Tələbəlik illəri insan həyatının ən yaddaqalan günləridir.İmtahan qabağı həyəcan dolu günlər, kitablar arasında "itmək", mövzu axtarışları, müəllimin rəğbətini qazanmaq çabası… Sevincli və kədərli günlərin şirinliyi... Müxtəlif evlərdə tərbiyə alan gənclər universitetdə bir «ailə»yə cəmlənirlər. Bu “ailə” nəinki müxtəlif bölgələri, hətta, dili, dini ayrı olan xalqları, millətləri birləşdirir.
Uzaq şəhərlərdən, kəndlərdən gələn tələbələr təhsil aldığı universitetə yaxın ərazidə ya özünə kirayə ev tutur, ya da universitet yataqxanasında yaşamalı olurlar. Öz rahat evi kimi olmasa da, təhsil almaq, savadlanmaq naminə 4 illik əziyyətə qatlaşmalı olan tələbələr bəlkə də həyatlarının ən çətin mərhələsindən keçirlər: müstəqilliyə ilk qədəm qoyanda büdrəməmək mümkün deyil.
Bir otaqda yaşayan, dərslərinə bir yerdə hazırlaşan tələbələr burada həm də sosiallaşır, müxtəlif bölgələrin mətbəxi, mədəniyyəti, adət-ənənələri ilə tanış olurlar. Kirayə evlərdə yaşamağın müsbət tərəfləri ilə yanaşı çətinlikləri də az deyil. Onlardan biri də universitetə yaxın və uzaqlığına görə yerləşən evlərdə kirayə haqqının dəyişməsidir. Universitet yataqxanasında isə yerlər məhdud saydadır. İşin çətini də buradan başlayır. Tələbənin oxuduğu universitetə yaxın ərazidə yaşaması heç də asan başa gəlmir. Kommunal ödənişlər, kirayə haqqı, təhsil haqqı, gündəlik zəruri ərzaqların alınması, yol məsrəfləri, dərsliklərin surətinin çıxarılmasına kifayət qədər vəsait tələb olunur ki, bu da hər tələbənin cibinə və büdcəsinə uyğun deyildir.
"Rupor" bu mövzunu tələbələrlə və tanınmış iqtisadçı alim, ekspert mütəxəssislərlə birgə çözməyə çalışıb.
Agcabədidən olan Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Şahanə Paşazadə deyir ki, universitetə yaxın ərazidə tələbə qızlarla kirayə mənzildə yaşayır. Bir ay üçün kirayə haqqı 150 manat, kommunal xərclərə isə 10-15 manat ödəyir. Bundan əlavə digər məsrəflərə də (ərzaq, geyim, dərs üçün müvafiq vəsaitlər) 50 azn xərcləməli olur.
BDU-nun tələbəsi Fidan Əlicanova da kirayə qalan tələbələrdəndir. Hər ay kirayə qaldığı mənzilə 100 manat, kommunal ödənişlərə və digər gündəlik zəruri təlabatlarına 50 manat pul xərcləyir.
Valideynləri ilə Bakıda yaşayan və universitetdə ödənişli əsaslarla təhsil alan həmin universitetin tələbəsi Ləman Qubadova isə bir ay üçün yol xərcinə 36 manat, digər məsrəflərə (dərsliklərin surətçıxarması, gündəlik yemək xərci) təqribən 100 manat vəsait sərf edir.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmli hesab edir ki, tələbələrin yataqxanada və «Tələbə evləri»ndə yaşaması gənclərin məsuliyyətini bir qədər də artırır. Yataqxanada yaşayan tələbə kommunal xərclərdən, ərzaq almaq, yemək hazırlamaq, evi təmizləmək qayğısından azaddır. «Tələbə evləri»ndə isə bu kimi qayğılar əslində gənclərin sosiallaşması ilə nəticələnir. Burada tələbələr bir insan kimi formalaşır, gələcəkdə ailə başçısı, onu idarə edən bir xanım və bəy olaraq inkişaf edir. Tələbəlik həyatı onlara həm də bəzi vərdişləri qazandırır. Yaşadığı evi təmiz, səliqəli saxlayan tələbələr həyatının sonrakı mərhələsində də təmizliyə riayyət edirlər. Səliqəsiz evlərdə yaşayan gənclər də isə səqəsizlik alışqanlığı yaranır. Hətta belə səliqəsizliyi zaman keçdikcə normal qəbul edirlər.
«Tələbə evləri»ndə birlikdə yaşayan gənclərdə komanda ruhu, müəyyən işləri bölüşdürüb etmək, birgə həyat və yaşam tərzinin formalaşmasına səbəb olur.
«Tələbə evləri»nin yaradılmasının təhsilin keyfiyyətinə təsirindən və bu sahənin inkişafına təkan ola biləcək irəliləyişlərdən danışan Qoşqar Məhərrəmli təklif edir ki, "Tələbə evləri» tələbələrin öz təşəbbüsü ilə qurulmalıdır. Bəzi şirkətlər də var ki, evləri götürüb tələbələrə kirayə verirlər:
"Elmlə məşğul olmaq üçün «Tələbə ev»ləri ideal yer salı bilməz. Çünki burada tələbə ən birinci müxtəlif qayğılarla əhatə olunur. (kommunal xərclər, ərzaq almaq, yemək hazırlamaq və s.) Digər tərəfdən tələbə evlərində gənclər bir-biri ilə daha səmimidirlər. Bu səmiyyət də onların daha çox vaxtını alır. Onlar bu dediyimiz zamanın hamısını sırf dərsə ayıra bilərlər. Yataqxana da isə tələbə heç bir qayğıdan məsul deyil. Orada nə kommunal xərc var, nə də yemək hazırlamaq. Sadəcə yataqxana xidmətindən istifadə etdikləri üçün müəyyən ödəniş edirlər. Tələbələrin elmlə məşğul olması üçün ideal yer tələbə yataqxanasıdır.
