Logo

Millət vəkili: “Mənim sevgi şeirlərimdə bircə kəlmə də nifrət tapa bilməzsən”

28.05.2022 23:31 428 baxış
IMG

Şair, tərcüməçi, millət vəkili Musa Urudun bu yaxınlarda 60 yaşı tamam oldu. Musa müəllimin, son dönəm iki şeir kitabı çap olunub. Onlardan biri “Alma ağacı”, digəri isə “Payız küləyi”dir.

Bu günlərdə Kaspi qəzetinin əməkdaşı şairlə görüşüb yubiley ilinin təəssüratları ilə yanaşı, yeni poetik əsərləri, kitabları xüsusunda söhbətləşib:

- Şeirlərinizin birində deyirsiniz ki, ürəyim arzular qəbiristanıdır, ondan da dirilik umuram hələ. Çatmadığınız arzular sizə çox şeirlər yazdırıb. Sizcə, çatdığınız arzulara görə hansı yazmadığınız “əsərlərinizi” qurban veribsiniz?

- Şairin yaradıcılığı müxtəlif mərhələlərdən keçir və bu yaradıcılıqda həmişə əlçatan arzular, elə bil sənin ayağının altındakı pillələrdir. Əl çatmayan arzular isə əlin çatmayan budaqlardır. Ən gözəl və ən dadlı meyvələr əlimiz çatmayan budaqlarda yetişir. Əlbəttə, “ürəyim arzular qəbiristanıdır” - bəlkə də, hər bir insanın deyə biləcəyi bir sözdür. Düşünmürəm ki, dünyada bütün arzularına çatan insan olsun. İnsan bütün arzularına çatırsa, artıq yaşamaq da mənasız olur. Əslində arzular insanın həyatı üçün bir motivasiya rolunu oynayır. İnsan o arzulara çatmaq üçün özünə yollar axtarır, özünü təkmilləşdirir, zəhmət, əziyyət çəkir. Amma, hər halda, belə düşünürəm ki, bizim bütün ömrü boyu çatmadığımız arzular çatdığımız arzulardan daha çox olub. Ən qəribəsi də budur ki, biz arzuya çatandan sonra elə bil onu unuduruq. Neçə il ona doğru yol gəldiyimizi, həsrət çəkdiyimizi, onun uğrunda mübarizə apardığımızı da yaddan çıxarırıq. İnsanın uşaqlıqdan böyüyüb ahıl yaşa çatana qədər hər yaşın öz tələbi və öz arzuları olur.

- Əslində, ömrü mərhələlərə o cür arzular bölmürmü?

- Bəli, əgər biz uşaq vaxtı daha tez böyüməyi arzulayırdıqsa, müəyyən yaşa çatdıqdan sonra əksinə, gənc olmağı və hətta uşaqlığı arzulayırıq. Uşaq vaxtı qarşımıza nə məqsədlər qoyuruq? Orta məktəbi bitirmək, universitetə daxil olmaq, hərbi xidmətimizi başa vurmaq, istədiyimiz peşənin dalınca getmək, ailə həyatı qurmaq, müəyyən işdə çalışmaq və o dövrdə bəzən o arzular da bizə əlçatmaz görünür. Amma gəlib o mərhələləri keçəndən sonra heç o arzular barədə düşünmürsən. Bəzi vaxtlarda, müəyyən illərdə bu həsrətlə yaşadığın yadına da düşmür. Uzun müddət övlad həsrəti ilə yaşayan ailələr övladı dünyaya gələndən sonra o arzunu unudurlar, o həsrəti yaddan çıxardırlar. Biz yaradıcı adamlarıq, ilk kitabımızın çıxmasını nə qədər arzulamışıq. Son kitabım “Payız küləyi” adlanır. 60 yaş ömrün payız dövrüdür. Payız məhsulun yığılan vaxtıdır. Kitab çıxana qədər nə qədər həvəsliydimsə, kitab çıxandan bir həftə sonra tamamilə adiləşdi. Bu mənada arzu da insan üçün müəyyən mərhələyə qədər maraqlıdır, ondan sonra sənin gündəlik həyat tərzinə çevrilən bir şeydir. Görünür, bu, insanın xarakteridir. İnsanın beyni elə qurulub ki, həmişə ona vacib olan anları özündə saxlayır, qalanlarını da unudur. Və yaxşı ki, unudur, yoxsa insan bütün ömrü boyu eşitdiyi informasiyaları yadında saxlasa, bircə ayın içində dəli olar.

- Musa müəllim, şeirlərinizdə özünü günahlandırmalar çoxdur. Məsələn, yazırsınız ki, – “Görmədim yanımdan keçən təzə-tər sevgiləri” – və s. bu cür nümunələri çoxalda da bilərik. Bilmək istəyirəm ki, şairin günahlarını bu qədər barizləşdirmək onun şeirlərinə hansı səmimiyyət gücünü qatır və yaxud artırır?

- Ümumiyyətlə, şeirlərimi oxuyanlar, təhlil edənlər dəfələrlə mənə deyiblər ki, şeirlərində çox güclü səmimiyyət var. Kim nə deyir desin, hər bir şair səksən faiz, bəlkə də, daha çox özünü yazır. Hesab edirəm ki, siyasətdə də, həyatda da, yaradıcılıqda da səmimiyyət öndə olmalıdır. Bəzən deyirlər, siyasət səmimiyyəti sevmir. Amma böyük siyasət ustası, Ümummilli lider Heydər Əliyev deyirdi ki, səmimiyyət elə ən birinci siyasətdə lazımdır. Dostla dostsan, düşmənlə düşmənsən, neytrala da neytralsan. Özünü günahlandırmaq deyirsən, hesab edirəm ki, özünü yox, başqasını günahlandırmaq daxili zəifliyin əlamətidir. Necə olur ki, uğuru özümüz əldə edirik, uğursuzluğu başqalarında görürük? Digər tərəfdən, mənim sevgi şeirlərimdə bircə kəlmə də nifrət tapa bilməzsən.

- Amma bəzi şairlərdə əksinədir, deyilmi?

- Doğrudur, şairlər var, sevgidən yazır, amma içi nifrətlə doludur. Sevgidə necə nifrət ola bilər ki? Özümü günahlandırmaq, ola bilsin mənim tərəzi bürcündən olmağımla bağlıdır. Tərəzi bürcü, tərəzinin öz xarakteri ilə bağlı məsələdir ki, düz də çəkən, az da aparan, çox da aparan tərəzini günahlandırır. Amma çəkənin günahını heç kim o qədər də görmür.

- Kitabınızda “Sandıqda qalmış şeirlər” bölməsi var ki, o şeirlər heç yerdə çap olunmayıb. Onları bu günəcən hansı səbəbə görə çap etdirməyibsiniz?

- Məndə arxiv saxlamaq prinsipi yoxdur. Bəlkə də, çap olunan qədər dağılan şeirlərim var. Gözəl şeirlərim olub, təyyarədə salfet kağızına yazmışam, atmışam gedib. Gözəl şeirlərim olub, dosta ithaf etmişəm, yazıb vermişəm, özümdə saxlamamışam. Mənim yaradıcılığımın ən fəal dövrü Gəncədə yaşadığım vaxtlara aiddir. Təxminən 84-90-cı illərə. Bir dəftər şeirimizi dostumuz Aqil Abbasa verdim. Aqil Abbas uzun illərdir məndən aldığı şeirləri geri qaytarmayıb. O şeirlərin müəyyən hissəsi çap olunmuşdu, amma çox hissəsi işıq üzü görməmişdi. Amma çox gözəl şeirlər idi. Bir dəfə Aqil Abbas məni muştuluqladı ki, dəftəri tapmışam, içində sənin gənclik illərinin şəkli də var. Amma axtardıq, yenə tapmadıq. Hələ də ümidim var ki, o dəftər haçansa tapılacaq.

- Son kitabınıza əvvəlki kitabdan da şeirlər daxil edibsiniz. Hər yaşın həm də öz zövqü olur. 60 yaşlı Musa Urud üçün yenidən öz şeirlərini saf-çürük edərkən seçim prinsipi necə baş verir? Yəni şeirlərinin hansılarnı daha vacib hesab edir?

