən cücərməyə başladı. 14 iyul 1969-cu ildə tale Azərbaycan xalqının üzünə yenidən güldü. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı həmin tarix yalnız sovet Azərbaycanının həyatında yeni mərhələnin başlan­ğıcı deyil, eyni zamanda müstəqil Azərbaycanın quruculuğuna gedən yolun başlanğıcı, xalqı­mızın illərlə qəlbində közərtdiyi, sönməyə qoymadığı müstəqillik alovunun ilk işartısı oldu.

 

Sovet imperiyasının təqib və təzyiqlərinə baxmayaraq ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev xalqmızın milli şüurunun dirçəlməsi, tarixi yad­daşımızın bərpası, ana dilimizin üstünlüyünün təmin olunması, soy-kökümüzə qayıdışla bağlı mi­silsiz işlər gördü, müstəqilliyimizə gedən çətin yolun ilk cığırları­nı ustalıqla açdı. Məhz həmin illərdə bu dahi şəxsiyyətin səyləri nəticəsində Azərbaycan sovetlər birliyinin ucqar, geridə qalmış kənd təsərrüfatı respublikasından sənayenin inkişaf etdiyi respubli­kaya çevrildi, qısa bir müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötüb keçdi. 1969–1982-ci illərdə respubli­kada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı 2,3 dəfə artdı, 250-dək yeni iri sənaye müəssisəsi yara­dıldı, ölkənin sənaye potensialı əvvəlki 50 ildəki göstəriciləri 2 dəfə üstələdi.

 

Elmin, təhsilin inkişafına xüsusi diqqət yetirən, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını priori­tet hesab edən Heydər Əliyevin misilsiz xidmətləri sayəsində respublikada yüzlərlə yeni məktəb istifadəyə verildi, ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırıldı, tələbə qəbulunda şəffaflıq, ədalətlilik təmin olundu. Ulu öndərin şəxsi nüfuzu və əlaqələri hesabına yüzlərlə azərbaycanlı gənc zəruri ixtisaslara yiyələnməsi üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərildi.

 

Azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsi, eyni zamanda gələcəkdə müstəqil Azərbaycan Ordusunu milli ruhlu, vətənpərvər zabit korpusu ilə təmin etmək məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Çar Rusiyası zamanında azərbaycanlıların hərbi xidmətə aparılmadığını, sovet dövründə isə əsasən tikinti taborlarında xidmətə cəlb olunduğunu göz önünə gətirəndə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin hansı çətinliklərdən keçərək yaradıldığını, həmçinin bu müdrik qərarın tarixi əhəmiyyətini daha aydın təsəvvür etmək olur.

 

Eyni zamanda, bu müdrik, dahiyanə və cəsarətli qərarı qəbul edən, onu inadla gerçəkləşdirən ulu öndər Heydər Əliyevin fəhminə, dünyagörüşünə, uzaqgörənliyinə heyran olma­maq mümkün olmur. Məhz həmin hərbi məktəbdə yetişmiş, formalaşmış zabitlər müstəqil Azərbaycan Ordusunun quru­cuları oldular, Birinci Qarabağ müharibəsində və möhtəşəm qələbə ilə başa çatan Vətən müharibəsində öz peşəkarlıqlarını, vətənpərvərliklərini nümayiş etdirdilər, şəhidlik, qazilik zirvəsinə ucaldılar.

 

Milli ruhun dirçəlməsində mədəniyyətin, ədəbiyyatın oynadı­ğı müstəsna, aparıcı rolu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev ötən əsrin 70–80-ci illərində Azərbaycanın mütəfəkkir tarixi şəxsiyyətlərinin, o cümlədən Niza­mi, Füzuli, Nəsimi, Səməd Vurğun, Hüseyn Cavid kimi görkəmli adamların yubileylərinin ölkə və ittifaq miqyasında keçirilməsinə nail oldu, nüfuzlu elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinə abidələr ucaltdı, onların xatirəsini əbədiləşdirdi. Bütün bu əməli addımlarla ulu öndərimiz xal­qımızın zəngin mədəniyyətini, ədəbiyyatını, adət-ənənələrimizi təbliğ edir, xüsusilə gənc nəslə aşılayırdı.

