Logo

Peşə təhsilində məqsədə xidmət edən təlim strategiyalarının tətbiqi zəruridir

17.07.2021 17:29 195 baxış
IMG

2020-ci ilədək olan dövr ərzində Azərbaycan Respublikasının peşə təhsili və təlimi sistemində sektorlar üzrə spesifik proqramların yaradılması və  peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi qeyd olunan strateji məqsədlərin də məhz reallaşması təlim nəticələrinin effektiv çatıdırılmasına əsaslanır. Məzmun xəttinin reallaşması və tələbə-müəllim ünsiyyətinin təşkili tədrisin başında dayanan əsas məqsədlərdən biridir.


Hər bir dərs istehsalat ustası, ümumi və ixtisas fənn müəllimi tərəfindən auditoriyanın bilik və bacarıqları, təlim məqsədləri, metodik imkanları, təlim materialının həcmi, mürəkkəblik səviyyəsi və s. bu kimi faktorlar nəzərə alınmaqla təşkil olunmalıdır. Təsadüfi deyil ki, yaradıcı müəllimin paralel siniflərdə eyni mövzuda dediyi dərslər heç vaxt bir-birini təkrarlamır, biri digərindən metodik çalarlar, tapıntılar, özünəməxsus, təkrarolunmaz cəhətləri ilə fərqlənir.


Təlim strategiyası: Gündəlik həyatda fərd tərəfindən görülən bütün işlər ya yazılı formada, ya da zehində qurulan strategiya çərçivəsində reallaşır. Strategiyanın qurulması planlaşdırılan işlərin arzu edilən anda və keyfiyyətdə ortaya çıxmasını təmin edir. Tez-tez rastlaşdığımız strategiya anlayışını müəyyənləşdirilən məqsədə çatmaq üçün izlənilən yol olaraq başa düşmək olar. Bu anlayış məfhum etibarı ilə pedaqoji sahədə də istifadə olunur. Öyrənmə prosesi nöqteyi nəzərindən isə məqsədlənən bilik və bacarıqların çatdırılması üçün “izlənilən yol” olaraq başa düşmək olar. Təlim strategiyası ümumi yanaşma çərçivəsində olduqca geniş baxış bucağına malik olub, tədris mühiti üçün fəaliyyətlərin müəyyənləşdirilməsindən qiymətləndirmə prosesinə qədər olan bütün proseslərin istiqamətini müəyyən edir. Başqa bir ifadə ilə təlim strategiyası tədris-təlimin mərhələlərində təhsilverənin və təhsilalanın rolunu müəyyən edən ümumi izlənilən yoldur. 


Deyilən fikirlərdən yola çıxaraq təlim strategiyasını çatdırılması məqsədi qarşıya qoyulmuş hədəflərin inkişaf etdirilməsinə yönəlmiş təlim metod və vasitələrini və mühit xüsusiyyətlərinin müəyyənləşdirilməsində rol oynayan ümumi baxış bucağı olaraq adlandıra bilərik. Təlim strategiyası ilə “təlim prosesi necə reallaşır?” sualından hərəkətlə təhsilalanların hədəfə yetişməsi üçün lazım olan təlim mərhələlərinin kəsişməsi məqsədilə xarici amillər nizama salınır. Təlim strategiyasının mənbəyi təhsil qanunundan, modelindən və yanaşmalardan götürülür, digər tərəfdən isə metod, texnika və vasitələrin müəyyənləşdirilməsinə şərait yaradır. Təlim  prosesinin hansı formada reallaşacağına, təlim və tədris fəaliyyətində hansı məqamların yer ala biləcəyinə, təlimin hansı mərhələlərlə davam etdirilməsinə və hansı mühit, hansı növ kommunikasiya ilə qurulmasına seçilmiş strategiya ilə qərar verilir. Təlim prosesinin planlaşdırılması və bu planın tətbiqi formaya çevrilməsi strateji həmlələrə əsaslanaraq həyata keçirilir. Təlim prosesində məzmun xəttinin reallaşmasında müxtəlif yollar, digər bir ifadə ilə strategiyalar mövcuddur. Bu mənada strategiya seçdiyimiz yolun ümumi istiqamətini və sərhədlərini göstərir. Strategiyanın müəyyənləşdirilməsi ilə təhsilverən modullararası və modullarxarici fəaliyyətlərin ümumi olaraq hansı formada təhsilalanların bu fəaliyyətdəki yerini və təlim prosesinin ümumi strukturunu planlaşdırmış olur. Peşə ixtisas fənlərinin və eyni zamanda ümumtəhsil fənlərinin tədrisdə inteqrativ prinsipin gözlənilməsi müəllimlərin və istehsalat təlim ustalarının riayət etməsi lazım olan addımlardan biri kimi çıxış etməlidir.