- Bu kitabda mənim bir bölüm şeirlərim arxivdə unudulan, sandıqda qalan yazılardı. Kitabı hazırlayanda arxivimə göz gəzdirdim, gördüm ki, xeyli şeirlərim heç yerdə çap olunmayıb. Baxmayaraq ki, o şeirlər 15-20 il bundan öncə yazılıb, amma hamısı bu günlə səsləşə bilən şeirlərdir. Düz deyirsən, hər yaşın öz zövqü var. Hər yaşın da öz sevgisi, şeiri var. Məsələn, 20-30 yaşında sevgidən danışdığımız kimi, 60 yaşında danışa bilmirik. Danışsaq da, təbii görünə bilmirik. Eyni zamanda, 50-60 yaşında həyatdan, dünyadan, ölümdən danışanda daha çox təbiiyik, nəinki 20-30 yaşındakı şeirlərimizdə ölümdən, həyatın gedişatından danışaq. 20-30 yaşında hardansa kitablardan gəlmiş, əzbərlənmiş, öyrənilmiş bir tablo yarada bilirik. Amma 60 yaşında keçilmiş o yola dönüb bir dəfə baxmaqla payızın rəngini, yayın istisini, ədaləti, həqiqəti, yalanı da hiss edə bilirsən. Bu mənada hər yaşın öz şeiri daha uğurlu olur. Son illərdə yazdığım və ən çox bəyəndiyim şeirlərimdən biri - “Ölüm mələyinə məktub”dur. Bəlkə də, mən 30-40 yaş arası o şeiri bu qədər uğurlu yaza bilməzdim. Amma hesab edirəm ki, insan bütün yaşlarında yaşamaq istəyir. Ölüm mələyinə məktubda deyirsən ki, payızda gəlmə, yayda gəlmə, hər birini də əsaslandırırsan, lakin bu əsaslanma deyil, suda batanın saman çöpündən yapışması kimi bəhanədir. Həyat da onu göstərir ki, ölüm hər bir yaş üçün tezdir. Amma biz 30, hətta 40 yaşında belə düşünürdük ki, Lermontov, Puşkin, Müşfiq 40 yaşa kimi yaşamadı və biz də heç yaşamayaq. Hətta o fikrə əsaslanıb dünya ədəbiyyatında nə qədər intihar edən şairlər olub.

- “Ömür quş kölgəsitək keçib getdi üstümdən”, “Ömürsə üzüb gedir çay daşlarının arasından üzüb gedən balıq kimi…” yazırsınız. Musa müəllim, 60 yaşınızın tamamında ömrün tez getdiyini deyirsiniz. Amma ömrün həm də sizə toxunmadığını yazırsınız. “Ömrün toxunmadığı” deyərkən nəyi nəzərdə tutursunuz? Fikrinizi misra kimi deyil, şərh kimi versəniz necə açardınız?

- Ömür qış kölgəsitək keçib getdi üstümdən, Səssiz, səmirsiz, saralmış otlar qədər izim qalmadı yurdumda. Bilirsən, qaçqınlıq, məcburi köçkünlük çox ağır bir hissdir, onu yaşamayan adama, mahnı oxumaqla, şəkil çəkməklə, şeir yazmaqla, hekayə danışmaqla anlatmaq çox çətindir. Gərək insan öz içində yaşasın. Elə oldu ki, 27 yaşımda olarkən Zəngəzuru, Urud kəndini itirdik. Mənim də yaradıcılığımda hər şey Zəngəzurla bağlıdır. Şeirlərimin hamısında bir həsrət, bir ağrı, bir Urud dərdi, Zəngəzur dərdi var. Şeirlərimdə Urud, əslində, bizim itirilmiş torpaqların obrazlaşmış bir simvoludur. Rəhmətlik Məmməd Araz mənə “Uğurlu yol” yazarkən bizim kəndimiz haqqında belə bir cümlə işlətmişdi: “İndi o kənd Musa Urudun şeirlərində yaşayır”. Ömür quş kölgəsitək onda səssiz-səmirsiz uçub gedir ki, sən öz düşüncə və arzularını özündən asılı olmayan səbəblərdən həyata keçirə bilmirsən. Bir də görürsən ki, ömür keçib qurtarıb. Tam səmimi deyirəm, əgər Qarabağ hadisələri olmasaydı, torpaqlarımız işğal altına düşməsəydi, bizim Qərbi Azərbaycandakı torpaqlarımız itirilməsəydi, məcburi köçkün, qaçqın dalğası yaranmasaydı, bəlkə də, siyasətə gəlməyəcəkdim. Bir həkim kimi fəaliyyətimi davam etdirəcək, yaradıcı insan kimi şeirlərimi yazacaqdım. Amma quş kölgəsitək ona görə ötüb keçdi ki, bizim arzuladığımız ömrü yaşaya bilmədik. Biz məcburən başqa bir ömür yaşayası olduq. Yəni, zaman bizim yaşımızı dəyişdiyi kimi, həyatımızı da dəyişdi. Bu mənada səssiz-səmirsiz keçib getdi ki, başın o qədər qayğılara qarışdı ki… Sandıqda qalan bir şeirim var:

Torpaq can təşnəsi – udur, doymayır
Yaxşıya, yamana hüdud qoymayır
Raketlər göylərdə top-top oynayır,
Mən isə qafiyə bərəsindəyəm.