 

Əminliklə söyləmək olar ki, sovet dövründə ulu öndərin bütün fəaliyyəti müstəqil Azərbaycanın qurulmasına hesablanmışdı və bu əməli addımlar müstəqilliyimizin bönövrəsinə atılan ilk sütunlar idi. Bu gün müstəqil və qüdrətli, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan məhz həmin sütunla­rın üzərində qərar tutub.

 

1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müa­vini vəzifəsinə təyin olunan Heydər Əliyev Sovet İttifaqında siyasi hakimiyyətin zirvəsinə yüksəlməklə əlində olan bü­tün imkanlardan yararlanaraq doğma xalqının tərəqqisinə çalışmış, Azərbaycanın iqtisa­di, sosial, mədəni inkişafı üçün misilsiz işlər görmüşdür. Hər zaman prinsipallığı, dürüstlü­yü və səmimiliyi ilə seçilən ulu öndər Heydər Əliyev 1987-ci ildə Sovet İttifaqı rəhbərliyinin və şəxsən M.Qorbaçovun yanlış siyasətinə etiraz olaraq tutduğu bütün vəzifələrdən istefa versə də ruhdan düşmədi. Dünya şöhrətli siyasət və dövlət xadimi bir an belə işgüzar fəaliyyətdən kənarda qalmadı, əksinə doğma xalqının tükənməz sevgisi və ali ehtiramı onu daha inamla, əzmlə çalışma­ğa sövq etdi.

 

Hər zaman qəlbi doğma xalqı ilə döyünən ulu öndərin qanlı 20 Yanvar faciəsinin törədildiyi günlərdə imperiyanın paytaxtın­da açıq bəyanatla çıxış edərək faciənin səbəbkarlarını göstərməsi və doğma xalqının yanında olduğunu yüksək səslə ifadə etməsi Heydər Əliyev personasını əvəzolunmaz, cəsarətli, ideyaların­dan, prinsiplərindən bircə addım belə geri çəkilməyən lider kimi bir daha təsdiqlədi.

 

Böyük siyasət qrossmeystrinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Heydər Əliyevin, eləcə də xalqımızın taleyində yeni mərhələ sayıla bilər. Məhz bu dövrdə böyük rəhbərin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Res­publikası ilə sıx əlaqələr quruldu, blokada şəraitində yaşayan Naxçı­van əhalisi çətin vəziyyətdən çıxa bildi. Eyni zamanda, həmin dövrdə ulu öndərin Naxçıvana rəhbərlik etməsi bu tarixi Azərbaycan torpağını erməni işğalına məruz qalmaqdan xilas etdi.

 

Həqiqi xalq lideri Naxçı­vana rəhbərlik etdiyi dövrdə– ölkəmiz hələ müstəqilliyini əldə etməmişdən öncə böyük cəsarət nümayiş etdirərək üçrəngli bay­rağımızı muxtar respublikanın dövlət bayrağı kimi təsdiq etdi. Bu, olduqca qətiyyətli və uzaqgörən bir addım idi. Bu addım eyni zaman­da müstəqilliyimizə gedən yolda dönüş nöqtəsi idi.

 

1992-ci ildə Naxçıvanda sonra­dan nəinki ölkəmizin, bütünlüklə, regionun ən böyük və monolit siyasi partiyasına çevriləcək Yeni Azərbaycan Partiyasını yaratmaq­la ümummilli lider Heydər Əliyev həm Azərbaycanın xilasının kon­turlarını müəyyənləşdirdi, həmçinin ölkəmizin 90-cı illərin hərc-mərclik, özbaşınalıq axınındakı səbatsız, dağınıq siyasi həyatına yeni siyasi sistem, yeni düzən gətirdi.

