Oktyabrın 24-də AMEA-nın Rəyasət Heyətinin binasında böyük Azərbaycan şairi, dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Hüseyn Cavid sənəti: ideallar və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə konfrans iştirakçıları Hüseyn Cavidin Bakı şəhərində ucaldılmış heykəlini ziyarət ediblər. Daha sonra AMEA-nın Rəyasət Heyətinin binasında Hüseyn Cavidin ev-muzeyinin nəşrlərindən ibarət sərgiyə baxış keçirilib, Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Məktəbinin nümayəndələrinin ifasında Ərtoğrul Cavidin bəstələdiyi əsərlər səsləndirilib.
Konfransın plenar iclasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, AMEA Rəyasət Heyətinin üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, həmçinin Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, əməkdaşları, eləcə də “Cavid ömrü” filminin yaradıcı heyəti iştirak ediblər.
Tədbiri AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq ölkə başçısının “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” 24 sentyabr 2022-ci il tarixli Sərəncam imzaladığını diqqətə çatdırıb. Qeyd edib ki, sözügedən sənəddə Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rol oynamış Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb. Həmin Sərəncamın Prezident İlham Əliyevin Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının, bütövlükdə milli mədəniyyətinin qorunması istiqamətindəki addımlarının davamı olduğunu deyən akademik Arif Həşimov bugünkü konfransın sözügedən sənədin icrasından irəli gələrək keçirildiyini söyləyib. Hüseyn Cavidin öz zəngin söz kəlamı və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının, dramaturgiyasının inkişafında mühüm rol oynadığını bildirən AMEA rəhbəri ədibin böyük bir məktəb yaratdığını, teatra, incəsənətə, ədəbi fikrimizə ciddi təsir etdiyini vurğulayıb.
“Ədibin ən böyük əsəri onun zəngin şəxsi həyatı olub. Cavidin həyatı və yaradıcılığı xeyirin şər üzərində qələbəsinə həsr olunub”, - deyən akademik Arif Həşimov Hüseyn Cavidin daim inandığı əqidəsinə sadiq qaldığını, sovet rejiminin sərt addımlarına baxmayaraq, mənən sınmadığını bildirib. Qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşi Uzaq Sibirdən Azərbaycana, boya-başa çatdığı torpaqlara gətirilib. Ümumilli Liderin bu qərarının bötüvlükdə repressiyaya məruz qalmış xalqımızın nümayəndələrinin milli dəyərlərinə hörmət əlaməti olduğunu deyən akademik Arif Həşimov Hüseyn Cavidin fikirlərinin yeni dövrdə də mühüm əhəmiyyət kəsb etdiyini bildirib və çıxışını görkəmli ədibin “Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”, - sözləri ilə yekunlaşdırıb.
Sonra çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə böyük töhfələr vermiş görkəmli mütəfəkkir olduğunu və milli ədəbiyyatımızın inkişafında misilsiz rol oynadığını söyləyib. Bildirib ki, milli ədəbiyyatımıza və məfkurəmizə töhfələr vermiş ədibin xatirəsini daim qeyd etmək bizim borcumuzdur. Nazir diqqətə çatdırıb ki, Hüseyn Cavid sovet ideologiyasının təzyiqlərinə baxmayaraq, milli fikirlərindən və dəyərlərindən geri çəkilməyib, öz əsərlərində milli təfəkkürü, Azərbaycançılıq məfkurəsini xüsusilə vurğulayıb və buna görə də cəzalandırılıb. Ədibin düşüncələrinin nəinki ölkəmizdə, həmçinin Azərbaycandan kənarda fikirlərə də təsir etdiyini deyən Anar Kərimov Hüseyn Cavidin pyeslərinin daim teatrlarımızın əvəzolunmaz əsərlərindən olduğunu vurğulayıb. Onun, həmçinin öz əsərləri ilə türk dünyasının da rəğbətini qazandığını, türkçülüyə mühüm töhfələr verdiyini söyləyib.
