Logo

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO

16.05.2024 13:01 158 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, iclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, 2025-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 ili tamam olacaq. AMEA 80 illik tarixi ərzində zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin müasir tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi, innovativ elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynayıb.

İclasda AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının loqotipinin seçimi üzrə Müsabiqə komissiyasının fəaliyyətinin nəticələri və AMEA-nın loqotipinin təsdiq olunması haqqında məsələ müzakirə edilib.

Akademik İsa Həbibbəyli AMEA-nın yeni korporativ imicinin formalaşdırılması və təbliğinin Akademiyanın tarixinə, son dövrlər onun fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə və müasir informasiya cəmiyyətinin tələblərinə müvafiq şəkildə qurulması üçün onun bütöv quruluşa malik, zahiri simvol və ya qrafika kimi xarakterizə olunan fərqləndirici simvolunun – loqotipinin (emblem) dəyişdirilməsi zərurətinin yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-nın loqotipinin (emblem) seçimi və digər zəruri məsələlərin həlli üçün Müsabiqə komissiyası yaradılıb və komissiyaya AMEA-nın yeni loqotipinin (emblem) müəyyənləşdirilməsi ilə bağlı müsabiqənin keçirilməsi, qalibin müəyyənləşdirilməsi və mükafatlandırılması, seçilmiş loqotipin (emblem) müvafiq qanunvericiliyə uyğun olaraq təsdiq edilməsindən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Müsabiqə Komissiyası tərəfindən AMEA-nın “Elm” nəşriyyatının baş dizayneri Şəlalə Rüstəmovanın müəllifi olduğu ümumiləşdirilmiş loqonun yekun qiymətləndirmə üçün AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarıldığını deyib.

Həmçinin Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayevanın müəllifi olduğu layihə ən yaxşı bədii təsvir vasitəsi kimi Rəyasət Həyətinin diqqətinə təqdim edilib.

Təqdim olunmuş işlər barədə fikrini bildirən Azərbaycan Rəssamlar İttifaqının sədri, Müsabiqə komissiyasının üzvü Xalq rəssamı Fərhad Xəlilov layihələrin hər biri ilə tanış olduğunu və AMEA Rəyasət Heyətinin yekun müzakirəsinə çıxarılmış loqotipin (emblem) müasir standartlara cavab verdiyini deyib və müsabiqəni yüksək qiymətləndirib.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycan Milli Elmlər Akademiyasına dəvət edilməsi haqqında olub.

İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın mayın 30-dan iyunun 6-dək AMEA-ya gəlişinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

Tədbirdə AMEA-nın dövri elmi jurnallarının Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) DergiPark bazasına daxil edilməsi haqqında məsələ də müzakirə edilib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil olunmasını dəstəkləmək məqsədilə onların saytlarının bu bazaların tələblərinə uyğun yaradılması və istifadəsinin təmin olunması üçün tədbirlər görülür. Bildirib ki, görülmüş tədbirlər nəticəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli Ədəbiyyatşünaslıq” jurnalı, Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azərbaycan Riyaziyyat Jurnalı” (Azerbaijan Journal of Mathematics) jurnalı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” (Seismoprognosis observations in the territory of Azerbaijan) jurnalı DergiPark elektron baza reyestrinə daxil edilib.

AMEA-nın dövri elmi jurnallarının TÜBİTAK-ın DergiPark elektron baza reyestrinə daxil edilməsini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli Akademiyanın digər elmi nəşrlərinin də bazaya daxil edilməsi üçün işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov TÜBİTAK-ın DergiPark elektron baza reyestrinin tələbləri barədə məlumat verib.

Sonra iclasda AMEA Rəyasət Heyətinin nəzdində daxili imkanlar hesabına “Akademiya Muzeyi”nin yaradılması haqqında məsələ müzakirə olunub.

Akademik İsa Həbibbəyli bildirib ki, son dövrlərdə AMEA-da həyata keçirilən çoxşaxəli islahatların mühüm istiqamətlərindən birini Azərbaycan elminin keçdiyi inkişaf yolunun tədqiqi və təbliği, elmin populyarlaşdırılması, gənc nəsildə elmə marağın artırılması istiqamətində görülən işlər təşkil edir. Qeyd edib ki, bu islahatların davamı olaraq Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponatların, əlyazma və tarixi nəşrlərin toplanılması və qorunub saxlanılması, bu sahədə ekspozisiyaların qurulması, onun daima zənginləşdirilərək təkmilləşdirilməsi, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın “Akademiya Muzeyi”nin yaradılması zəruridir.

İclasda qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyətinin nəzdində daxili imkanlar hesabına AMEA-nın “Akademiya Muzeyi”nin yaradılması qərara alınıb.

Bundan əlavə, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yeni strukturu və Nizamnaməsi təsdiqlənib. Eyni zamanda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Etnoqrafiya və etnologiya” ixtisası üzrə doktorant və dissertantlarının AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna keçirilməsi haqqında qərar verilib. Həmçinin Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakirin 240 illik yubileyinin, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin 70 illik və AMEA-nın müxbir üzvü Əli Nuriyevin 85 illik yubileyi haqqında qərarlar qəbul edilib.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Ramiz Rizayev, Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayeva və başqaları çıxış ediblər.

Xəbər lenti