Logo

Elmsiz rektorlarımız

10.12.2022 13:47 361 baxış
IMG

Son günlərdə sıx-sıx ölkənin mövcud elmə vəziyyyəti müxtəlif platformalarda müzakirə edilir. Mövcud vəziyyətin heç də ürək açan olmadığını əksəriyyətin qəbul etdiyini görürük. Hər kəs buna müxtəlif səbəblər göstərir. Amma mən bu səbələr arasında həmişə gözdən qaçan və heç kimin dilə gətirmədiyi bir nüansa toxunmaq istəyirəm.

Bildiyiniz kimi, hər hansı bir qurumda bir problem olduqda onun ən asas məsulu həmin qurumun rəhbəridir. Bizim bu gün elmi vəziyyətimizin ürək açan səviyyədə olmamasının bir səbəbi də elmdən xəbəri olmayan, illərdi rektorluq kreslosundan bərk-bərk yapışmış rektorlarımızdır. Türkiyədə çox maraqlı bir tədqiqat aparılmışdır. Tədqiqata görə, üniversitetin rektorunun nəşr sayı ilə universitetin nəşr sayı arasında müsbət bir korelyasiya olduğu ortaya çıxmışdır (Tədqiqat WoS dataları əsasında aparılmışdır). Əgər üniversiteti idarə edən şəxsin ciddi bir elmi fəaliyyəti yoxsa, elmi tendesiyadan bixəbərsə o necə kollektivə liderlik edəcək? O, necə bu mövzuda stratejik qərarlar qəbul edəcək?

Mən də bunları nəzərə alaraq bizim çox hörmətli rektorların elmi fəaliyyətinə nəzər yetirdim.

Paylaşacağım məlumatlar Scopus databazasından götürülüb. Bu bazaya əsasən bizim çox hörmətli rektorlarımızın əsərlərinə verilən cəmi istinad 200-ü keçmir. Burada özəl universitetlər və ATU nəzərə alınmayıb. Sizcə, gülməli deyil? Yüzdən çox istinad sadəcə Elçin Babayevin əsarlərinə olub (123 istinad). 

Elə rektorlarımız var ki, Scopus indeksli jurnalda məqaləsi və ya məqalələri var amma onlara istinada sıfırdır. Azərbaycanın ən böyük universitetlərindən birinin rektorunun əsarlərinə cəmi 2 istinad, digər bir böyük universitetin rektorunun əsərlərinə isə 0 istinad var. Bəlkə də bir çoxlarınızda belə bir sual yaranacaq ki, bəs onlar rektordur, onların işi çoxdur. Bunun da cavabını verim. Onların nəşr etdirdiyi əsərlərə baxdıqda bunların demək olar ki, hamısı onların rektorluq dövründə nəşr olunduğunu görürük və onların əksəriyyəti professordur.

Mən də bu sulları səsləndirim. Bunlar necə professor olub? Rektor olana qədər elmi fəaliyyətlə məşğul olmayıblar? Demək olar ki, onların bütün WoS/Scopus indeksli jurnallarda çıxan əsarlərinin rektor olduqları müddətə təsadüf etməsi sizcə şübhəli deyilmi? Bəziləri deyə bilər ki, onların vaxtında bu cür nəşrlər flan olmurdu və s.

Onlarla eyni dövrdə təhsil alıb elmi fəaliyyətlə məşğul olan onlarla Azərbaycanlı alim göstərərm ki, kifayət qədər nəşrləri və həmin nəşrlərə istinad var.

Sonunda bir şeyə daha aydınlıq gətirim. Azərbaycanda belə bir düçüncə var, elə alimlər var ki, onların heç WoS/ Scopus kimi jurnallarda məqalələri yoxdur amma onlar dünya şöhrətli alimlərdir. Mən belə bir sual yaranmaması üçün məqalə sayı deyil də istinad sayından nümunə verdim.

Qeyd edim ki, həmin alimlərin əsərləri Wos/Scopus indeksli jurnallarda çap olunmasa da, onların əsərlərinə həmin databazalarda indekslənən jurnallarda minlərlə istinadlar var. Bizim də belə bir rektorumuz olsun, mən onu hər gün öpüb başımın üstünə qoyaram.

İndi, sizcə, bu cür rəhbərlərlə hansı reform etmək olar? Bunlarla hansı elmi fəaliyyətdən danışmaq olar? Bunlar hər zaman bu işlərə balta vuracaqlar, çünki qısqanırlar, istəmirlər, kimsə bunlardan qabağa keçsin. Bunlar bu cür şeylərə düşməndir, çünki insan bilmədiyi şeyə düşmən olar. Mən bunu neçə dəfə müxtəlif yerlərdə demişəm və yenə deyirəm Azərbaycan elmini bunlardan təmizləmək lazımdır, yoxsa dəyişən bir şey olmayacaq.

Onu da qeyd edim ki, istisnalar hər zaman vardır. Bu yazdıqlarımın aid olmadığı, layiqli rektorlarımız da var.

Şəhriyar Muxtarov

Xəbər lenti