Logo

ADA və Corc Vaşinqton universitetləri arasında akademik əməkdaşlıq genişlənir

12.05.2025 10:50 83 baxış
IMG

ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti ("GWU") arasında 2020-ci ildən etibarən qurulan akademik əməkdaşlıq hər il daha da genişlənir. Belə ki, ikili diplom proqramları çərçivəsində başlayan tərəfdaşlıq zamanla tələbə və professor mübadiləsi, elmi tədbirlərin təşkili və birgə tədqiqat fəaliyyətləri kimi sahələri də özündə əhatə etməyə başlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bu ilin yanvar ayında Elektrik və elektroenergetika mühəndisliyi üzrə magistr proqramının 14 tələbəsi Vaşinqton şəhərinə yollanıb. Onlar iyunun sonunadək Corc Vaşinqton Universitetində təhsil alacaqlar.

Tələbələrə təhsil müddətində akademik dəstək göstərmək və onların magistr dissertasiyası üzrə tədqiqatlarına mentorluq etmək məqsədilə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin müəllimi Orxan Kərimzadə də Vaşinqtona ezam olunub.

İl ərzində davam edən qarşılıqlı əlaqələr çərçivəsində "GWU"nun Elektrik və kompüter mühəndisliyi kafedrasının rəhbəri Tarik Əl-Qazavi Bakıya səfər edib, 2025–2026-cı tədris ili üçün proqramların təbliğat kampaniyasına dəstək göstərib. Həmçinin həmin universitetin akademik heyətindən Stefen Keysler Bakıda ADA Universitetinin magistr tələbələri üçün müvafiq mövzular üzrə mühazirələr təqdim edib.

Yaxın günlərdə isə ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvləri "GWU"nun akademik heyəti ilə ABŞ-də görüşəcəklər. Görüş zamanı proqramların hazırkı vəziyyəti, kadr hazırlığı və yeni tədris istiqamətləri müzakirə olunacaq.

Qeyd edək ki, ADA və Corc Vaşinqton universitetləri arasında əməkdaşlıq universitet-sənaye tərəfdaşlığını da özündə ehtiva edir. İndiyədək keçirilən magistr dissertasiyalarının müdafiəsində sənaye nümayəndələri də iştirak edib və tərəfdaşlıq çərçivəsində Robototexnika müsabiqəsi, eləcə də Süni intellekt və Böyük verilənlər üzrə 6-cı Beynəlxalq Forum daxil olmaqla bir sıra praktiki tədbirlər baş tutub.

Xatırladaq ki, ikili diplom üzrə magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.


 

Xəbər lenti