Yaxşı xatırlayıram, mən uşaq olanda biz ailəlikcə bayram günlərində, şənliklərdə, özəl günlərdə mütləq büyüklərimizi görməyə gedərdik. Hər dəfəsində qonaq getdiyimiz evə də qırmızı, ağ, çəhrayı qərənfil güllərindən ibarət çiçək dəstələri aparardıq. Bu güllər sadəcə neylon kağızlara bükülərdi. Və biz bacı-qardaşlar onu aparmaq üstündə yol boyu dava da edərdik. Tale elə gətirdi ki, Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar qırğını tәk insanların taleyini yox, artıq bu günün əsas simvoluna çevrilmiş qərənfil gülünün dә taleyini dәyişdi. Qonaq evlərinə hədiyyə kimi çiçək dəstələri artıq şəhid məzarlarına, qanlı faciənin qan ləkələrinin üzərinə düzülməyə başladı. Məhz bu tarixdən bәri qərənfil matəm gülü kimi tanındı: Ağı da, çəhrayısı da, qırmızısı da. O məhşum faciənin bütün ah‑naləsi oturdu bu gülün üzərinә. O gülün taleyidə də belə gətirdi... məhz 20 Yanvar günü qərənfil boynunu əydi, o da kədərləndi, matəm gülünə çevrildi… Bu gün qərənfil Azərbaycanın bütün şəhidlərinə ağlayır. İstər 20 Yanvarın günahsız qurbanlarına, istər Xocalıda qətlə yetirilənlərə, istərsə də şəhid düşən vətən övladlarına…
Müharibənin odun - alovunu gözləri ilə görmüş uşaqların dəhşəti qədər də olmasa da, 20 Yanvar hadisələri, atamın Şəhidlər Xiyabanı məzarlarının qazılmasına kömək üçün günlərlə evdə olmaması, şəhidlərin dəfni, Azadlıq meydanına o müdhiş insan seli, yaddaş lentimə birdəfəlik həkk olunan görüntülərdir. Bu tip xatirələri unutmuş hesab edirsən bəzən, amma əslində “üstünü örtmüş” olursan. Ümumiyyətlə, təhtəlşüurda heç bir informasiya unudulmur, sadəcə bir az geri plana atılır və lazım olanda budur, özünü ən parlaq nüansları ilə göstərmiş olur. “20 Yanvar şəhidləri dəfn olunanda insan selindən saatlarla növbə gözləməli olmuşduq. Atam da deyirdi ki - əziz balalarım, siz də bu tarixin canlı şahidləri olunursuz. Baxın, ibrət götürün və heç vaxt yaddıan çıxarmayın!” Həqiqətən də atamın sözlərində böyük və danılmaz həqiqət var idi. Çünki keçmişini unudan xalqın gələcəyi olmaz.
Biz həyət evində yaşayırdıq, bu hadisələrdən sonra bütün qonşular küçəyə baxan pəncələrini bağlatdırdılar. Hardasa ikinci, ya da üçüncü sinifdə oxuyurdum. Bu müsibətlərdən sonra yol boyu uzanan qan izlərini, gözümdə böyüyən düşmən cəlladlarını, şər imperiyanın nəhəng tankların gördükcə məni vahimə basır və uşaq ağlım qorxumu daha da artırırdı. Anamın əlindən möhkəm tutub titrəyə-titrəyə küçələrdən keçməyimizi, evə salamat qayıtdığımız üçün sevindiyimizi xatırlayır, saatlarla çörək növbəsində dayanmağımı... düşünür və düşündükcə məni soyuq tər basır. Bu məqamları o dəhşətli günlərin şahidi olan qızcığaz ilk dəfədir ki, qələmə alır. Amma tamam qürurlu duyğularla - qalib ölkənin məğrur vətəndaşı kimi..
O dövr Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti, tələbələr istər ön cəbhədə, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqları indi də dillər əzbəridir, daim xatırlanır. Hətta universitet müəllimləri gecə növbəli şəkildə elm məbədinin keşiyin belə çəkirdilər. Fizika fakültəsinin məzunu, Qarabağ müharibəsi qazisi xala oğlum - Yaşar - onun hardsasa 2 metrə yaxın boyu var- 20 Yanvarın növbəti günü xəstəxanlara yaralı daşıyaraq üst-başının tamam qan içində bizə gəlməsini də uşaq yaddaşım daima xatırlayır. Yaşımın az olmasına baxmayaraq onunla necə də fəxr edirdim.
Torpağı su ilə qarışdığında palçıq, qanla qarışdığında Vətən olur. 20 Yanvar faciəsi xalqımızı susdurub onun milli azadlıq mücadiləsini əlindən ala bilmədi. Bərabərliyimizi, iradəmizi, azadlıq uğrunda mücadilə əzmimizi qırmağa hesablanmış bu qanlı hadisə, əksinə, milləti daha da sıx birləşdirdi, oyanmış milli şüur və yaddaşımızı daha da aydınlatdı, ruhumuzu Azərbaycançılıq idealları ilə, milli-mənəvi dəyərlərimizə, tariximizə, vətənimizə, bir sözlə, bizim olana sahiblənmək hisslərilə alovlandırdı.
İmperiyanın caniləri "20 Yanvar" faciəsini törətməklə, xalqımızı susdurub, onun milli azadlıq mücadiləsini əlindən ala bilmədi. Bərabərliyimizi, iradəmizi, azadlıq uğrunda mücadilə əzmimizi qırmağa hesablanmış bu qanlı hadisə, əksinə, milləti daha da sıx birləşdirdi, oyanmış milli şüur və yaddaşımızı daha da aydınlatdı, ruhumuzu Azərbaycançılıq idealları ilə, milli-mənəvi dəyərlərimizə, tariximizə, vətənimizə, bir sözlə, bizim olana sahiblənmək hisslərilə alovlandırdı. İndi bu alov azadlığa meydan verən, hürriyyətə sinə açan bu xalqı öz istisinə isidir, ancaq düşməni öz alovuna qarsır, yandırıb külə döndərir...
Günel İsgəndər (Orucəliyeva),
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri