Logo

Kitabxana şəhid Məmmədağa Səfərov haqqında məlumat saatı təşkil edib

15.12.2020 16:12 804 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid Məmmədağa Səfərov haqqında məlumat saatı təşkil edib.

 

Məlumat saatında şəhid Məmmədağa Səfərovun ömür yolundan və torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən söhbət açılır.
Bildirilir ki, Məmmədağa Balakişi oğlu Səfərov 1997-ci il mayın 10-da Bakı şəhərində anadan olub. Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. Məmmədağa Səfərov 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alır. Təhsilinin son pilləsində Məmmədağa evdəkilərə təhsilini dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən sonra davam edəcəyini deyir. Valideynləri də razılaşır.
2019-cu il oktyabrın 8-də əsgəri xidmətə – Qusar rayonuna yollanır. Sonra isə Ağcabədi, Cəbrayıl, Füzuli rayonlarının alınmasında iştirak edir. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə Məmmədağa düşmən gülləsinə tuş gəlir və ən uca zirvə – şəhidlik zirvəsinə yüksəlir.
Məmmədağa Səfərov doğma torpaqlarımızı düşməndən xilas etmək məqsədilə silaha sarılan Vətən oğullarından biridir. O, müqəddəs amal uğrunda son damla qanınadək şərəflə döyüşdü və ən ali mərtəbəyə - Şəhidlik zirvəsinə ucaldı.

 

Qeyd edək ki, şəhidimizin adı Türkiyədə oxuduğu universitetdə əbədiləşdirilib.
Məmmədağa Səfərov indi təkcə bir nəslin, bir ailənin deyil, bütün Azərbaycanın fəxridir. O, keçdiyi qəhrəmanlıq yolu ilə hər birimizə nümunədir. 23 yaşlı şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik!

Xəbər lenti