Yəni bu mənada arzular sənin düşündüyün axarla getmir, getməyəndə də reallaşmır, bir də gözünü açırsan ki, ömür ötüb. Bəlkə də, bunun bir tərəfi yaxşıdır. Bir var quş kölgəsitək keçib gedə başının üstündən, bir də var ki, mühərriki xarab olmuş vertolyot kimi yanında fırlana və səni də rahatsız edə. Sualında “Çay daşları” ilə bağlı məqamı da yaxşı tapıbsan. Mən Bazarçayının qırağında böyümüşəm. Uşaq vaxtı da, gənclik illərimdə də tilovla balıq tutmağı çox xoşlayardım. Bazarçayın suyu o qədər duru idi ki, xırda çay balıqlarının xırda çay daşlarının arasından necə üzüb getdiyinin şahidi olurduq. Bəlkə də, o müşahidə oradan irəli gəlib. Bir də görürsən ki, ömür elə keçib gedir, o çay daşlarının arasından heç nə hiss edə bilmirsən.

- “Coğrafiya dərsi” şerinizin girişində bir yer var ki, dünyanı sanki iki qəzet səhifəsitək dərk edən insanın və aləmin başıaşağı asıldığını düşünən insan sonradan dünyanın həm də sərt üzünü görür və o xəritə onun yaddaşında tamamilə açılmış olur. Dünyanı sonradan anlamaq Musa Urud üçün nə deməkdir? Bu şeirin timsalında daha nələri əvvəl başqa cür görürdünüz, sonra sizin üçün fərqli mənalandı?

- Bir şeirim var:

Dünya köhnə komadır,
Ay dədə, kim kimədir.
Üzün ki, ölümədir,
Doğulmaq üçün deyil.

Doğrudan da, biz dünyanı hər yaşda bir cür görürük. Amma bizim görməyimizdən, baxış bucağımızdan asılı olmayaraq, dünya tez-tez dəyişir. Xüsusilə, mənim həyatım boyu. Bəlkə də, insanlar min illərlə yaşayıblar və iki əsrin, iki minilliyinin qovşağını görməyiblər. Amma biz onları gördük. İkinci minillikdən üçüncü minilliyə keçdik. 20-ci yüzillikdən 21-ci yüzilliyə keçdik. Bu həyatda nələr görmədik? Bizim babalarımız, nənələrimiz deyirdilər ki, ay bala, siz çörək qıtlığı, müharibə görməyibsiniz. Biz hamısını gördük. İmperiyaların dağılmasını gördük. İşğal gördük, qaçqın, məcburi köçkün gördük. Şükürlər olsun ki, müstəqil dövlətimizi gördük. O şeir yazılan vaxt mən tələbə idim. 20-22 yaşındakı tələbə o cür təsvir edirdisə, dünya da özü dəyişdikcə bizi də bu cür dəyişibsə, bizdən asılı olan bir şey deyil. Amma ən doğrusu, dünyanı düzgün dərk etməkdi. Əlbəttə, o dövrdə bəlkə də, biz öz fantaziyalarımızla dünyanı dərk etməyə çalışırdıq.

- “Alma ağacı” adlı kitabınızda çoxlu düşündürücü poetik tapıntılar var. Bu şeirlər daha çox fikri poeziyadır, bu məqamı alaraq kitabı bir neçə dilə tərcümə etdiribsiniz, yoxsa...