Azərbaycanın milli ədəbiyyatı, mədəniyyəti üçün verdiyi töhfələrə görə Ulu Öndər Heydər Əliyevin daim Hüseyn Cavidi uca tutduğunu deyən Mədəniyyət naziri Ümummilli Liderin təşəbbüsü ilə ədibin cənazəsinin Sibirdən Azərbaycana gətirildiyini, Naxçıvanda məqbərəsinin, Naxçıvanda və Bakıda ev-muzeylərinin açıldığını bildirib. SSRİ vaxtı sovet ideologiyasına qarşı çıxan şəxsin Azərbaycana gətirilməsinin böyük iradə tələb etdiyini vurğulayan Anar Kərimov bildirib ki, Ümummilli Lider daim milli-mənəvi dəyərlərimizin, ədəbi xadimlərimizin qayğısına qalıb.
Diqqətə çatdırıb ki, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 125, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, cari ildə Vaşinqtonda Hüseyn Cavidin barelyefinin açılışı olub. O, həmçinin il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Hüseyn Cavidlə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə çıxışında bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixinin ən böyük şəxsiyyətlərindən biridir və onun yaratdığı əsərlər teatr səhnəmizin əsasını təşkil edib, “Cavid teatrı” kimi düşüncələrimizə həkk olunub. Vurğulayıb ki, Hüseyn Cavid dövrün tələbləri və ziddiyyətlərinə qarşı çıxıb, bu günlə deyil, gələcəklə yaşayıb və bunun nəticəsidir ki, onun “Topal Teymur”, “İblis” və s. əsərləri bu gün də aktuallığını itirməyib.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatının romantik korifeyi Hüseyn Cavid sənəti və əbədiyyəti” mövzusunda məruzəsi dinlənilib. Akademik məruzəsində qeyd edib ki, milli romantik şeirin və mənzum faciənin banisi olan Hüseyn Cavidin əsərləri, eləcə də dramaturgiyası öz orijinallığı ilə fərqlənir və görkəmli ədib qısa müddət ərzində öz yaradıcılığı ilə ədəbiyyatımızda bir sıra yeniliklərin əsasını qoyub. O, Azərbaycan romantik şeirinə yeni yanaşma gətirib, “Bu gecə” şeiri ilə sonet janrının Azərbaycan formatını yaradıb, marş ruhlu şeirlər ərsəyə gətirib. Eyni zamanda diqqətə çatdırıb ki, Ulu Öndərin təşəbbüsü ilə 1981-ci ildə, hələ sovet dövründə “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul edilən qərarla ədibin xatirəsinin qeyd edilməsinə başlanılıb, həmçinin Ümummilli Liderin qətiyyəti sayəsində ədibin nəşi doğma vətəninə gətirilib, məqbərəsi, ev-muzeyləri açılıb.
Konfransda, həmçinin Özbəkistan Milli Universitetinin professoru, filologiya elmləri doktoru Hamidullah Baltabayev, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru, filologiya elmləri doktoru Nurboy Jabbarov, həmin universitetin dosenti Gulbahor Ashurova, Türkiyənin Balıkesir Universitetinin professoru, Dr. Sebahattin Şimşir, Burdur M.A.Ersoy Universitetinin kafedra müdiri, Dr. Canan Olpak Koç, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Hüseyn Cavidin ev-muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, “Cavid ömrü” filminin yaradıcı kollektivi - Azərbaycan Kinematoqrafçılar Birliyinin İdarə Heyətinin üzvü, Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar artist Dilarə Əliyeva və Vüsal Murtuzəliyev çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb, görkəmli ədibin yaradıcılığına toxunub və “Cavid ömrü” filmi ilə bağlı fikirlərini bölüşüblər.
Eyni zamanda tədbirdə Ulu Öndərin 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqindən bir parça nümayiş etdirilib.
Konfrans öz işini bölmə iclasları ilə başa vurub.