Logo

Xaricdə təhsil üzrə Dövlət Proqramının ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib

02.04.2024 12:40 190 baxış
IMG

Aprelin 2-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir təhsilini uğurla başa vurmuş məzunların tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədilə təşkil edilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların əsas vəzifələrindən birinin yeni iş yerləri yaratmaq, ölkənin iqtisadiyyatına töhfə vermək olduğunu söyləyib. Bildirib ki, təkcə ötən il Dövlət Proqramına üz tutan tələbələrdən 50 nəfəri dünyanın ən yaxşı universitetlərində təhsil alır.

Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov çıxışında fondun təhsil istiqamətində bir sıra layihələr həyata keçirdiyini və bu layihələrin 2030-cu ilədək davam edəcəyini söyləyib.

Sonra Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova proqram barədə hesabatla çıxış edib.

Tədbirdə məzunlar “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının dövlət qulluğuna müraciət etmək qaydaları” və “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu: əmək bazarına çıxış üçün nə tələb olunur” mövzularında maarifləndirici çıxışları dinləyiblər.

Daha sonra məzunlar üçün ölkənin 30-a yaxın nüfuzlu dövlət və özəl sektorunu təmsil edən qurumların iştirak etdiyi karyera sərgisi təşkil olunub. Sərgidə müxtəlif qurumlar tərəfindən vakansiyalar təqdim olunub.

Qeyd edək ki, Dövlət Proqramı Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərədək, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir. Proqram iştirakçıları təhsillərini bitirdikdən sonra müvafiq qaydaların tələblərinə uyğun olaraq geri qayıdaraq 5 illik əmək fəaliyyəti ilə məşğul olmalı və ölkənin sosial-iqtisadı inkişafına töhfə verməlidirlər.

Xəbər lenti