- Birinci növbədə, o kitabın yazılması haqda danışım. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası deyilən bir qurum var. Orda on üç dövlət təmsil olunur. Qardaş Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə yaranmış bir təşkilatdır. 2006-cı ildən Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvü kimi təşkilatda fəaliyyət göstərirəm. Birinci növbədə, bizim ənənəvi şeirlər tərcümədə çox itirir. Çünki bizim şeirin intonasiyası, vəzni, qoşma, qafiyə – bunlar istənilən dildə tərcümədə itir. İkinci tərəfdən, tutaq ki, şeir birbaşa Azərbaycan dilindən ingilis və ya rus dilinə tərcümə olunur. O biri dillərə isə ya ingilis, ya da rus dili üzərindən olur. Deməli, onda tamam itəcək. Amma fikir heç vaxt itmir. Şeirin də məğzində fikir dayanır. İstənilən şeirin əsas qayəsi fikirdir. Həm tərcüməsi asan olmaq baxımından, həm də itirilməməsi baxımından o şeirləri seçdim. Həm də qoy müxtəlif ölkələrin parlamentariləri oxuyanda düşüncələrimizi dərk edə bilsinlər.

- Vladimir Vısotski, Xose Martin, Federiko Qarsiya Lorka və Marina Svetayeva və başqa şairlərdən tərcümələrinizi də müəllifi olduğunuz kitaba daxil edibsiniz. Onlar tamamilə fərqli-fərqli şairlərdir. Sizin onlara müraciətinizin və ümumi yaradıcılıq səciyyənizin qayəsi nədir ki, bu əsərləri çevirdiniz?

- Gənclik həyatım 80-ci illərə təsadüf edib. Vısotski gəncliyimizin kumiri idi. Mahnılarının səsi bütün ölkəni götürmüşdü. Şeirlərini özü yazır, özü də gitara ilə oxuyurdu. Həm də o dövrün neqativlərini böyük cəsarətlə üzə çıxarırdı. Bizim hər birimizin içərisində azadlıq arzusu həmişə olub. O azadlıq arzusuna, elə bil Vısotskinin səsi də qatılmışdı. O vaxt Gəncədə yaşayırdım və tərcüməyə də onda başladım. Vısotskini tərcümə etmək üçün onun ruhunda yaşamalısan. Ümumiyyətlə, tərcüməçi tərcümə etdiyi şairin ruhunu yaşamalıdır. Sətirik tərcümə ilə poetik tərcümə tamam fərqlidir. Ondan sonra altı ay gecə-gündüz Vısotskinin disklərinə qulaq asdım. Artıq sovet hökumətinin sonlarına doğru idi. Onun haqqında nə qədər məqalələr yazılmışdısa, kitabxanalardan tapıb oxudum. Şeirlərini, “Dörd çərək yol” kitabını mütaliə etdim. Altı aydan sonra içimə bir Vısotskilik çökdü, bir o qaldı ki, gitaranı əlimə alıb xırıltılı səslə Azərbaycan dilində oxumağa başlayım.

- Lorkadan tərcümələr necə ərsəyə gəldi?

- Nizami Aydın mənim dostum idi. Birinci Qarabağ müharibəsində tankın içində yanmışdı. Nizami Lorkanı çox sevirdi. Biz gənclik illərində hamımız Lorkanı sevirdik. Amma rus dilində oxuyurduq. Nizami Aydın dedi ki, ispan dilini öyrənəcəyəm və Lorkanın şeirlərini tərcümə edəcəyəm. O vaxt dil öyrənmək çox çətin idi. Özü də Gəncədə. Moskva televiziyası həftədə bir dəfə yarım saat ispan dili dərsi verirdi. Ona baxırdı və bir də bir sözlük tapmışdı, onu oxuyurdu. Sonra ispancadan bir-iki şeiri tərcümə etməyə cəhd etmişdi. Nizami 92-ci ildə həlak oldu. Və mən də bir vəfa borcu kimi hesab etdim ki, dostumun bu arzusunu yerinə yetirim. Amma bu tərcümələr içərisində ən çox ruhuma yatan Marina Svetayevadan etdiklərimdir. Svetayeva böyük bir tale şairidir, bəlkə də dünyanın ən talesiz insanlarından biridir. Mən deyərdim, təkcə rus ədəbiyyatı üçün yox, bəlkə də dünya qadın ədəbiyyatı üçün əlçatmaz bir zirvədir. Bəlkə də mənim ilk ixtisasımın psixo-nevroloq olması onu dərindən dərk etməyimə gətirib çıxardı. Gördüm ki, onun müəyyən şeirləri var ki, tərcümə etmək olar.

Xəbər lenti