Logo

Heydər Əliyev və Azərbaycanda birgəyaşayış ənənəsi

07.05.2021 11:37 234 baxış
IMG

Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü bizi həmişə birləşdirib.

 

Heydər ƏLIYEV Ümummilli lider

 

Hazırda qlobal bir məkana çevrilmiş dünyamız tarixin heç bir dönəmində olmadığı qədər günümüzdə mədəniyyətlərin ittifaqına və birgəyaşayış ənənəsinin inkişaf etdirilməsinə ehtiyac duyur. Çox təəssüf ki, müasir dünyamızda bu ənənəni təhdid edən ünsürlərin sayı heç də az deyildir. İslam Şərqində təşəkkül tapmış dəyərlərə zidd olan radikal görüşləri müdafiə edən qrupların, habelə Qərb dünyasında sayları heç də az olmayan ultramillətçi və ksenofob axınların mövcudluğu və fəaliyyətləri narahatlığa əsas verir.

 

Şübhəsiz ki, fəaliyyətlərini mədəniyyətlərin ittifaqı üzərində deyil, ixtilafı əsasında quran belə qrupla­rı bəsləyən amillər təkcə dini-nəzəri ziddiyyətlər deyil. İctimai-siyasi amillər, cəmiyyətlərdəki iqtisadi bərabərsizliklər və başqa bir çox səbəb də insanların ra­dikallaşmasını şərtləndirən amillərdəndir. Konkret dini amillər haqqında bunu söyləmək mümkündür ki, İslam dün­yasında Orta əsrlərdə mövcud olmuş təsəvvüfi-irfani dəyərlərə söykənən ənənəvi tolerant dini düşüncədən fərqlənən, dini mətnlərə literal yanaşan, onları kontekstindən çıxarıb, başqala­rına qarşı dözümsüz fikirlərinin daya­ğına çevirməyə çalışan qruplar öz təsir dairələrini get-gedə artırırlar. Bu mənfi tendensiyanın qarşısını almaq üçün dinin ənənəvi ümumbəşəri dəyərlərinin modern insanın düşüncəsinə xitab edəcək şəkildə təqdim və təbliğ olunma­sı böyük əhəmiyyət kəsb edir. Müsəlman teoloqların və din xadimlərinin üzərinə bu baxımdan böyük öhdəlik düşür.

 

Ulu öndər Heydər Əliyevin 1994-cü il 7 fevral tarixində İstanbul beynəlxalq “Sülh və Səbir” konfransı iştirakçıları qarşısında nitqi də bu baxımdan mü­hüm tarixi çıxışdır: “Ayrı-ayrı bölgələrdə millətlərarası münaqişələrin gücləndiyi, xalqların qarşı-qarşıya qoyulduğu narahat zəmanəmizdə bütün sülhsevər qüvvələrin, xüsusilə də din xadimlərinin bir araya gəlməsi, dünyada barışıq və əmin-amanlıq üçün səy göstərməsi təqdirəlayiq hadisədir. Adamları humanizmə, şəfqətə, nəcibliyə, yüksək mənəvi dəyərlərə səsləyən dinlərin bəşər tarixində rolu əvəzsizdir. Silah­ların danışdığı, Uca Tanrının günahsız bəndələrinin acı məhrumiyyətlərə düçar olduğu bir vaxtda insanlara dözüm­lülük, mərhəmət və qarşılıqlı hörmət duyğuları təlqin edən Müqəddəs Allah kəlamlarına dünyamızın böyük ehtiyacı var. Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib-gedir”.

 

Məlumdur ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olmuşdur. Burada tarixboyu Zərdüştilik, Yəhudilik, Xris­tianlıq və İslam kimi dünyanın böyük dinləri yayılmışdır. Tarixdə olduğu kimi, günümüzdə də bu vəziyyət eyni qayda­da davam edir. Heydər Əliyev bu reallığı “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası, qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır” şəklində ifadə etmişdir.

 

Hazırda ölkəmizdə üç İbrahimi dinin nümayəndələri birlikdə yaşayır və aralarında ictimai zəmində hansısa bir problem yaşanmır. Şübhəsiz, bunun bir sıra obyektiv səbəbləri mövcuddur. Bu səbəbləri üç əsas başlıq altında toplamaq mümkündür. Bunlardan birincisi, Azərbaycan xalqının ictimai strukturunun ifratçılığa meyilli olmama­sıdır. XII-XIII əsrlərdə yaşamış məşhur coğrafiyaşünas Yaqut əl-Həməvi özünün məşhur əsəri olan “Mücəmul-büldan”da hələ o dövrdə Azərbaycan əhalisinin mülayimxasiyyətli olduğundan bəhs etmişdir. Həqiqətən də Azərbaycan xalqı tarixboyu ifrat meyillərdən uzaq olmuş­dur. Təsadüfi deyil ki, istər keçmişdə, istərsə də hazırda müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Fikrimi konk­ret bir faktla əsaslandırmaq istəyirəm. Azərbaycanın Qəbələ rayonunda etnik udilərin yaşadıqları Nic adlı bir kənd var. Udilər yerli azərbaycanlılardan fərqli ola­raq, etnik qrup hesab edilməklə yanaşı, həm də dünyada mövcud olan ən qədim xristian kilsələrindən sayılan Qafqaz-Al­ban kilsəsinə mənsubdurlar. Əhalisinin, demək olar ki, hamısı müsəlman olan Qəbələdə, ancaq bu kəndin əhalisinin çoxunu xristian udilər təşkil edirlər. Əsrlərlə müsəlman çoxluğun arasında yaşasalar da, udilər tarixboyu istər etnik, istərsə də dini zəmində heç bir diskrimi­nasiyaya məruz qalmamışlar.

 

Bu gün Nic kəndində udilərlə birlikdə müsəlmanlar da yaşayır və hər iki konfessiyanın nümayəndələri bir-birinin dini bayramlarında iştirak edir və dostluq şəraitində ömür sürürlər. Azərbaycanın başqa bir bölgəsi olan Qubanın “Qır­mızı qəsəbə”sində də “dağ yəhudiləri” adlanan etnik qrup tarixboyu eyni şəkildə burada azad surətdə öz dinləri çərçivəsində yaşamışlar. Bu faktların sayını artırmaq da mümkündür. Bütün bunların ölkəmizdə yaşayan əhalinin ifratçılıqdan uzaq sosial struktura malik olduğunu göstərir.

 

Ümummilli lider Heydər Əliyev təsadüfi deyildir ki, multikultural dəyərlərə əvəzsiz sərvət kimi yanaşır­dı: “Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür... Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü bizi həmişə birləşdirib”.

 

Azərbaycanda, xüsusilə yəhudi və xristian icmalarının müsəlmanlarla birlikdə sülh şəraitində yaşamaları­nı təmin edən səbəblərdən biri də ölkənin böyük əksəriyyətinin dini olan İslamın başqa inanclara qarşı ehtiramı olmuşdur. Heydər Əliyev də məhz bu həqiqəti “Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar. Bunu bizə Qurani-Kərim və Peyğəmbər Həzrət Məhəmməd tapşırıbdır” və “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir”, – şəklində ifadə edərək, həm Qurani-Kərimə, həm də Peyğəmbərimizin hədislərinə nəzər sal­dıqda, İslamın bu iki əsas mənbəyində başqa inancdan və fikirdən olan insanla­ra qarşı dözümlü münasibətin öz əksini tapdığını və radikallığın əsas göstəricisi olan dözümsüzlüyün rədd edildiyini vurğulamışdır.

 

Azərbaycanın birgəyaşayış mode­li təkcə dinlər və mədəniyyətlərarası münasibətlərdə deyil, eyni zaman­da, İslam daxilindəki məzhəblərarası münasibətlərdə də tarixən nümunəvi xarakterə malik olmuşdur. Məzhəblər İslam dünyasının bir reallığıdır. Bu da bir həqiqətdir ki, məzhəblərarası münasibətlər heç də həmişə müsbət yöndə inkişaf etməmiş, siyasi və sosi­al səbəblərin təsiri ilə bəzi müsəlman ölkələrində məzhəblər arasında ədavət yaradılmışdır.

 

Günümüzdə belə, İslam dünyasının bir çox bölgəsində məzhəbdən do­ğan münaqişələri üzülərək seyr edirik. Azərbaycan bu baxımdan bütün İslam dünyasında örnək olası bir nümunədir. Tarixboyu ölkəmizdə İslamın iki bö­yük məzhəbinin mənsubları yaşasalar da, onlar arasında heç vaxt məzhəb zəminində münaqişə baş verməmişdir. Xüsusilə XIX əsrin sonları, XX əsrin əvvəllərində azərbaycanlı aydınlar İslam dünyasında məzhəb ixtilaflarının aradan qaldırılması üçün həm fikri, həm də praktiki baxımdan bir çox fəaliyyətə imza atmışlar.

