Logo

BDU professorunun 85 illik yubileyi qeyd olundu - FOTO

27.04.2024 14:20 192 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayevin anadan olmasının 85 illiyi və elmi fəaliyyətinin 65 illiyi ilə bağlı tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən fakültənin dekanı Bəxtiyar Paşayev professor Sərhəddin Abdullayevin səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Qeyd edilib ki, fizikanın ali və orta məktəblərdə tədrisinin təşkilində, yüksəkixtisaslı kadrların hazırlanmasında professor S.Abdullayevin mühüm xidmətləri olub. S.Abdullayev 1963-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib, bir il Quba rayonunda məktəbdə fizika müəllimi işləyib. O, 1964-cü ildə görkəmli alim, Azərbaycanda nəzəri fizika məktəbinin yaradıcısı, professor Abdulla Muxtarovun dəvəti və dəstəyi ilə Bakı Dövlət Universitetində nəzəri fizika ixtisası üzrə aspiranturaya qəbul olunub. S.Abdullayev 1967-ci ildən Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb, 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1996-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. O, 1997-ci ildə professor elmi adına layiq görülüb. Alimin rəhbərliyi ilə 6 nəfər fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. S.Abdullayev 500-ə qədər elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 27 dərsliyin, 65 dərs vəsaitinin, 26 metodik vəsaitin və 12 tədris proqramının müəllifidir. O, pedaqoji fəaliyyətini uğurla davam etdirir. Alimin elmi, pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, “Qabaqcıl təhsil işçisi” döş nişanına, “Qızıl qələm” mükafatına layiq görülüb. S.Abdullayev 2019-cu ildə Rusiyanın Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" medalı ilə təltif olunub.

Tədbirdə BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri professor Mais Süleymanov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Fizika problemləri ETİ-nin direktoru professor Sədiyar Rəhimov, Biofizika şöbəsinin müdiri Namiq Əhmədov, aparıcı elmi işçi Gülşən Ağayeva, tanınmış təhsil işçisi Elbrus Əbdülkərimov, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Beybala Ələsgərov professor S.Abdullayevin elmə dəyərli töhfələr verdiyini vurğulayıblar.

Sonra alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbər lenti