Logo

Azərbaycanlı alim Polşada yayımlanan “Tarix dayanacağı” verilişində ekspert qismində çıxış edib

15.06.2021 14:21 241 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov Polşada yayımlanan “Tarix dayanacağı” verilişinin qonağı olub.

 

Bu barədə AMEA-dan Tehsil.biz-ə bildirilib. Veriliş Qafqazda və ilk növbədə, Azərbaycanda yaşayan polyaklara, onların ölkəmizə gəlməsi, məskunlaşması və hazırdakı durumlarına həsr olunub. Ekspert qismində verilişə dəvət edilən Samir Səttarov polyakların Azərbaycana miqrasiyası, onların ölkəmizin multikultural mühitində tutduğu yer barədə geniş məlumat verib.

 

Samir Səttarov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə rəhbərliyinin davam etdirdiyi milli azlıqlara dəstək siyasətinin nəticəsi olaraq Azərbaycanda yaşayan polyakların öz milli kimliklərini indiyədək qoruyub saxladıqlarını vurğulayıb. Verilişdə Azərbaycan polyaklarının indiyədək katolik kilsəsində ibadət etmələri, Polşanın milli və dini bayramlarını qeyd etmələri və milli adət-ənənələrini qoruyub saxladıqları barədə mühüm faktlar təqdim olunub.

 

Bundan başqa, Bakı Slavyan Universitetində polyak dilinin öyrənilməsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə polyak ədəbiyyatının tədqiq edilməsi barədə məlumat verilib.

 

Samir Səttarov müasir Azərbaycan ədəbiyyatında polyak obrazından söz açaraq, polyakların ədəbiyyatımızda yüksək mədəniyyətli, vətənpərvər, şərəfli, ölkəsinin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan insanlar kimi təsvir edilmələri barədə danışıb, Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” və Balaş Azəroğlunun “Polyak qızı Səlmi” əsərlərindən sitatlar gətirib.

 

Çıxışın sonunda Samir Səttarov polyakların ölkəmiz üçün verdikləri töhfələrin xalqımız tərəfindən unudulmadığını vurğulayaraq bundan sonrakı ədəbi-mədəni əlaqələrin davamlılığına ümidvar olduğunu bildirib.

Xəbər lenti