Tələbə evlərini kampusların içində yaratmaq daha əlçatan ola bilər. Çünki burada tələbə vaxta qənaət etmiş olar. O iştirakçısı olduğu klublara, dərsdənkənar məşğələlərə rahatlıqla qoşula bilər. Ona görə də yataqxana tikməkdən daha ucuz başa gəlirsə, kampusların içərisində «Tələbə evləri» yaratmaq daha məqsədəuyğun olardı.
O ki, qaldı tələbənin bir aylıq təhsil xərclərinə bu rəqəm 200-300 manat civarında dəyişir. Təbii ki, 300 manat desək, daha məqsədəuyğun olar. Çünki gün ərzində 10 azn qidalanmaya sərf olunsa, bu ayda 300 azn edir. Bundan əlavə nəqliyyat və digər məsrəflərə vəsait xərclənir. Əgər biz gün ərzində üç dəfə qidalanma nəzərdə tutaraq, danışsaq, minumum 300 manat kifayət etməyəcək. Ən azı 400 azn bir tələbəyə lazımdır ki, o rahat yaşayıb, təhsil ala bilsin.
Bütün bunlar valideyn qayğısı ilə əhatə olunmuş tələbələrin üzləşdiyi çətinliklərdir. Lakin təhsil alanlar arasında valideyn himayəsindən məhrum olmuş, internat evlərində böyüyən və müstəqil həyata atılan gənclərimiz də var ki, təhsil almaq hüququndan çıxış edərək, onlar da istəklərinə uyğun peşəyə yiyələnmək arzusundadırlar".
Bu günlərdə isə Nazirlər Kabineti bu kateqoriyadan olan təhsil alanlar üçün yeni qayda təsdiq edib. Qaydaya görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında olan şəxslərə dərslik və dərs ləvazimatları əvəzinə 50 manat (əvvəl isə 36 manat), bu kateqoriyadan olan şəxslər ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin və ya AMEA- nın xərclər smetası hesabına 265 manat (əvvəl 27,5 manat) məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Tələbələrin təhsil xərcləri ilə bağlı ünvanladığımız suallar cavablandıran iqtisadçı alim, millət vəkili Vüqar Bayramov aztəminatlı ailələrin təhsil xərclərinin optimallaşdırılması, fərqli istiqamətlərdən maliyyə dəstəyi nümayiş etdirməsi məqsədilə artıq Azərbaycanda bir sıra proqramların icrasına başlanıldığını xatırladır: "Proqramların ən vaciblərindən biri 2021-ci ildə bu istiqamətdə təhsil kreditlərinin verilməsinin dövlət büdcəsində öz əksini tapmasıdır. Belə ki, 2021-ci ilin təsdiq olunmuş dövlət büdcəsinə əsasən 80 milyon manat təhsil kreditlərinin verilməsi nəzərdə tutulur. Bu da təbii ki, xüsusən də aztəminatlı vətəndaşlarımızın həmin kreditlərdən istifadə etməklə öz xərclərini və təhsil xərclərini ödəməsinə imkan verəcək. Növbəti mərhələdə təhsil kreditlərinin mexanizmləri o cümlədən şərtləri bəlli olacaq. Gözlənilir ki, beynəlxalq təcrübəni nəzərə alsaq, daha uyğun və yeni müasir şərtlər və mexanizmlərlə təhsil kreditlərinin təklif edilməsi həyata keçiriləcək. Eyni zamanda valideyn himayəsindən məhrum olan uşaqların və himayəyə götürən ailələr üçün də vəsaitlərin həcmi, məbləğində artımlar müşahidə olunur. Valideyn himayəsinə götürülən və fiziki imkanları məhdud olan uşaqları himayəyə götürən ailələr üçün daha çox vəsaitin ayrılması həyata keçiriləcək. Ümumiyyətlə, dövlət sifarişi hesabına oxuyan tələbələrin sayında da artımlar diqqət çəkir. Bununla bağlı cənab prezidentin tapşırıqları var. Dövlət universitetlərində dövlət sifarişi hesabına oxuyan tələbələrin sayı son illər artırılır. Xüsusən də dövlət sifarişi hesabına təhsil alan tələbələrin artımı imkan verir ki, aztəminatlı ailələrin uşaqları da universitetlərdə təhsil alsınlar. Bütün bunlar isə vətəndaşlarımız üçün təhsilin əlçatanlığının təmin olunmasına xidmət edir və bu istiqamətdə işlər sürətləndirilir".
Ümid edirik ki, dövlətimiz tərəfindən maddi dəyərləri, iqtisadi potensialı insan kapitalına çevirmək istiqamətində qəbul edilən qərarlar, qaydalar tələbələr üçün təhsilin əlçatanlığına hesablanacaqdır.
Dilşad Xaqaniqızı,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi