AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) bir əsrlik fəaliyyət tarixinə malikdir və bu müddət ərzində öz rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu kitabxananın formalaşması və inkişafı ölkəmizdə elmi fikrin təşəkkülündə mühüm rol oynamış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 1923-cü ilin noyabrında təsis edilməsi ilə paralel olub.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirlər Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Kitabxana müdir, tarix üzrə fəlsəfə doktoru Şəfəq İslamova və AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının 100 illik inkişaf yolu” məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti respublikanın tarixi, arxeologiyası və təbii sərvətlərinin öyrənilməsi, eləcə də ölkəmizlə bağlı materialların toplanması istiqamətində mühüm elmi fəaliyyət göstərib. 1924-cü ildə isə Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi və Hənəfi Zeynallının təşəbbüsü və Aleksandr Baqrinin rəhbərliyi altında fəaliyyətə başlayan Biblioqrafik Büro elmi və biblioqrafik məlumatların toplanması, sistemləşdirilməsi və elmi ictimaiyyətə təqdim olunması sahəsində xüsusi əhəmiyyət kəsb edib. 1925-ci ildə Cəmiyyətin kitabxanası ilə Biblioqrafik Büronun fəaliyyətindəki təkrarçılığı aradan qaldırmaq və kitabxanadakı materialların sistemli şəkildə biblioqrafiyalaşdırılmasını təmin etmək üçün bu iki qurumun birləşdirilərək Kitabxana-Biblioqrafiya Bürosunun təsis edilməsi barədə qərar qəbul edilib.
Kitabxananın ilk rəhbəri tanınmış maarifçi və ədəbiyyatşünas Hənəfi Zeynallı olub. Kitabxana yarandığı dövrdə 430 adda nəşrlə fəaliyyətə başlasa da, qısa müddətdə fondun zənginləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, kataloqlaşdırma işlərinə başlanılıb, biblioqrafik kartotekalar və inventar qeydiyyat sistemi yaradılıb. Məhz bu mərhələdən etibarən Azərbaycanla bağlı materialların planlı şəkildə toplanması və onların intensiv biblioqrafik təsviri prosesinə başlanılıb. Kitabxana istifadəçilərin informasiya tələbatını ödəmək məqsədilə ölkəşünaslıq yönümlü və elmi-tədqiqat xarakterli biblioqrafik arayışlar hazırlayaraq təqdim edirdi. Bu arayışlar ədəbiyyatşünaslıq, dilçilik, tarix, etnoqrafiya və iqtisadiyyat kimi müxtəlif elmi sahələri əhatə etməklə tədqiqatçılar üçün dəyərli informasiya mənbəyinə çevrilib. 1925-ci ilin sonunadək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin kitabxanasının fondu sürətlə genişlənib, nəticədə Azərbaycana və region ölkələrinə dair 20 mindən artıq sənəd və informasiya resursu toplanıb. Bu proses kitabxananın elmi informasiya mərkəzi kimi formalaşmasının əsasını qoyub, onun gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu, 1932-ci ildə isə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılıb. 1935-ci ildə bu şöbə SSRİ EA-nın Azərbaycan filialına çevrilib. Həmin dövrdə filialın tərkibində fəaliyyət göstərən Mərkəzi Kitabxana artıq elmi kitabxana kimi xüsusi əhəmiyyət kəsb edirdi.
Həmin dövrdə Şərq ədəbiyyatı fonduna özbək, türkmən, ərəb, fars, Türk, yapon, Çin və digər Şərq dillərində yazılmış 15 mindən artıq nüsxə toplanıb. Bu əsərlər öz zamanının ən qiymətli elmi və ədəbi nümunələrini əhatə edirdi. Xüsusilə XV–XVI əsrlərə aid İstanbul, Tehran, Təbriz və Qahirədən gətirilən əlyazmalar və litoqrafik çap kitabları fondun ən dəyərli hissəsini təşkil edirdi. 1000-dən artıq nüsxədən ibarət olan bu nadir əsərlər təkcə Şərq ədəbiyyatının inciləri deyil, həm də zəngin mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edirdi.
Fond yalnız klassik ədəbiyyat nümunələri ilə məhdudlaşmırdı, burada görkəmli şəxsiyyətlərin əsərləri, eləcə də “Molla Nəsrəddin” jurnalının tam komplekti toplanaraq kitabxananı elmi tədqiqatlar üçün unikal bir mənbəyə çevirirdi.
1936-cı ilə qədər kitabxananın fondunda artıq 175 mindən çox kitab, nadir və qiymətli əlyazma, elmi əsər toplanıb. Bu göstərici 1940-cı ilə qədər artaraq 200 min nüsxəyə çatıb.
İkinci Dünya müharibəsi dövründə və ondan sonra elmi-texniki potensialın artırılması strateji prioritetlərdən birinə çevrildi. Belə bir şəraitdə Azərbaycanda da elmi tədqiqatların təşkili və inkişafı mühüm əhəmiyyət kəsb edirdi. Respublikanın sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrində davamlı inkişafını təmin etmək məqsədilə müstəqil elmi mərkəzin yaradılması zəruri idi. Əvvəlki illərdə bu ehtiyaclar Azərbaycan filialı vasitəsilə ödənilsə də, artan tələbat və güclənən yerli elmi potensial fonunda müstəqil Elmlər Akademiyasının təsisi artıq zərurətə çevrilmişdi. Bu məqsədlə Sovet İttifaqı rəhbərliyi SSRİ EA-nın və Azərbaycan SSR Xalq Komissarları Sovetinin təqdimatına əsasən Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar qəbul etdi. 1945-ci il martın 27-də keçirilən ilk ümumi iclasda akademiyanın strukturu təsdiqlənib, elmi istiqamətlər müəyyənləşdirilib və aparıcı elmi-tədqiqat müəssisələrinin fəaliyyəti sistemli şəkildə təşkil olunub.
Bu tarixi mərhələdə Mərkəzi Elmi Kitabxananın da rolu mühüm şəkildə dəyişdi. Kitabxana akademiyanın rəsmi tərkib hissəsi kimi, elmi informasiya təminatını həyata keçirən, tədqiqatçıların araşdırmalarına bilavasitə dəstək verən əsas mərkəzə çevrildi.
1963-cü ildə Azərbaycan EA-nın Mərkəzi Kitabxanasına “Əsaslı Kitabxana” statusu verilib, 1982-ci ildən etibarən isə “Mərkəzi Elmi Kitabxana” adı ilə fəaliyyətini davam etdirib.
Qeyd etmək lazımdır ki, MEK-in biblioqrafik çap məhsulları Elmi-biblioqrafiya şöbəsi tərəfindən hazırlanaraq nəşr olunurdu. 1964-cü ildən başlayaraq “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında yüzlərlə biblioqrafik göstərici tərtib edilərək çap olunub. Bundan əlavə, “Azərbaycanın sel hadisələri”, “Azərbaycanda üzümçülük”, “Neftdən çirklənmiş torpaqların təmizlənməsi” kimi mövzulara həsr olunmuş göstəricilər, eləcə də uçot-qeyd biblioqrafik göstəricilər hazırlanıb. Bu baxımdan Azərbaycan Elmlər Akademiyasının müxtəlif dövrlərdəki elmi fəaliyyətini əhatə edən üç cilddə toplanmış (1923–1965-ci illəri əhatə edən) “AEA nəşrlərinin biblioqrafiyası” xüsusi qeyd olunmalıdır.
1967-ci ildə Mərkəzi Elmi Kitabxana yeni binaya köçürülüb. 1973-cü ildə kitabxananın nəzdində Elmi-texniki informasiya şöbəsi yaradılıb. Həmin ildən etibarən 360-dan çox elmi mövzu üzrə fərdi məlumat təmin edən “Məlumatın seçilib yayılması” (İRİ) sistemi tətbiq olunub.
1976-cı ildə təsis edilmiş Elmi-tədqiqat şöbəsi kitabxananın inkişafında mühüm rol oynayıb, “Azərbaycan Elmlər Akademiyasının kitabxana fondlarının istifadə səmərəliliyi və elmlər kompleksi üzrə oxucunun məlumat tələbatına uyğunluğunun öyrənilməsi” mövzusunda geniş elmi tədqiqat işləri aparılıb.
1980-ci illərin sonunda Mərkəzi Elmi Kitabxananın 24 filialı fəaliyyət göstərirdi. Mərkəzləşmə prosesi başa çatdıqdan sonra isə MEK 27 elmi-tədqiqat müəssisəsini əhatə edib, kitab fondu 4 milyon 355 min nüsxəyə çatıb.
Lakin müstəqilliyin ilk illərində ölkədə yaşanan iqtisadi çətinliklər nəticəsində bu sistem zəifləyib, 1992-ci ildə MEK-in filialları müvafiq elmi-tədqiqat institutlarının tabeliyinə verilib.
Kitabxananın fəaliyyəti daim Azərbaycan Elmlər Akademiyasının diqqət mərkəzində olub. 1998-ci ildə MEK-in inkişafı üçün yeni istiqamətlər müəyyən edilib. Həmçinin 1998-ci ildən Mərkəzi Elmi Kitabxana MDB ölkələrinin kitabxanalararası abonement sisteminə qoşulub, 2000-ci illərdə isə 27 institut kitabxanasına metodiki rəhbərliyi davam etdirib. 2000-ci illərin əvvəlində MEK elektron kataloqlar yaratmağa başlayıb, 2003-cü ildə isə Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsini təsis edərək üç dildə veb-səhifəsini istifadəyə verib.
2007-ci il aprelin 20-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamından sonra Mərkəzi Elmi Kitabxana qlobal informasiya inteqrasiyası tələblərinə uyğun olaraq qarşısına yeni hədəflər qoyub, kitabxana işinin rəqəmsallaşdırılması, elektron resursların yaradılması və beynəlxalq informasiya mübadiləsi sahəsində fəal fəaliyyətə başlayıb.
2014-cü il mayın 5-də AMEA Mərkəzi Elmi Kitabxanasının yeni binası istifadəyə verilib və açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Yeni binaya köçmək MEK-in inkişafını sürətləndirib, müasir tələblərə cavab verən geniş imkanlar yaradıb.
Müasir mərhələdə MEK yalnız ənənəvi kitabxana xidmətləri ilə məhdudlaşmır, həmçinin rəqəmsal informasiya resurslarının təşkili, elmi bazaların formalaşdırılması və beynəlxalq informasiya mübadiləsində fəal iştirakı ilə fərqlənir, elektron kataloq sisteminin imkanları əhəmiyyətli dərəcədə genişləndirilir.
Bu gün Mərkəzi Elmi Kitabxananın Fondu elm, texnika və mədəniyyət sahəsində müasir nəşrlərlə yanaşı, nadir və qiymətli əsərlərlə də zəngindir. Məsələn, 1998-ci ildə yaradılmış Nadir kitablar fondu XVI əsrə aid 22 əsər də daxil olmaqla dəyərli nəşrlərlə zəngindir. Bu əsərlər şüşəli stendlərdə qorunur və “Azərbaycan Respublikasının Kitab Abidələri” siyahısına daxil edilərək elmi və mədəni irsimizin mühüm hissəsini təşkil edir. Fondun ən nadir nüsxəsi 1502-ci ildə nəşr olunmuş “Heptalogium ex diversis paginis atque auctorum officinis congestum” əsəridir. Burada, həmçinin XIX əsrdə nəşr eilmiş E.Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebil” (1893), 82 cildlik Ensiklopedik lüğət, 44 cildlik Qranat ensiklopedik lüğəti, 31 cildlik Britanica ensiklopediyası (1875), 28 cildlik Amerika ensiklopediyası (1944), 14 cildlik “Yeni Universal Ensiklopediya” kimi mənbələr də saxlanılır. Miniatür kitablar isə fondun maraqlı və özünəməxsus hissəsini təşkil edir.
Dünyanın 46 ölkəsinin 130-a yaxın təşkilatı ilə mübadilə əlaqələri quran MEK oxucuların elmi tələblərini tam şəkildə təmin etmək məqsədilə nüfuzlu elektron bazalara çıxış imkanı yaradır. Bu mərkəzlər arasında ABŞ Konqres Kitabxanası, Fransa Milli Kitabxanası, Rusiya Elmlər Akademiyasının Kitabxanası, Türkiyə Türkdili Qurumu, eləcə də Çin, Almaniya, Macarıstan, Belarus, Rumıniya, Bolqarıstan və bir çox digər beynəlxalq təşkilatları da qeyd etmək mümkündür.
Hazırda Azərbaycanda elmi sahədə ən iri kitabxana olan MEK-in Fondu 1,5 milyona yaxın informasiya resursu ilə 50-dən çox dildə nəşrlər qorunur. Xüsusi fondlar arasında “Qarabağ müharibəsi qəhrəmanları” fondu önəmli yer tutur.
Kitabxananın uğurlu fəaliyyəti, onun peşəkar əməkdaşlarının və rəhbər heyətinin fədakar və məqsədyönlü əməyinin nəticəsidir. Mərkəzi Elmi Kitabxananın 100 illik fəaliyyəti dövründə H.Zeynallı, S.M.Yəhyəzadə, Y.İ.Tahirov, M.P.Karpinskaya, N.F.Axundov, R.Ə.Kazımov, M.M.Həsənova, T.D.Sadıqova, Ə.T.Əfəndiyev, A.Ə.Kəngərli, L.B.İmanova, S.K.Zülfüqrova, M.A.Əliyev rəhbərlik etmiş, hal-hazırda isə texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov rəhbərlik edir. Bu şəxslərin hər biri kitabxananın inkişafında müəyyən rol oynayıb.
AMEA Mərkəzi Elmi Kitabxanası bu gün ölkədə elmi informasiya təminatının əsas mərkəzlərindən birinə çevrilib. Kitabxananın təşəkkülü və inkişafı Azərbaycan elminin struktural quruluşunun formalaşmasında, biblioqrafik fəaliyyətin sistemləşdirilməsində və elmi-intellektual potensialın inkişafında mühüm rol oynayıb. Mərkəzi Elmi Kitabxana Azərbaycan elminin inkişafında əvəzsiz rol oynamaqla yanaşı, xidmət keyfiyyətini artırmaq və yeni, müasir metodları tətbiq etmək üçün daim axtarışda olan bir elm ocağıdır.