Təlim-tədris prosesində hansı strategiyanın tətbiq olunmasına qərar verərkən, bu qərar prosesinə təsir göstərən daxili və xarici faktorlar mövcuddur. Bunlara məqsədlənən hədəflər, məzmun, təlim prosesində əsas götürülən fəlsəfi məqamlar, təlimin müddəti, iqtisadi göstəricilər, mühitin xüsusiyyətləri və auditoriyanın həcmi ilə müəllimin müasir təlim texnologiyalarına adaptasiya dərəcəsini göstərmək olar. Söhbət peşə təhsil sistemindən gedirsə, bir faktor da nəzərə alınmalıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, təhsilalanların bilik səviyyələrinin təlim strategiyasının seçilməsində əsas meyarlardan biri olmalıdır. Həm də burada müəllim faktoruda əhəmiyyətli dərəcədə rol oynayır. Təhsilverən mücərrəd məfhumlarla bürünmüş fənn kurikulumlarının təlim nəticələrini auditoriyanın bilik səviyyəsinə uyğunlaşdırmaq şərti ilə tədris prosesi məhsuldar formada təşkil kompetensiyasına malik olmalıdır. Fənn müəllimləri və istehsalat təlimi ustaları demək olar ki, bütün təlim strategiyalarına bələd olmalıdırlar, ancaq strategiyaların tətbiqi mərhələsində bəzi strategiyaların özlərinə daha uyğun olduğunu və auditoriyanın səviyyəsi nəzərə alınmaqla daha sadə tətbiqi formaya çevirə biləcəyini müəyyən edə bilərlər. Təhsilalanlar özləri üçün sadə qəbul etdikləri strategiyaları kortəbii şəkildə mənimsətmək əvəzinə, müxtəlif strategiyaları tətbiq etmə bacarıqlarını inkişaf etdirməli və təhsilalanların qarşılarına daha geniş imkanlar tətbiq etməyi məqsəd qoymalıdırlar. 


Təlim-tədris prosesində istifadə olunacaq təlim strategiyasının müəyyənləşdirilməsi və tətbiqi formaya çevrilməsi xüsusi diqqət və kvalifikasiya tələb edir. Hansı situasiyalarda hansı təlim strategiyasının effektiv olmasını hiss edə bilmək üçün mövcud strategiyaları və bu strategiyaların xüsusiyyətlərinin bilinməsi olduqca vacibdir.

 

Göründüyü kimi burada əsas rol fənn müəllimləri və istehsalat təlimi ustaları üzərinə düşür. Son illərin peşə təhsil müəssisələrində çalışan təhsilverənlərin orta yaş göstəricisinin yüksək olması bu sahədə əhəmiyyətli inkişafın qarşısını almışdır, deyə bilərik. Artıq modul dərs vəsaitləri fəal təlim metodlarına əsaslanaraq tərtib olunduğu üçün təlim nəticələrinin məzmun xəttinin reallaşması mərhələsində də yüksək keyfiyyətlərə və tədqiqatçılıq meyllərinə malik təhsilverənlərin olması zəruriliyi yaratmışdır. 


Ümumiyyətlə, təlim strategiyaları növ etibarı ilə olduqca rəngarəngdir. Lakin peşə təhsil sisteminə uyğunlaşdırılan və modul dərs vəsaitlərin tədrisi üçün üç əsas təlim strategiyasının aktiv istifadəsi təklif olunur. Həmin təlim strategiyaları aşağıdakılardır:


Təqdim etmə yolu ilə təlim strategiyası;
Kəşf etmə yolu ilə təlim strategiyası;
Tədqiqat-araşdırma yolu ilə təlim strategiyası.
Qeyd etmişdik ki, təlim-tədris prosesində müvafiq təlim strategiyalarının effektiv tətbiqi üçün strategiyanın mahiyyəti istehsalat təlimi ustaları və fənn müəllimləri tərəfindən tam qavranılmalıdır. Bu məqsədlə sözü gedən strategiyaların əsas xüssusiyyətlərinə, planlaşdırılmasına, tətbiqi imkanlarına, üstün cəhətlərinə, əks təsirlərinə və digər məsələlərə nəzər yetirmək lazımdır. 

 

Qadir QAFAROV
Azərbaycan Texniki Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri,
Respublika Təhsil Şurasının üzvü,
Peşə təhsili üzrə araşdırmaçı yazar.

Xəbər lenti