Ulu öndərin dediyi kimi, millətin gələcəyi olan təhsili inkişaf etdirmək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır. İlk növbədə təhsildə planlama olmalıdır. Plan elə tərtib edilməlidir ki, hər bir məsələ incəliklə təhlil edilməli, pedaqoji şurada müzakirə olmalı və təsdiq olunmalıdır. Hazırlanmış plan əhatəli olmalı, orada hər bir məsələ öz əksini tapmalıdır. Məktəbdə fəaliyyət göstərən müəllim, sinif rəhbərləri, metodbirləşmə rəhbərləri, psixoloq, valideyin komitəsinin fəaliyyəti haqqında həmin planda ayrıca maddələr olmalıdır. Məktəbin hazırlanmış ümumi fəaliyyət planı təhsil sahəsində aparılan islahatlara və həyata keçirilməsi nəzərdə tutulan ümümi məsələlərlə bağlı inkişaf planını da əhatə etməlidir.
Hazırlanmış fəaliyyət planının icra edilməsini və keyfiyyətliliyini təmin etmək üçün mütəmadi olaraq hesabat şuraları təşkil edilməli fəaliyyət planına uyğun görülmüş işlər müzakirə edilməli və əldə olunmuş nəticələr təhlil edilməlidir. Hesabat şuralarında məktəbin ümumi fəaliyyəti şəffaflıqla öz əksini tapmalıdır. Burada işdə olan nöqsanlar, geriləmələr gizlədilmədən göstərilməli, onları doğuran səbəblərin obyektiv və subyektiv cəhətləri təhlil olunmalıdır. Bununla yanaşı, məktəbin uğurları, keyfiyyətin dinamikası və əldə olunan nailiyyətlərin müqayisəli təhlili də verilməlidir. Bir sözlə, məktəbin təlim, tərbiyə, tədris, hətta maddi texniki resursların vəziyyəti də öyrənilərək hesabatda əlavə olunmalıdır. Ona görə öyrənilib təhlil edilməlidir ki, hesabatlılıq təmin olunsun və məsuliyyətin bölüşdürülməsi prinsipinə uyğun olaraq hər bir kollektiv üzvü öz üzərinə düşən məsuliyyəti dərk etsin və görülmüş işlərin daha keyfiyyətli və nəticəyönümlü olması üçün mütəmadi olaraq çalışsın. Həmin şuralarda kollektiv üzvləri üzərlərinə düşən məhsuliyyəti həvəs və ruh yüksəkliyi ilə yerinə yetirməsi üçün sağlam rəqabət mühiti yaradılmalı, görəcəyi işi məsuliyyətlə və daha dəqiqliklə yerinə yetirən kollektiv üzvünün yaxşı işi təqdir edilməlidir.
Məktəbin hər bir kollektiv üzvü üzərinə düşən məsuliyyəti dərk etməli millətimizin gələcəyi olan şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, müasir elmi-bilikləri mənimsəməsində onlara yardımçı olmalı və daim yeniləşən dünyada yeni öyrətmə metodlarını öyrənməli və tədbiq etməyi bacarmalıdır. Unutmayaq ki, müəllimin nəticəsi o zaman görünür ki, o, elmli,bilikli,vətənpərvər və dövlətin gələcək inkişafında iştirak edə biləcək layiqli vətəndaş, əsl ziyalını yetişdirməyi bacarmışdır.
XII əsrdə yaşamış dahi Nizami Gəncəvi elmin, biliyin insanın və dövlətin fəaliyyətindəki rolunu belə qeyd etmişdir.
O böyük, ağıllı, ayıq hökmdar,
Öz şahlıq taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərman:
«Alimdir gözümdə ən əziz insan.
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz».
Xəyal NƏSİBOV
Şəmkir rayonu Cəlil Bayramov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru, Gəncə Dövlət Universitetinin (2013-2017-ci illər) “Vətən tarixi”üzrə Dissertantı