Logo

Azərbaycan Respublikası tarixi həqiqətlərin təhrif olunmasına heç vaxt imkan verməyəcəkdir

19.04.2021 21:30 260 baxış
IMG

Dağlıq Qarabağ uğrunda keçən payızda başlayan və 44 gün davam edən Vətən müharibəsinin bitməsindən beş ay keçir. Ermənistan böyük hərbi-texniki üstünlüyə malik olan Azərbaycan ordusunun sürətli hücumunu dayandıra bilmədiyi üçün çətin şərtlərdə sülh bağlamaq məcburiyyətində qaldı. 30 il Azərbaycandan ayrı düşmüş, adları hər bir azərbaycanlının yaddaşında hifz olunan bu ərazilər barədə yazmaq zamanı artıq yetişib. Əlbəttə, bu ərazilərin azərbaycanlılar üçün tarixi-mədəni əhəmiyyəti hər hansı iqtisadi dəyərlərdən qat-qat yüksəkdir. Bəli bu yerlər indi öz sahibinin əlindədir. O yerlərdə yenidən həyat dirçələcəkdir. Çünki, tarixən mədəniyyəti, təbiəti, adət-ənənəsi ilə seçilən bu yurdlar Azərbaycanın dilbər guşələri hesab edilib. Lakin ərazilərdən gələn görüntülərdən biz başqa mənzərə görürük bu gün. Sanki, atom bombasının sınaqları keçirilib bu yerlərdə. Ermənilər əminliklə deyə bilərik ki, daşı-daş üstündə qoymayıblar ata-baba yurdlarımızda. Müharibənin bütün dəhşətlərini və ölkəyə vurduğu maddi-mənəvi zərəri təkcə statistik göstəricilərlə ifadə etmək mümkün deyil. İşğal nəticəsində, bütövlükdə Azərbaycanın 900-ə yaxın yaşayış məntəqəsi dağıdılaraq məhv edilib. Münaqişə  nəticəsində  20 mindən çox Azərbaycan vətəndaşı  həlak olmuş, 50 mindən çox insan yaralanmış, əlil və ya şikəst olmuş, bir neçə min insan isə itkin düşmüşdür. Bununla yanaşı, Ermənistanla həmsərhəd olan rayonlarımızın iqtisadiyyatı da ciddi zərər görüb. Atəşkəsin düşmən tərəfindən davamlı pozulması həmsərhəd ərazidə yaşayan vətəndaşlarımızın hüquqlarına vurulan ziyanın təsdiqidir. Düşmən üzərində qazandığımız qələbənin əbədiləşdirilməsi üçün vaxtilə öz doğma torpaqlarından köçkün düşmüş insanların yurd-yuvalarına qayıdışı böyük önəm kəsb edir. Bu böyük qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması ilə yanaşı, həmin ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında da bir körpü olacaqdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ən böyük təhdid sayılan unutqanlıq, tarixi həqiqətləri göz ardı etmək bəzən böyük problemlərin başlanğıcına çevrilir. Qeyd etdiyimiz kimi, son 200 ildə bu unutqanlığın qurbanına çevrilmiş torpaqlarımız, insanlarımız, abidələrimiz, sərvətimiz düşmən hiyləsinə, məkrinə tuş gəlib. Məhz gələcəkdə hər hansı bir tarixi unutqanlıq yaşamamaq üçün gənclərimiz bu günümüzü, keçmişimizi dərindən öyrənməli, bu həqiqətləri qavramalı və təbliğ etməlidir. Bu gün dillərdə şüar olan “Qarabağ Azərbaycandır” şüarı bizim milli keçmişimizin uğurlu gələcəyə gedən yolunun formuludur. Cənab Prezidentimizin bildirdiyi kimi, öz keçmişimizdən dərs çıxarmalı və gələcəyimizi daha etibarı şəkildə formalaşdırmaq üçün özümüzü, tariximizi, dünənimizi sabahımızın təməlinə çevriməliyik.

 
Vüqar Aslanov
Neftçala rayon sakini, müəllim

Xəbər lenti