Logo

Beynəlxalq konfrans: Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi

14.06.2021 18:51 476 baxış
IMG

İyunun 14-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Elm Tarixi İnstitutu ilə birgə “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirib.
Fəlsəfə və Sosiologiya İnstitutundan  bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb. O, Sərəncamın icrası istiqamətində AMEA-da müntəzəm tədbirlər keçirildiyini qeyd edərək deyib: “Bu tədbirlərin keçirilməsi bizə imkan verir ki, bir daha Nizami Gəncəvini dünyaya geniş tanıdaq”.

 


Akademik bildirib ki, AMEA-da Nizami Gəncəvi haqqında kitablar nəşr olunur. “Nizami Gəncəvi İli”nin yekun tədbirinin şairin doğma şəhəri Gəncədə keçirilməsi üçün hazırlıqlar davam edir.
Nizami Gəncəvini Azərbaycan-türk təfəkkürünün sənət möcüzəsi adlandıran İsa Həbibbəyli onu bu təfəkkürün böyük sənətkarı olduğunu vurğulayıb. Bildirib ki, Nizami Gəncəvi əsərlərini fars dilində yazsa da, Azərbaycan-türk təfəkküründə düşünüb.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə isə müasir Azərbaycan fəlsəfəsində Nizaminin özünəməxsus yeri və rolu olduğunu bildirib. Rəhbərlik etdiyi elmi müəssisədə mütəfəkkir şairə həsr olunmuş iki konfransın keçirildiyini deyən direktor diqqətə çatdırıb ki, bu qəbildən növbəti tədbirin Fəlsəfə Günündə keçirilməsi planlaşdırılıb. Üçüncü konfransın yekunu olaraq Nizami Gəncəviyə həsr edilmiş tezis və məqalələr toplu şəklində nəşr ediləcək.

 


Konfransda yerli və xarici alimlər “Dünya sufi irsinə Nizami Gəncəvinin töhfəsi”, “XXI əsr. Nizamişünaslığın aktual və mübahisəli problemləri”, “Azərbaycanın böyük ədibi Nizami Gəncəvi və onun elmi irsi”, “Nizami Gəncəvinin həyatı və əsərlərinə dair ilkin qaynaqların təhlili”, “Nizaminin estetik idealı”, “Nizami Gəncəvi-880”, “Nizami Gəncəvi poeziyasında dəqiq elmlərin yeri”, “Yan Rıpkanın tədqiqatlarında Azərbaycan məktəbi və Nizami Gəncəvi”, “Nizami Gəncəvi yaradıcılığında türk-Azərbaycan sözləri” və digər mövzularda məruzə ilə çıxış ediblər.

 

 

Xəbər lenti