 

1993-cü ildə ölkəmizdə yara­nan siyasi gərginlik, özbaşınalıq özünün pik həddinə çatdı. Siyasi çəkişmələrin fonunda əhalinin güzəranı günbəgün ağırlaşır, tarixi torpaqlarımız bir-birinin ardınca mənfur qonşumuz tərəfindən işğala məruz qalırdı. Bu ağır vəziyyətdən isə Azərbaycanı yal­nız və yalnız böyük siyasət xadimi Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ildə xalqın çağırışına səs verən Heydər Əliyevin yenidən si­yasi hakimiyyətə qayıtdığı 15 iyun günü Azərbaycanın müasir tarixi­nin dönüş nöqtəsi oldu. Məhz 15 iyun tarixi Azərbaycanı bir dövlət kimi yox olmaq təhlükəsindən birdəfəlik xilas etdi. Bu mənada qədirbilən xalqımız haqlı olaraq həmin tarixi Milli Qurtuluş Günü adlandırır.

 

Hadisələrin sonrakı inkişafının təhlili sübut edir ki, əgər ümummilli lider Heydər Əliyev Azərbaycana daha əvvəldən rəhbərlik etsəydi, ermənilər və onların havadarları öz çirkin niyyətlərini həyata keçirməyə nail olmayacaqdılar, torpaqları­mız işğal altına düşməyəcəkdi. Tariximizə Milli Qurtuluş Günü kimi düşən 1993-cü ilin 15 iyunun­da ulu öndərimiz Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə iqtisadiyyatın və sənayenin bütün sahələri sürətlə inkişaf etdi, əhalinin rifah halı yaxşılaşdı, ölkəmiz diplomatik cəbhədə böyük uğurlar qazandı, dünya ölkələri Azərbaycanla he­sablaşmalı oldular.

 

Eyni zamanda ulu öndərimizin rəhbərliyi ilə peşəkar ordu­nun formalaşdırılması, silahlı birləşmələrin vahid komandanlıq altında səfərbər olunması, Füzu­li–Horadiz istiqamətində uğurlu döyüş əməliyyatlarının aparılması düşməni atəşkəs sazişini imza­lamağa məcbur etdi. Atəşkəs dövründə peşəkar ordu quruculu­ğu, diplomatik cəbhədə qazanıl­mış uğurlar və ölkəmizin iqtisadi cəhətdən inkişafı Azərbaycanın mövqelərini günbəgün möhkəmləndirdi. İmzalanmış neft müqavilələri və digər iqtisadi layihələrlə dövlətimizin rifah halını yüksəltdi, insanlarımızı ümidsizlik girdabından xilas etdi.

 

Bütün bu xronologiya bir daha sübut edir ki, əgər ulu öndər münaqişənin başladığı ilk dövrdə ölkəmizə rəhbərlik etsəydi, bu müsibətlərin heç biri xalqımı­zın başına gəlməyəcəkdi. Bu nəhayətsiz, miqyası heç bir ölçüyə sığmayan uğurlarımıza konsep­tual yanaşma, 30 ildə ölkəmizdə baş vermiş hadisələrin politoloji təhlili onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü bütün nailiyyətlərinin, eyni zamanda 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə Prezident Heydər Əliyev tərəfindən qoyulmuş sarsıl­maz xalq-iqtidar birliyi dayanır.

 

Müstəqil Azərbaycanın quru­cusu Heydər Əliyevin 1993–2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycan keçid dövrünün çətinliklərini uğurla ar­xada qoyub, dirçəliş mərhələsinə daxil oldu. 1996-2003-cü illərdə makroiqtisadi göstəricilər 2–3 dəfə artdı, ölkədə 3 min yeni sənaye müəssisəsi yaradıldı. Bu dövrdə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş vüsət aldı və respublikamı­zın beynəlxalq nüfuzu durmadan yüksəlməyə başladı.

