Logo

Görkəmli dramaturq, nasir, uşaq yazıçısı, pedaqoq, dərslik müəllifi

25.02.2021 10:58 668 baxış
IMG

Pedaqogika tarixçilərinin yazdığına görə, dünyada uşaq bağçalarının tarixi 1837-ci ildən başlayır. Alman pedaqogika tarixində uşaqların erkən yaşlarından  sistemli şəkildə tərbiyə edilməsinin tərəfdarı  və  ideoloqu kimi çıxış edən Fridrix Vilhelm Frebel (1782-1852) həmin ilin əvvəllərində  Bad-Blakenburqda  ilk uşaq bağçası- kundrqarten  açır.
 

Fridrix  Frebel çoxuşaqlı ailədə böyümüşdü. Kiçik yaşlarından anadan yetim qalan Frebel  uşaq psixologiyasına bələd idi. Onun sonralar zərbi-məsələ çevrilən  aşağıdakı fikirlərini xatırlayaq: “Uşaqlar güllər kimi qulluq tələb edir; onlara tərəf əyildikcə, onların nazı ilə oynadıqca, onlar böyüyür və pərvazlanırlar”.


 1837-ci il mayın 17-də Rusiyada da A.N.Demidov  tərəfindən ilk uşaq bağçası açılır. Bu bağçada birinci il 6 qız, 12 oğlan tərbiyə alır. Sonrakı il burada artıq 112uşaq tərbiyə alırdı.  
 

1859-cu ildə o vaxtlar Rusiya İmreriyasına daxil olan Finlandiyanın  Qelsinfors şəhərində, 1862-ci ildə Sankt-Peterburqda da uşaq bağçaları da açılır.
 

Rusiyada ilk məccani (pulsuz, ödənişsiz) uşaq bağçası 1872 -ci ildə Tula şəhərində Yelizavetta Simidobiç  tərəfindən açılmışdır.
 

Azərbaycanda uşaq  bağcası anlayışının  tarixini  1890-cı illərin  ortalarından hesablamaq olar. Belə ki 1898-ci ildə artıq pedaqoji  aləmdə bacarıqlı müəllim, tərcüməçi, şair və nasir kimi tanınan Rəşid bəy Əfəndiyev (bəzi sənədlərdə Əfəndizadə kimi yazılır- N.N.) Tükiyənin baş şəhərində-Konstantinopol  şəhərində “Uşaq bağçası” adlı dərsliyini çap etdirir.  Bu  kitabdan türk dili başa düşülən yerlərin çoxunda mübtədi (ibtidai-N.N.) məktəblərdə uzun illər boyu dərslik kimi istifadə olunmuşdur.  Sonralar   ibtidai sinif dərsliklərinin hazırlanması prosesində R.Əfəndiyevin bu dərsliyinin bəzi materiallarına uşaq dünyasını əks etdirən didaktik materiallar kimi  dəfələrlə  müraciət olunmuşdur.
 

Dünya dərslik mədəniyyətinin  ənənələri əsasında yazılmış “Uşaq bağçası”  dərsliyi  müəllimlərin stolüstü kitabı kimi tanınmışdır. Alman dilindəki “kunderqarten” sözünün qarşılığı kimi  “uşaq bağçası” maarifçilik termini kimi  türk dünyasında  geniş şəkildə işlənməyə başlanmışdır.
 

Azərbaycanda məkani tərbiyə və təhsil ocağı olan uşaq bağçalarının tarixi  XX əsrin əvvəllərində yaradılmışdır.
 

1916-cı ildə Bakı Real Məktəbinin müəllimi, ibtidai siniflərdə 15 illik pedaqoji iş təcrübəsi olan,  İranın Məşhəd şəhərində yaxşı müəllimlərdən yaxşı təhsil alıb Bakıya üz tutan Abdulla Talıbzadə  (sonralar Abdulla  Şaiq, Mirzə Abdulla Talıbzadə kimi tanınan məşhur  söz ustası-N.N.) Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoruna  Bakıda uşaq bağçası açmaq üçün ərizə ilə müraciət edir.
 

