Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin rus dili və ədəbiyyatı ixtisası üzrə 4-cü kurs tələbəsi Esmiralda Babayeva Çexiyanın Karlov Universitetinin təşkil etdiyi çex dili kurslarına qatılıb. Bir semestrdən ibarət kursu müvəffəqiyyətlə başa çatdıran tələbə ilə müsahibəni təqdim edirik.
- Salam Esmiralda xanım, zəhmət olmasa bu fürsəti necə əldə etdiyinizdən bəhs edin.
- Bu fürsəti mənə təqdim edən Bakı Dövlət Universitetinə və Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Kurs haqqında mənə məlumat veriləndə çox sevindim. Çex dilinə olan böyük marağıma görə tərəddüt etmədən dərhal kursa qatılmağı qəbul etdim.
- Çex dilinə maraq haradan yaranıb sizdə?
- Mən səyahəti çox sevirəm və istəyirəm ki, gələcəkdə bir çox dilləri öyrənim. Çex filologiyası və Çexiya haqqında çox maraqlanırdım. Xüsusilə çex dili rus dilinə yaxın dil olduğu üçün mənə həmişə maraqlı gəlirdi.
- Kurs haqqında məlumat verərdiniz, neçə müddətlik idi, necə keçirilirdi.
- Dərslər sentyabrda başladı və “Zoom” platforması üzərindən ingilis dilində, gündə 3 saat olmaqla həftədə 4 gün keçirilirdi.
- Qrupunuz neçə nəfərdən ibarət idi və sizdən başqa azərbaycanlı tələbələr var idi?
- Tək azərbaycanlı mən idim. Qrupumuzda Rusiyadan olan tələbələr üstünlük təşkil edirdi. Onlar Çexiyada universitetlərə qəbul olmaq üçün bu kurslarda iştirak edirdilər. Mənə dedilər ki, Rusiyanın özündə çox adam çex dilini öyrənir. Azərbaycanda da bu dilə maraq artıb, ancaq bizdə daha çox tərcüməçi kimi işləyənlər öyrənirlər.
- Çex dili biliyinizi gələcəkdə necə istifadə etməyi düşünürsünüz?
- Mən öz ölkəmi çox sevdiyim üçün biliyimdən ancaq burda istifadə etməyi düşünürəm. Təhsilimi çex filologiyası istiqamətində davam etdirmək istəyirəm və özümə məqsəd qoymuşam ki, bu istiqamətdə biliyimi daha da artırım. Hər gün yeni sözlər öyrənirəm. BDU-da çex dili ixtisası açılsa, ixtisas üzrə müəllim kimi fəaliyyət göstərmək arzumdur. Universitetlərdə olmasa belə, kurslarda və ya fərdi qaydada fəaliyyət göstərməyi planlaşdırıram.
- Sizcə çex dili universitetlərdə nə üçün tədris olunmalıdır?
- Avropada çex dili çox işlənən dildir. Əsasən Almaniyada bu dili çox insan istifadə edir.
- İştirak etdiyiniz kursun müəllimləri sizi qane edirdimi?
- Müəllimlər çox savadlı və mehriban idilər. Onların tələbələrə yanaşması və dərs metodikası mənim çex dili üzrə yazma, oxuma və anlama bacarıqlarımın inkişafına təkan verdi. Biz tək dərs haqqında danışmırdıq, onlar həmçinin öz milli adət-ənənələri barədə bizimlə söhbətlər aparırdılar.
- Sizə kurs ərzində maraqlı gələn nə oldu və bizim hansı adətlərimizdən onlara bəhs etdiniz?
- Əsasən mətbəxlərini və təbiətə qarşı olan sevgilərini bəyəndim. Ölkələrini və təbiətlərini hədsiz dərəcədə çox sevirlər. Dərslərdən sonra qrupda çex dilində yazışırdıq. Hamı burada öz ölkəsi haqqında paylaşımlar edirdi. Mən də Azərbaycan mətbəxi və mədəniyyəti barədə məlumat verirdim. Klassik musiqi nümunələrimizi, Fikrət Əmirovun musiqilərini, Oqtay Ağayevin ifalarını onlara dinlədirdim. Mən bizim haqqımızda məlumatlar paylaşdıqca Azərbaycana gəlmək istədiklərini deyirdilər.
Sizcə BDU ilə Karlov Universitetinin oxşar və fərqli cəhətləri nələrdir?
- Mən Bakı Dövlət Universitetini, fakültəmi, müəllimlərimi çox sevirəm. Karlov universitetinin müəllimləri də qeyd etdiyim kimi, olduqca mehriban və peşəkardırlar. Hər iki universitetin tədris metodikası fərqlidir. Bakı Dövlət Universiteti isə mənim 4 illik təhsil həyatımı zənginləşdirən ölkəmizin ən qocaman təhsil ocağıdır, təhsil dövründə çox elmi biliklər əldə etmişəm
- Müsahibə üçün təşəkkür edirik.
- Bir daha doğma universitetimə, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə bu fürsəti mənə yaratdığı üçün təşəkkür edirəm. Biliyimi inkişaf etdirərək insanlara faydalı olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.