 

Ölkə həyatının bütün sahələrini öz qayğısı ilə əhatə edən Prezident Heydər Əliyev dünya şöhrətli məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” – kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşmışdır. Ulu rəhbər istər sovet dövründə, istərsə də müstəqillik illərində universitetin kadr potensialının, maddi-texniki bazasının güclənməsinə əvəzsiz töhfələr vermişdir. Ümummilli liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir. Bu tarixi mərhələnin hər bir anı universite­timizin qədirbilən kollektivi və milli ruhlu tələbələri üçün doğmadır, əzizdir, müqəddəsdir.

 

Bu gün fəxrlə söyləyirik ki, BDU-nun ən böyük, dünya şöhrətli məzunu ulu öndərimiz Heydər Əliyevdir. Ulu öndərin ötən əsrin 70-ci illərindən müntəzəm qayğısı ilə əhatə olunan doğma universi­tetimiz son 18 ildə isə möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Möhtərəm dövlət başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin 2019-cu ildə təntənəli şəkildə qeyd edilməsi, alimlərimizin əməyinə yüksək qiymətin verilməsi, onların ali dövlət mükafatları ilə təltif edilməsi universitetin 100 illik tarixinin səhifələrinə qızıl hərflərlə yazılmış­dır. Universitet kollektivi həmişə olduğu kimi bu gün də ulu öndərin siyasətini, cənab Prezidentimizin müəyyənləşdirdiyi prioritetləri rəhbər tutaraq öz fəaliyyətini da­vam etdirir və ölkəmizin tərəqqisi naminə əzmlə çalışır.

 

Qüdrətli liderin ölkəmizə rəhbərlik etdiyi illərdə bugünkü güclü, qüdrətli Azərbaycanın prioritetlərini də müəyyənləşdirdi, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını hazırladı. Dahi şəxsiyyətin Azərbaycan xalqı­na ən böyük töhfəsi isə həmin prioritetləri, inkişaf konsepsiyasını özündən sonra həyata keçirəcək siyasi varisini yetişdirməsidir. 2003-cü ildə sevimli xalqına etdiyi tarixi müraciətində ulu öndər əminliklə deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Bu dahiyanə fikirlər keçdiyimiz zaman ərzində ölkə həyatının bü­tün sahələrində özünü ifadə elədi, ümummilli liderin bütün arzuları, planları liderlik xüsusiyyətlərini özündə ehtiva edən Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildi.

 

Bu gün əminik ki, anadan olmasının 98-ci ildönümündə ulu öndərin ruhu ötən illərdəkindən daha şad, daha məsuddur. Çünki müstəqil Azərbaycan dövlətinin banisinin axıra çatdır­maq istədiyi ən taleyüklü məsələ Qarabağ münaqişəsinin həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyev müzəffər ordusu, məğrur xalqı ilə birlikdə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə ilə xalqımızın başını dünya durduqca uca, ölməz rəhbərin müqəddəs ruhunu əbədi olaraq şad etdi.

 

Bitməyən mənəvi ömrünüzün 98-ci zirvəsində cənnətdəki ruhu­nuz şaddır, ulu öndərimiz! Yadi­garınız, siyasi varisiniz, ləyaqətli davamçınız Prezident İlham Əliyev vaxtilə Sizin dövlət bayrağı kimi təsdiqlədiyiniz üçrəngli bayra­ğımızı əbədi olaraq Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada, cənnət Qarabağı­mızda ucaltdı. Əminik ki, Sizin müqəddəs ruhunuz bu uca Zəfərin zirvəsindən qalib günlərimizə şahidlik edir, müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm uğurlarına sevinir.

 

Elçin BABAYEV,

Bakı Dövlət Universitetinin rektoru

Xəbər lenti