Logo

“Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO

18.03.2024 20:05 137 baxış
IMG

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin və Almaniyada yaşayan diaspor nümayəndələrinin birgə təşkilatçılığı ilə Almaniyanın Euskirçen şəhərində “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə Monitorinq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Azərbaycan dilinin beynəlxalq aləmdə təbliğinə həsr olunmuş görüşün təşkilinə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib. Almaniya Federativ Respublikasında minlərlə soydaşımızın yaşadığını qeyd edən S.Əliyeva həftəsonu məktəblərinin azərbaycanlı ailələrdə ana dilimizin qorunmasında və gənc nəslə dil sevgisinin aşılanmasında xüsusi rolu olacağını vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniyanın Münster şəhərində fəaliyyət göstərəcək həftəsonu məktəbi haqqında məlumat verən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Monitorinq Mərkəzi ilə sıx əlaqələrinin qurulması və sonrakı mərhələdə onlayn dərslərin təşkili ilə bağlı fikirlərini bölüşüb.

Tədbirə onlayn qoşulan Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fənnini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva doğma dilimizin Özbəkistanda təbliği və tədrisi istiqamətində görülən işlərdən danışıb. Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova, şöbə müdirləri Şahlar Məmmədov və Vəfa İsmayılova, mütəxəssis Vüqar Qurbanov Almaniyada yaradılacaq həftəsonu məktəbinin fəaliyyətinə uğurlar arzulayaraq bu işə hər cür dəstək olacaqlarını bildiriblər.

Tədbirdə Monitorinq Mərkəzinin əməkdaşları Orxan Həsənov, Cəmilə Cəfərova, “A&C Partner GmbH” şirkətinin təsisçiləri Anar İsmayılov və Cavid Ağayev, “Kolorit Group”un rəhbəri Amil İsmayılov, “IAMO Bau GmbH” inşaat şirkətinin təsisçisi Azər İbrahimov da iştirak ediblər.

Xəbər lenti