Logo

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib - FOTO

23.04.2024 18:03 283 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan məlumat verilib.

Bildirilib ki, konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə reallaşıb.

Konfransın təşkili informasiya texnologiyaları və onların müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması məqsədi daşıyıb. Konfrans elmi istiqamətlərinə tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər), süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri, təhsildə informasiya texnologiyalarının tətbiqi kimi elmi istiqamətləri əhatə edib.

Beynəlxalq konfransda çıxış edən AzMiU-nun rektoru professor Gülçöhrə Məmmədova elm və texnikanın sürətli inkişafı nəticəsində İT texnologiyalarının, elmi və praktiki innovasiyaların həyatımıza sürətlə inteqrasiya olunduğunu vurğulayıb. Son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir çox nailiyyətlərin qazanıldığını nəzərə çatdıran rektor belə bir konfransın keçirilməsini elm aləmi üçün mühüm hadisə hesab edib.

Konfransa təqdim olunan materialların Almaniyanın nüfuzlu elmi bazası olan “Springer” elmi bazasında nəşrinin nəzərə tutulduğunu bildirən rektor digərlərinin isə universitetin vəsaiti hesabına nəşr olunacağını deyib. Çıxışının yekununda geniş coğrafiyanı əhatə edən və dünya şöhrətli alimləri bir araya gətirən konfransın işinə uğurlar arzulayıb.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransda AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatov çıxış ediblər.

Konfransın plenar iclasında AMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri akademik Telman Əliyev, ABŞ-ın Ueyn Dövlət Universitetinin professoru Boris Morduxoviç və Avstraliyanın Federasiya Universitetinin alimi Adil Bağırovun məruzələri dinlənilib.

Bölmə iclasları isə “İntellektual sistemlərdə informasiya texnologiyaları”, "Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları", "Modelləşdirmədə informasiya texnologiyaları", “Qərarların qəbulunda informasiya texnologiyaları” mövzularına həsr olunub.

Qeyd edək ki, iki gün davam edən və 26 ölkədən (ABŞ, Avstraliya, Estoniya, Türkiyə, Ukrayna, İspaniya, Qazaxıstan, Özbəkistandan və s.) nüfuzlu alimlərin qatıldığı konfransda ümumilikdə 150 məqalə yer alıb. Konfransın nəticəsi olaraq sözügedən ölkələr arasında mövcud elmi əlaqələrin inkişaf etdirilməsi, aktual mövzulara həsr olunan bu qəbil konfransların təşkili, birgə elmi tədqiqatların aparılması kimi məsələlər gündəmə gətirilib.

Xəbər lenti