Bizim fikrimizcə, bu,   görkəmli xeyriyyəçi H.Z.Tağıyevlə razılaşdırılmış maarifçilik tədbiri idi.
 

H.Z.Tağıyevin Talıbzadələr ailəsi ilə yaxın dostluğu var idi.Müəllim Abdulla Talıbzadənin atası  Axund  Molla Mustafa  Süleyman oğlu  Talıbzadə Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olarkən onların- H.Z.Tağıyevin və M.Talıbzadənin-  maarifçilik yolunda  birgə fəaliyyətləri  tarixi fakt kimi danılmazdır. H.Z.Tağıyev  Yaxından tanıdığı və dostluq etdiyi  Axund Molla Mustafanın vəfatından (1903-cü il) sonra da  onun övladlarına  atalıq qayğısı və sayğıları ilə yanaşmışdır. Təsadüfi deyil ki, H.Z.Tağıyev   müsəlmanların müqəddəs kitabı olan Quranın Bakı tərcüməsini  Türkiyə sultanı Əbdülhəmidə  məhz  Axund Molla Mustafa Talıbzadənin  böyük oğlu Axund Molla Yusiflə göndərmişdi.
 

H.Z.Tağıyevin Bakı Lifli Materiallar Fabriki var idi.  XX əsrin əvvəllərində  H.Z.Tağıyev  bu fabrikin fəhlələrinin uşaqları üçün Əhmədli kəndində ibtidai məktəb  açmaq qərarına gəlir.  O, bu məqsədlə 1903-cü il iyulun 24-də  Qafqaz Təhsil Dairəsinin popeçitelinə-himayədarına  müraciət edərək öz məram və məqsədini bildirir. Məktəbdə işləyəcək müəllimlərin siyahısında Abdulla Talıbzadənin  də  adı var idi. Lakin məktəbin açılışı ləngidiyinə görə  A.Talıbzadə Sabunçu kənd ibtidai məktəbinə işə düzəldiyindən bu təklif reallaşmamış, yeni məktəb üçün  başqa  bacarıqlı müəllimlərin  axtarışına başlanmışdır.
  

Abdulla Talıbzadə çətin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə bacardığı bütün işlərin qulpundan yapışmağı özünə rəva bilir, gecə-gündüz yazı-pozu ilə  məşğul olur, dərslik yazır,  bədii yaradıcılığını təkmilləşdirirdi. O, 1916-cı ildə daha bir fəaliyyət sahəsində  çalışmaq qərarına gəlir;  Bakı Real Məktəbində işləməklə yanaşı,  Bakıda uşaq bağçası yaratmaq  fikrinə düşür. Hökumətin “Uşaq bağçaları haqqında  1 iyul 1914-cü il  tarixli Qanunu”ndan istifadə edərək, Bakıda uşaq bağçası  açmaq üçün Bakı Quberniyası  və  Dağıstan  Vilayəti Xalq Məktəblər İdarəsinin  direktoruna  28 sentyabr  1916-cı ildə ərizə ilə  müraciət edir.
 

A.Talıbzadə ərizəsində uşaq bağçasında ödənişin ildə 140 rubl olacaşını, bütün işləri öz nəzarətində saxlayacağını direktorun diqqətinə çatdırırdı. Ərizədə uşaq bağçasının ünvanı da göstərilirdi: Verxnıy Priyut küçəsi, N 80.
 

Qafqaz Təhsil Dairəsi  popeçitelinin 2256 nömrəli  11 oktyabr 1916-cı il tarixli icazə məktubu cəmi iki gündən sonra  Abdulla Şaiqə çatdırılır.
 

Abdulla Talıbzadə 15 oktyabr 1916-cı ildən  başqa titullarla yanaşı, ” uşaq bağçasının müdiri ”  titulunu da daşıyır.

 

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Xəbər lenti