Logo

İqtisadçı ekspert Pedaqoji Universitetin tələbələrinə ustad dərsi keçib

23.10.2024 17:02 223 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantlar üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) departament direktoru iqtisadçı ekspert Eldəniz Əmirovun ustad dərsi təşkil edilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov qeyd edib ki, magistrantların öyrəndikləri nəzəri biliklərin praktik təcrübələrlə əlaqələndirilməsi üçün universitetdə mütəmadi olaraq tanınmış elm adamları, dövlət və özəl sektorun təcrübəli mütəxəssisləri ilə silsilə görüşlər, dəyirmi masa və ustad dərsləri təşkil edilir.

Pedaqoji Universitetdə ixtisaslı magistr hazırlığı sahəsində aparılan islahatlardan bəhs edən A.Zamanov diqqətə çatdırıb ki, son illərdə xüsusən təhsil idarəetməsi üzrə yeni ixtisaslaşmalar yaradılıb, mövcud ixtisaslaşmalarda isə tədris istiqamətləri genişləndirilib. Prorektor bütün istiqamətlər üzrə təhsilalanların peşəkar inkişafı üçün universitet tərəfindən lazımi dəstəyin təmin edildiyini diqqətə çatdırıb, magistrantları bu fürsətləri maksimum səviyyədə dəyərləndirməyə və peşəkar səriştələrə yiyələnmək yolunda fəallıq göstərməyə çağırıb.

İqtisadçı ekspert Eldəniz Əmirov iqtisadiyyat sahəsində müasir tendensiyalardan, təhsil və iqtisadiyyatın qarşılıqlı əlaqəsindən danışıb, tələbələrə hansı bacarıqları inkişaf etdirməli olduqları barədə tövsiyələr verib. Qonaq xüsusilə rəqəmsal texnologiyaların iqtisadiyyata təsirindən və bu sahədəki yeniliklərin gələcək peşəkar mühitə necə təsir edəcəyindən söz açıb.

Ustad dərsi E.Əmirovun iqtisadi prosesləri daha yaxşı başa düşmək və gələcəkdə bu sahədə uğur qazanmaq üçün lazım olan praktik biliklər və strategiyalar haqqında geniş təqdimatı ilə davam edib. O, yeni nəşr etdirdiyi “Avrasiyanın arteriyaları” kitabı haqqında danışaraq əsərdə toxunulan aktual məsələləri vurğulayıb.

İnteraktiv formada keçən ustad dərsi iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti