Logo

ADU-da "Məzun günü" keçirilib

04.07.2025 08:28 49 baxış
IMG

İyulun 3-də Azərbaycan Dillər Universitetində (ADU) 2024/2025-ci tədris ilində bakalavriatura və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, müxtəlif ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri və diplomatik korpusun nümayəndələri, universitetin professor-müəllim heyəti, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Gaurdeamus” tələbə himni səslənib.

ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb:

“Bu gün bizimlə olan qonaqlarımıza dərin təşəkkürümü bildirirəm. İnanıram ki, ADU-nun məzunları gələcək həyatlarında Vətəninə, dövlətinə, bayrağına, xalqına sədaqətlə, ləyaqətlə xidmət edəcək, öz bilik və bacarıqlarını ən yüksək səviyyədə göstərəcəklər”.

Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq:

“Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetinizin adını həmişə ləyaqətlə ucaldacaqsınız. Hamınızı təbrik edirəm, bağrıma basıram. Xahiş edirəm, mənim və həmkarlarımın ən xoş arzularını evdə valideynlərinizə də söyləyin”.

Tələbələrə ən yüksək akademik göstəricilərinə görə Fəxri məzun diplomu və Fəxri fərmanlar təqdim edilib.

Tədbir bədii proqramla davam edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində universitetin 1395 bakalavr, 305 magistr olmaqla, ümumilikdə 1702 tələbəsi məzun adını alıb.

Xəbər lenti