Təhsil sistemi hər bir cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm alətlərdən biridir. Bu səbəbdən də, təhsil siyasəti ilə bağlı qərarlar uzunmüddətli perspektivdə ölkənin inkişafına və ya geriləməsinə səbəb ola bilər. Son illərdə Azərbaycanda imtahan sisteminin yüngülləşdirilməsi məsələsi cəmiyyətin diqqət mərkəzindədir. Bu məsələni iki fərqli prizmadan təhlil etmək lazımdır: bir tərəfdən, daha sadə imtahanların şagirdlərə yaratdığı rahatlıq; digər tərəfdən isə təhsilin keyfiyyətinə olan mənfi təsirlər.
Azərbaycanda orta təhsil sistemində 700 ballıq qiymətləndirmə ilə həyata keçirilən qəbul imtahanları cəmiyyətin çox hissəsində böyük stress və narahatlıq doğurur. Bunun qarşısını almaq məqsədilə son illərdə imtahan tapşırıqları daha çox sadələşdirilib. Statistikaya görə, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 62%-i 400-dən aşağı bal toplayıb. Halbuki bu rəqəm 2018-ci ildə 48% idi. Bu tendensiya təhsilin keyfiyyəti ilə bağlı suallar doğurur.
Sadələşdirilmiş imtahanların tərəfdarları vurğulayır ki, şagirdlərin psixoloji sağlamlığını qorumaq və onların stresssiz bir şəkildə ali təhsil almağa yönləndirilməsi vacibdir. Lakin təhsilin keyfiyyəti əsas prioritet olduğu halda, imtahanların sadələşdirilməsi uzunmüddətli fəsadlar yarada bilər. Beynəlxalq təcrübə göstərir ki, yüksək standartlara əsaslanan imtahan sistemləri daha yaxşı mütəxəssislərin hazırlanmasına xidmət edir. Məsələn, Finlandiyada tələbələr ciddi imtahanlardan keçməsələr də, məktəbdə yüksək səviyyəli təhsil almaq məcburiyyətindədirlər. Azərbaycanda isə təhsil sistemi ali məktəblərə qəbul imtahanlarını yüngülləşdirməklə həm də məktəb səviyyəsində zəif hazırlığı kompensasiya etməyə çalışır.
İmtahanların asanlaşdırılmasının digər mənfi təsiri rəqabət mühitinin zəifləməsidir. Məsələn, 2023-cü ildə Azərbaycanın ən yüksək reytinqli universitetlərinə daxil olan tələbələrin orta balı əvvəlki illərə nisbətən aşağı olub. Bu, ali təhsil müəssisələrinin tələbə hazırlığında keyfiyyətə deyil, kəmiyyətə fokuslandığını göstərir. Halbuki dünyada inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da Harvard və ya MIT kimi universitetlər yalnız yüksək akademik göstəricilərə malik tələbələri qəbul edir.
Əsas məsələ balansı qorumaqdır. Təhsil siyasəti şagirdlərin həm psixoloji sağlamlığını, həm də akademik hazırlığını nəzərə almalıdır. Bunun üçün təhsil mütəxəssisləri və siyasətçilər bir araya gələrək, beynəlxalq təcrübəni öyrənməli və Azərbaycanın unikal xüsusiyyətlərinə uyğunlaşdırmalıdırlar. Yalnız bu halda həm şagirdlər, həm də cəmiyyət üçün faydalı olan təhsil sistemi yaradıla bilər.
Azərbaycanda təhsil ekspertləri, məsələn, Kamran Əsədov qeyd edir ki, təhsildə əsas prioritet şagirdlərin potensialını tam şəkildə açmaq olmalıdır. Asan imtahanlar şagirdlərdə yalnış təsəvvür formalaşdırır ki, zəhmət çəkmədən uğur əldə etmək mümkündür. Halbuki əsl təhsil həm intellektual, həm də şəxsi inkişafı təmin etməlidir. Təklif olunan həll yollarından biri isə məktəblərdə təhsil keyfiyyətinin artırılmasıdır ki, bu da ali təhsilə keçid prosesini daha effektiv edər.
Təhsil sistemi sadəcə şagirdləri universitetə qəbul etmək üçün yox, onları gələcəkdə peşəkar karyeraya və həyatın çətinliklərinə hazırlamaq üçün qurulmalıdır. Bu məqsədə nail olmaq üçün imtahanların asanlaşdırılması deyil, təhsil sisteminin köklü şəkildə yenidən qurulması tələb olunur.
Bəhman Hüseynli