Logo

Gənc tədqiqatçılar ölkəmizin turizm potensialının formalaşmasında maraqlıdırlar

12.05.2025 10:51 99 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda X respublika elmi-praktik konfransı keçirilib. Tədbir universitetin Turizm və qonaqpərvərlik fakültəsi Turizm biznesi kafedrasının təşkilatçılığı ilə baş tutub.

ATMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransda çıxış edən rektor İlham Mədətov gənclərin ölkəmizin elmi potensialının formalaşmasında layiqincə təmsil olunacaqlarına əminliyini ifadə edib. Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov elmi-praktik konfransa gənc tədqiqatçılar tərəfindən 90-dək məqalənin təqdim olunduğunu bildiriblər, araşdırılan hər bir mövzunun ölkə turizminin inkişafında əhəmiyyətini qeyd ediblər.

Konfrans “Azərbaycanın işğaldan azad olunan ərazilərinin turizm potensialı”, “Azərbaycanın turizm destinasiyaları”, “Turizmin iqtisadiyyatı və idarəedilməsi”, “Turizmdə dillərin rolu”, “Azərbaycanda qonaqpərvərlik və qida sənayesi: bugünkü və gələcək inkişafı”, “Turizmdə marketinq” adlı bölmələrdə fəaliyyət göstərib.

Elmi-praktik konfransın işində ATMU tələbələri ilə yanaşı, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Mingəçevir Dövlət Universitetinin tələbələri iştirak ediblər.

Qeyd edilib ki, “Azərbaycan turizmi: bu günü və gələcəyi” adlı X respublika elmi-praktik konfrans gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması, turizm sənayesində müasir yanaşmaların paylaşılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Gənc tədqiqatçıların qatıldığı tədbir onlayn formatda olub.

Xəbər lenti