 

Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi ilə tənzimlənir. Azərbaycanda tətbiq olu­nan dünyəvilik prinsipi dini cəmiyyətin həyatından təcrid etməyi qarşısına məqsəd qoyan eksklüzivist bir dünyəvilik anlayışı deyildir. Bu, öz ifadəsini ən bariz şəkildə Heydər Əliyevin “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”, – sözlərində tapır.

 

Bu gün Azərbaycanda sovet dövründə zərbə alan islami ənənənin dirçəldilməsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Heydər Əliyevin “Dini­miz xalqımızın milli-mənəvi sərvətidir” fikri bu gerçəkliyin ifadəsidir. Təkcə onu demək kifayətdir ki, müstəqilliyimizi əldə etdiyimiz dövrdə Azərbaycanda 18 məscid fəaliyyət göstərdiyi halda, hazırda 2 mindən çox məscidimiz var və bu ibadətgahların bir çoxunun bərpası dövlət tərəfindən həyata keçiril­mişdir. Ölkəmizdə istər dağıdılmış dini abidələrin bərpasına, istərsə də yeni dini ibadətgahların tikilməsinə dövlət tərəfindən maddi dəstək göstərilir.

 

Ulu öndər Heydər Əliyev 1993-cü il 5 sentyabr tarixində Təzəpir məscidində dindarlar qarşısındakı çıxışında da oxşar fikirlər səsləndirərək demişdir: “Biz öz İslam dinimizi qoruyub saxlayaraq, bizim dinimizə, əxlaqımıza, mənəviyyatımıza təcavüzlərin qarşısını alaraq, heç bir başqa millətə, heç bir başqa dinə təcavüz etməyəcəyik. Hər bir millətə mənsub olan insana, hər dinə hörmətlə yanaşmışıq və yanaşacağıq. Bu, Allahın əmridir, bu, bizim Ulu Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bizə tövsiyəsidir. Ona görə də Azərbaycan xalqının bu ağır dövrdə birləşməsi İslam dininin böyük mənəvi dəyərlərinə söykənir və ümidvaram ki, bizim din­darlarımız, bizim din aləmində fəaliyyət göstərən şəxslərimiz, Azərbaycanın bütün vətəndaşları İslamın buyurduğu yolla gedərək Vətəni qorumaq əzmi, qəhrəmanlıq əzmi, vətənpərvərlik əzmi tərbiyə etməlidirlər”.

 

Hazırda bu gerçəklik özünü 44 gün­lük Vətən müharibəsində büruzə verdi. Azərbaycanda bütün dinlərin və mövcud etnik qrupların nümayəndələri Vətəni qorumaq üçün birgə addımladılar. Onlar bunu vətənpərvərlik əzmi ilə etdilər. Təbii ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəni əldə etdik.

 

“Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq... İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşa­yan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruş­muşlar, Azərbaycan Bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir”. Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiya­sının VII qurultayındakı yekun nitqində bildirmişdir.

 

Müstəqil Azərbaycan təkcə müsəlman irsinə deyil, xristian-Alban məbədlərinə də hər zaman sahib çıxır. Dövlətimiz Vətən müharibəsində işğal­dan azad olunmuş dini abidələrimizi bərpa edəcək. Dağıdılmış, məhv edilmiş, təhqirlərə məruz qalmış məscidlərimiz, “qriqorian kilsəsi” kimi təqdim olunan Alban məbədlərimizin hər biri yenidən əvvəlki vəziyyətinə qaytarılacaq.

 

Dövlətimizin başçısının 15 mart 2021-ci il tarixdə Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Tuğda Alban məbədində olduqları zaman bu fikirləri söylədi: “Bunlar növbəti erməni saxta­karlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur.

 

Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alın­mayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq”.

 

Həmçinin Prezident İlham Əliyev 15 mart Füzuli və Xocavənd rayonlarında səfərdə olarkən Hünərli kəndindəki Al­ban məbədi ilə tanışlıq zamanı da qeyd edib: “Bura qədim Alban məbədidir, Al­ban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyar­dılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılar­dır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – Alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Son­ra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar”.

 

Nəticə olaraq qeyd etmək mümkün­dür ki, Azərbaycanda tarixən forma­laşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan nümunəvi modellərdən biri­dir və müasir Azərbaycanda bu modelin inkişaf etdirilməsində Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Hazırda da bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir.

 

Aqil ŞIRINOV, Azərbaycan İlahiyyat İnstitutunun rektoru

Xəbər lenti