Logo

UNESCO-nun mənzil-qərargahında Qarabağın mədəni irsinə dair məruzə dinlənilib - FOTO

25.10.2022 13:38 336 baxış
IMG

“Şuşa İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfrans (21.10.2022, UNESCO-nun mənzil-qərargahı, Paris) keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Azərbaycan Respublikasının UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev, Gürcüstan Milli Muzeyinin direktoru, professor David Lordkipanidze, “Qarabağ xanlığı” kitabının həmmüəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli, fransız jurnalist Jan-Mişel Brun çıxış edib, Qarabağın zəngin Azərbaycan irsi haqqında danışıblar.

Konfransda iştirak etmiş Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Səbuhi Əhmədov “Gürcüstan Milli Muzeyinin eksponatları Qarabağın Azərbaycan etno-mədəni irsinin öyrənilməsində mənbə kimi” adlı məruzə ilə çıxış edib. Məruzə adı çəkilən Gürcüstan muzeyində qorunan və 1903-1912-ci illərdə Qarabağda toplanan eksponatların elmi-mədəni əhəmiyyətinə həsr edilmişdir. Belə ki, qeyd edilib ki, Tiflisdə yaradılması planlaşdırılan Qafqaz Muzeyi üçün toplanan etnoqrafik eksponatlar birmənalı olaraq Qarabağda uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin üstün mövqeyi və dərin tarixi köklərini əks və sübut etdirir. Kolleksiyada olan geyimlər, silahlar, mis qablar, zərgərlik məmulatları, xalçalar və s. Azərbaycan xalqının milli-mədəni irsinin vacib tərkib hissəsidir.

Konfransda Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitab da təqdim edilib. Müxtəlif ölkələrdə, eləcə də beynəlxalq təşkilatlarda bu kitab vasitəsilə Qarabağ xanlığının tarixi və mədəni kimliyi tanıdılır.

Xəbər lenti